Avropa İttifaqından deportasiya olunmuş miqrantlar üçün Özbəkistanda mərkəzlərin yaradılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.
Musavat.com xəbər verir ki, bu barədə Özbəkistanın Xarici İşlər Nazirliyinin sözçüsü Omonulla Fayziyev "Gazeta"ya bildirib.
Bir müddət əvvəl Amerikanın "Politico" nəşri adı açıqlanmayan üç avropalı diplomata istinadla bir qrup Avropa ölkəsinin Aİ tərəfindən rədd edilmiş miqrantlar üçün mərkəzlərə ev sahibliyi etməyi təklifi ilə 8-10 qeyri-Aİ ölkəsinə müraciət etməyi planlaşdırdığını yazıb.
Nəşrin məlumatına görə, bu ölkələr Niderland, Avstriya, Danimarka, Almaniya və Yunanıstandır. Onlar Aİ xaricində geri qaytarma mərkəzləri yaratmaq üzərində işləyirlər. Bunun müqabilində layihədə iştirak etməyə razı olan ölkələrə inkişaf yardımı və ya viza liberallaşdırılması təklif oluna bilər.
Diplomatlardan biri "Politico"ya bildirib ki, Qazaxıstan və Özbəkistan potensial tərəfdaş kimi nəzərdən keçirilir.
Özbıkistan XİN-in sözçüsü isə bildirib ki, hazırda Avropa İttifaqı qurumları ilə bu məsələ ilə bağlı danışıqlar davam etmir və ya planlaşdırılmır.
İyunun 1-də Qazaxıstan XİN-in sözçüsü Yerlan Jetıbayev də bildirib ki, ölkə viza sadələşdirilməsi müqabilində Avropada sığınacaq almamış miqrantlar üçün xüsusi mərkəzlərin yaradılması barədə Aİ ilə danışıqlar aparmır.
Onun sözlərinə görə, Qazaxıstan hazırda Avropa İttifaqı ilə viza tələblərinin sadələşdirilməsini, eləcə də ölkəni qanunsuz olaraq tərk edən vətəndaşlarını yenidən qəbul etməyi öhdəsinə götürən readmissiya müqaviləsini müzakirə edir.
2025-ci ilin oktyabrında Özbəkistan və Avropa İttifaqı genişləndirilmiş tərəfdaşlıq və əməkdaşlıq sazişi imzalayıblar. O zaman qeyd olunub ki, bu, iki tərəf arasında readmissiya və viza sadələşdirilməsi ilə bağlı danışıqlara qapı açıb.
Dekabr ayında Özbəkistan və Avropa İttifaqı viza sadələşdirilməsi ilə bağlı danışıqlara başlayıblar. Tərəflər iş və təhsil üçün Aİ-yə səyahət edən vətəndaşlar, eləcə də yük maşını sürücüləri və turist qrupları üçün viza prosedurlarının sadələşdirilməsi imkanlarını müzakirə ediblər.
Musavat.com






