Rusiyanın “AvtoVAZ” şirkəti 33 450 ədəd “Lada Granta” avtomobilini yoxlama üçün rəsmi servisə geri çağırır.
Musavat.com xəbər verir ki, genişmiqyaslı servis kampaniyasına 6 iyun – 12 dekabr 2025-ci il tarixləri arasında satılmış, nisbətən yeni avtomobillər düşüb.
Şirkət bildirir ki, “Lada Granta”nın bəzi modifikasiyalarında funksional qovşaqlardan birinin bərkidici elementi zəifləyə bilər.
Təhlükəsizlik riskini istisna etmək üçün həmin detalın yoxlanılması zəruri sayılıb. Qeyd olunan qovşağın hansı olduğu isə açıqlanmır.
Avtomobil sahibləri “AvtoVAZ”dan bildiriş aldıqdan sonra rəsmi diler mərkəzinə müraciət etməlidirlər. Servisdə diaqnostika aparılacaq və ehtiyac yaranarsa, müvafiq qovşaq dəyişdiriləcək.
Şirkət vurğulayır ki, bütün yoxlama və təmir işləri tamamilə ödənişsiz həyata keçiriləcək.
Musavat.com






