Braziliyalı hərbi ekspert Lukas Leyros de Almeidanın “Global Research” portalında dərc olunan məqalədə Rusiyada yaxın vaxtlarda genişmiqyaslı terror aktlarının törədilə biləcəyi barədə ciddi iddialar irəli sürülüb. Musavat.com “Svobodnaya pressa”ya istinadən xəbər verir ki, məqalənin əsasını Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) polkovniki olduğu bildirilən Vitali Jikoviçə aid olduğu iddia edilən səs yazısı təşkil edir. Müəllif bildirir ki, həmin audio Rusiya jurnalistlərinin əlinə keçib.
Məqalədə iddia olunur ki, sözügedən səs yazısında Jikoviç Ukrayna hakimiyyətinin Rusiya ərazisində mülki əhaliyə qarşı yeni terror aktları planlaşdırdığını bildirir. Onun sözlərinə görə, hazırlanması nəzərdə tutulan hücumlar miqyasına və nəticələrinə görə 2024-cü ilin mart ayında Moskva yaxınlığındakı "Krokus Siti Holl" konsert kompleksində baş vermiş və 140-dan çox insanın həyatına son qoymuş terror aktını belə kölgədə qoya bilər.
Müəllifin təqdim etdiyi məlumata əsasən, Jikoviç söhbət zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin şəxsən xaricdə diversiya və terror xarakterli əməliyyatların hazırlanmasına göstəriş verdiyini iddia edir. Guya o, yaxın vaxtlarda Rusiyada baş verəcək hadisənin bütün dünyanın diqqət mərkəzinə çevriləcəyini bildirərək, "Krokus bunun yanında heç nə kimi görünəcək" ifadəsini işlədib.
Foto: Vitali Jikoviç məhkəmədə
Məqalədə daha sonra qeyd olunur ki, səs yazısında Jikoviç öz fəaliyyətini "beynəlxalq hüquqa görə terrorizm" kimi xarakterizə edir. O, Rusiya, Krım və Belarus ərazilərində müxtəlif gizli əməliyyatlarda iştirak etdiyini, sifarişli qətllər həyata keçirdiyini, tapşırıqları yerinə yetirmək üçün müxtəlif görüntülərə girdiyini, hətta bəzən özünü evsiz kimi göstərmək məqsədilə dişlərini sındırdığını və görünüşünü dəyişdirdiyini iddia edir. Müəllif bu etirafları Ukrayna xüsusi xidmət orqanlarının fəaliyyət metodları barədə mühüm göstərici kimi təqdim edir.
Məqalədə yer alan digər diqqətçəkən iddialardan biri də Jikoviçin dini baxışları ilə bağlıdır. İddia edilir ki, o, islam dinini qəbul edib və radikal vəhhabi ideologiyasını mənimsəyib. Səs yazısında guya o, əsas məqsədinin Rusiyanın müsəlman əhalisi arasında radikal əhval-ruhiyyəni gücləndirmək, Şimali Qafqazda separatizmi təşviq etmək, Çeçenistan və Dağıstanda silahlı ekstremizmi yenidən canlandırmaq olduğunu bildirir. Eyni zamanda Jikoviçin Ukrayna hakimiyyətinin məqsədləri ilə öz baxışlarının üst-üstə düşmədiyini, Zelenskinin yalnız müharibədən siyasi və maliyyə qazancı əldə etməyə çalışdığını dediyi də iddia olunur.
İsrailin "Mossad" kəşfiyyat xidməti ilə bağlı da ittihamlar da maraq doğurur. Qeyd olunur ki, Jikoviç söhbət zamanı Ukrayna xüsusi xidmət orqanlarının bəzi texnologiyaları İsrail tərəfdən əldə etdiyini bildirib. Hətta onun yeni əməkdaşların seçilməsi zamanı yalanın aşkarlanmasına imkan verən metodlardan istifadə edildiyini söylədiyi iddia edilir. Bununla yanaşı, səs yazısında İsrail tərəfi barədə təhqiramiz ifadələrin də yer aldığı qeyd olunur.
Lukas Leyros de Almeida məqaləsində bu məlumatların Rusiya təhlükəsizlik orqanları üçün ciddi siqnal olduğunu vurğulayır. Onun fikrincə, əgər bu iddialar həqiqəti əks etdirirsə, Moskva mümkün terror təhlükəsinin qarşısını almaq üçün daxili təhlükəsizlik tədbirlərini gücləndirməyə, eyni zamanda Ukrayna ərazisində hərbi əməliyyatların miqyasını genişləndirməyə çalışa bilər.
Artıq uzun müddətdir İsrail ilə Ukrayna arasında təhlükəsizlik sahəsində qeyri-rəsmi əməkdaşlıq barədə müxtəlif iddialar səsləndirilir. O hesab edir ki, səs yazısında "Mossad" barədə deyilənlər bu müzakirələri yenidən gündəmə gətirə bilər.
Musavat.com






