İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mossad mayoru Messi”nin məğlubiyyəti

4106 20.07.2026 11:00 Yazarlar A A

Nəhayət, futbol festivalı bitdi, ta qulağımız dincələr. Bunu bir futbol azarkeşi kimi yazıram və dərin təəssüf hissi ilə əlavə edirəm ki, bizimki futbol azarkeşliyi deyil.

Bizimki quruca öcəşkənlik, dirəşkənlik, emosiyalara qapılaraq boşuna nəfəs tükətməkdir.

Dünyanın o başında, başqa dindən, irqdən, millətdən olan milyonçular daha çox milyonlar və titullar qazanmaqdan ötrü cəng edirlər, burada azərbaycnlılar bir-birini qırır. Sırf futbola görə küsülü qardaşlar, əmioğlu-xaloğlular var, Messi və Ronaldonun hansının GOAT olmasına görə sözləri çəpləşib, bir-birini dindirmirlər.

Yeri gəlmişkən, GOAT ("Greatest of All Time" – “Bütün Zamanların Ən Böyüyü” – BZƏB) abreviaturasının kiçik hərflərlə yazılan variantının (“goat”) tərcüməsi “keçi”dir, rusca - “kazyol”. Ölkəmizdə bu mübahisəni o qədər dərinləşdirdilər ki, adam razılaşmağa məcburdur: “Yaxşı, ikisi də “goat”dır, dincəlin”.

Başqa vaxt rindu-şeyda hesab etdiyimiz Tramp belə bu məsələyə ədalət və təmkinlə yanaşdı, dedi, Messi də yaxşı futbolçudur, Ronaldo da. Hətta ser söhbətə Harri Keyni də qatdı, onu da təriflədi.

Amma bunun bizə dəxli yoxdur, BZƏB bir dənə olmalıdır, BZƏB-dən başqa BZƏB yoxdur, qalanlar çurbandır. “La ilahə illəllah” şüarı, ehkamı ilə böyümüş adamlarıq, bizə yalnız bir böyük lazımdır. Hər sahədə belədir. “Ən böyük şair”, “Ən böyük rejissor”, “Ən böyük aktyor”, “Ən böyük müğənni” nominasiyaları bizdə çoxdan tutulub. Bizdə “Ən böyük futbolçu” nominasiyasının qalibi hələ ötən əsrdən Anatoli Banişevskidir. Başqa böyük yoxdur. Yetişmir.

Dünən İspaniya millisinin azarkeşi olaraq 6-cı Filipdən (İspaniya kralı) artıq ispan olanlar vardı. Messidən ötrü qızışıb kimisə yorta biləcək azarkeşlər də az deyildi.

Axı niyə? Messi bu dəfə də çempion olsa, bizə nə olacaqdı? Heç olmasa o, keçmiş dostu Adnan Əhmədzadənin dalınca gələcək, ona türmə sovqatı gətirəcəkdi? Bəlkə də Messi o vaxt gəldiyi ölkənin adının Azərbaycan olduğunu bilmir, Adnanı da dumanlı şəkildə xatırlayır, adının nə olduğu xatırlamaq üçün telefonuna baxır.

Hə, indi Yamal çempiondur, bunun bizə isti-soyuğu nədir? Sabah Avropa və dünya çempionatının seçmə oyunlarında Azərbaycan və İspaniya milliləri eyni qrupa düşsələr, onda görəcəyik Yamalın bizimkilərə olan əsl münasibətini.

Birdəfəlik anlamaq lazımdır ki, başqa ölkəni təmsil edən idmançılar, siyasətçilər və sənətçilər üçün özünü öldürməyə dəyməz, yüngülvarı azarkeşlik etmək olar, amma onların qələbəsinə görə eyforiyaya qapılmaq, məğlubiyyətlərinə görə depressiyaya düşmək olmaz. Onlar şöhrəti, titulu, pulu özləri, öz ölkələri üçün qazanır, bizə nə düşüb?

İndi gələk futbol biləndarlığımıza. Durum, türkün sözü, lap vahimdir. Keşkə, vaxtında o futbol falçılarının “müdhiş proqnoz”larını skrin-şot edib saxlayaydım. Nələr vardı, nələr. Bəziləri İngiltərəni çempion etmişdilər, Argentinaya dördüncü yer vermişdilər. Onların iki qatı qədər Fransa millisini çempion elan edənlər vardı. Argentinanın kubok sahibi olacağını bəyan edənlər İspaniyanın azarkeşlərindən də çox idi.

Hələ mundialın əvvəlində əsas mübarizə Almaniya və Braziliya milliləri arasında gedirdi. Milli azarkeşlərimizin bir yarısı “pentakampeon”ların 6-cı dəfə “kampeon” olacaqlarını deyirdi, o biri yarısı almanların mundialın birinci olacağını proqnozlaşdırırdı. Namxuda, hər iki komanda tezbazar ələndi, getdi, bizim çox dalaşdırmadılar.

“FİFA Argentinanı çempion edəcək”, “Hakimlər Messiyə işləyir”, “İnfantino kuboku artıq Buenos-Ayresə ayırıb” və sair əminliklər vardı, hər gün 1 milyon dəfə təkrarlanırdı. Hamısı fıs çıxdı. İctimai rəyi necə çaşdırmışdılarsa, indiyədək Messini yerə-göyə sığdırmayan adamlar deyirdilər ki, bura qədər Argentina azarkeşi idim, amma sünbülqırana oxşayan gədə yəhudilərə işləyir deyə onun uduzmasını istəyirəm. (Dini təəssübkeşlik hisslərimiz də belə coşmuşdu).

Messini “Mossad” mayoruna döndərmişdilər, deyirdilər, masonlar Argentinanı çempion eləmək istəyirlər.

Yaxşı ki, belə deyənlərin çoxu “Mossad”ın 1960-cı ilin may ayında nasist cəllad Adolf Eyxmanı Argentinadan oğurlayıb gətirməsi faktını bilmirlər, yoxsa deyəcəkdilər ki, İsrail Argentina millisini çempion etməklə köhnə borcunu qaytarır.

Şükür, Argentina uduzdu, yoxsa azı 4 il mason-“Mossad”-Messi vay-nöfsəsinə qulaq asacaqdıq. Elə yazıq İnfantinonun da canı qurtardı, hələ Trampın da. Azarkeşlərimiz onların adına söz çıxarırdılar.

Uzun sözün kəsəsi, bu xasiyyətimizi tərgitməyimiz lazımdır. Özümüzü adımız çəkiləndə çiyinlərini çəkənlərin intriqasına həsr etməyimiz bəsdir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR