Yaxın Şərqdə gərginliyin azaldığı barədə gözləntilər özünü doğrultmur. Əksinə, son 24 saat ərzində baş verən hadisələr ABŞ ilə İran arasında hərbi qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərir. Vaşinqton ardıcıl doqquzuncu gecə İran ərazisində hərbi obyektlərə zərbələr endirib, Tehran isə cavab olaraq ABŞ-ın regiondakı müttəfiqlərinə və hərbi maraqlarına qarşı hücumlarını genişləndirib. Bu proses təkcə iki ölkənin münasibətlərini deyil, bütün Yaxın Şərqin təhlükəsizlik arxitekturasını və dünya enerji bazarını yenidən sarsıdır.
Beynəlxalq informasiya agentlikləri “Reuters” və “Associated Press” yazır ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu dəfə də İranın raket, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə və hərbi komanda infrastrukturunu hədəfə alıb. Vaşinqton bu əməliyyatları İrana məxsus pilotsuz uçuş aparatlarının ABŞ hərbçilərinə qarşı hücumlarına cavab kimi əsaslandırır. ABŞ hərbi rəhbərliyi bildirir ki, son insidentlər zamanı daha bir amerikalı hərbçi həlak olub və bu, cavab əməliyyatlarının davam etdirilməsi qərarına təsir göstərib.
İran isə cavabı gecikdirməyib. AP-nin məlumatına görə, Tehran Bəhreyn və Küveyt istiqamətində raket və pilotsuz uçuş aparatları buraxıb. Hər iki ölkədə hava hücumu siqnalları verilib, hava hücumundan müdafiə sistemləri işə salınıb. Körfəz ölkələrinin münaqişəyə birbaşa cəlb olunması regionda eskalasiyanın coğrafiyasının genişləndiyini göstərən ən mühüm siqnallardan biri hesab olunur.
Hörmüz boğazı yenidən dünyanın diqqət mərkəzində
Gərginliyin ən təhlükəli istiqaməti isə Hörmüz boğazıdır. Dünyada dəniz yolu ilə daşınan neftin təxminən beşdə biri məhz bu marşrutdan keçir. “Reuters” xəbər verir ki, son sutka ərzində boğazdan keçən tanker və yük gəmilərinin sayı kəskin azalıb. Bəzi tankerlərin hərəkətini dayandırdığı, digərlərinin isə marşrutlarını dəyişdiyi bildirilir.
“The Guardian” isə yazır ki, İran İnqilab Keşikçiləri Korpusu ABŞ hücumlarının davam edəcəyi təqdirdə Hörmüz boğazından “bir damla belə neft və qazın keçməsinə imkan verməyəcəklərini” bəyan edib. Bu bəyanat dünya enerji bazarlarında ciddi narahatlıq yaradıb.
Neft bahalaşır, bazarlar narahatdır
Münaqişənin iqtisadi təsirləri artıq hiss olunur. “Reuters”-in məlumatına görə, “Brent” markalı neftin qiyməti 90 dollar həddini keçərək son ayların ən yüksək səviyyəsinə çatıb. Analitiklər hesab edirlər ki, Hörmüz boğazında daşımaların daha da məhdudlaşması neft və mayeləşdirilmiş təbii qaz bazarında yeni qiymət sıçrayışlarına səbəb ola bilər.
Bu isə Avropanın enerji təhlükəsizliyi üçün yeni risklər yaradır. Eyni zamanda, enerji ixracatçısı olan Azərbaycan üçün əlavə iqtisadi imkanlar formalaşdıra bilər. Lakin ekspertlər qeyd edirlər ki, hərbi qarşıdurmanın genişlənməsi bütün region üçün təhlükəsizlik risklərini də artırır.
Diplomatiya tam ölməyib, amma geri plana keçib
Bütün bunlara baxmayaraq, diplomatik kanallar tam bağlanmayıb. ABŞ dövlət katibi Marko Rubio son açıqlamasında danışıqlar imkanlarının tam tükənmədiyini bildirib. Bununla yanaşı, o, İranı Hörmüz boğazını siyasi təzyiq vasitəsinə çevirməkdə ittiham edib və beynəlxalq ictimaiyyəti bu məsələdə daha fəal olmağa çağırıb.
Lakin beynəlxalq müşahidəçilər hesab edirlər ki, hazırkı mərhələdə diplomatik bəyanatlar hərbi əməliyyatların kölgəsində qalır. ABŞ zərbələri davam etdirir, İran isə cavab imkanlarını genişləndirir. Bu da yaxın günlərdə gərginliyin daha da artacağı ehtimalını gücləndirir.
Azərbaycan üçün nə dəyişə bilər?
ABŞ–İran qarşıdurmasının yeni mərhələsi Azərbaycanın da diqqətlə izlədiyi proseslər sırasındadır. Bir tərəfdən enerji bazarındakı dəyişikliklər Azərbaycanın ixrac imkanlarına təsir göstərə bilər. Digər tərəfdən, Cənubi Qafqaz Yaxın Şərqə yaxın region olduğundan, təhlükəsizlik mühitində baş verən dəyişikliklər Bakı üçün də strateji əhəmiyyət daşıyır.
Musavat.com






