İnsanlara hürriyət, millətlərə istiqlal!

Aygün Kazımovanın duet ortağı olan sabiq nazirin oğluna hökm oxundu 

1473 26.01.2026 14:25 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə hazırda ABŞ-də yaşayan azərbaycanlı reper Murad Quliyevə qiyabi hökm oxunub.

Musavat.com xəbər verir ki, dövlət əleyhinə yönələn açıq çağırışlarda ittiham olunan Murad Quliyev barəsində 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Murad Quliyev Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Qüdrət Quliyevin oğludur. Atası illər öncə Murad Quliyevlə bağlı bəyanat yayaraq ondan imtina edib.

Qüdrət Quliyev yaydığı bəyanatda bildirib:

“Təcrübəsiz bir gəncin atasının adı və fəaliyyəti ilə spekulyasiya etməsi acınacaqlı haldır və mən oğlumun hərəkətlərini ictimai formada pisləmək və qınamaq zorunda qalmışam. Onun mənim keçmiş həyatım, ictimai fəaliyyətimlə bağlı KİV-də çıxışlarını səhv, yanlış və yersiz hərəkət sayıram. Muradın, “keçmiş nazirin oğlunun” təcrübəsizliyindən istifadə edib siyasi dividendlər qazanmaq istəyənlərə, məni siyasi oyunlara qatmağa çalışanlara etirazımı bildirir və bu oyunların fərqində olduğumu bəyan edirəm.

Mən həyatım boyu demokratik fikirli bir vətəndaş olmuşam və fikir azadlığını cəmiyyətin ali norması saymışam. Mən 25 il əvvəl dövlət qulluğundan öz siyasi fikirlərimə görə və öz iradəmlə getmişəm. Lakin dünyanı az-çox gördüyüm, cərəyan edən proseslərdən hali olduğum üçün açıq siyasi fəaliyyətə qoşulmaqdan vaz keçmişəm.

Muradın sadəlövhlüyündən, özünü özünün də dərk etmədiyi oyunlara soxduğundan pərişanam və onun bilərəkdən və ya qanmadan hörmətsizlik etdiyi şəxslərdən, tanışlarımdan və dostlarımdan üzr istəyirəm”.

Atasının bu bəyanatına Murad Quliyevin reaksiyası isə sərt olub. Sabiq nazir oğlu baş verənlərə belə reaksiya verib:

“Özümə qəsd etmək istəyirdim. Getdim bulvara, orada bir az dayanıb düşündüm. Birdən ayıldım ki, belə addım atmaq lazım deyil. Bundan sonra öz məqsədimə çatacağıma dair özümə söz verdim. Məqsədim o idi ki, heç kimin qarşısında əyilməyəcəyəm. Buna görə də heç kimin qapısını döymədim. Ticarətlə məşğul oldum. Məktəbdə oxuyarkən Birləşmiş Ərəb Əmirliklərinə uçan ilk gənclərdən biri olmuşam. Xırda ticarətlə məşğul oldum. Maşınımı öz pulumla almışam. Avtomobili alanda gözümdən yaş gəldi”.

10 ildən artıqdır ABŞ-də yaşayan Murad Quliyev reper kimi də özünü sınayıb. O, Xalq artisti Aygün Kazımova ilə duet oxuyub. Murad Quliyev Kazımova ilə birgə “Tənha qadın” mahnısını ifa edib.

Qeyd edək ki, Murad Qüdrət oğlu Quliyev barəsində Cinayət Məcəlləsinin 281.1-ci maddəsi (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, yaxud ərazi bütövlüyünün pozulmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür materialları yayma) ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində axtarış elan olunub.

Binəqədi Rayon Məhkəməsinin ötən il fevralın 15-də çıxardığı qərarla Murad Quliyev barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Sentyabrın 12-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Murad Quliyev barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi (dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında yeni qərar qəbul edilib.

İttihama görə, Murad Quliyev 2019-cu il sentyabrın 23-də “Facebook” platformasında “Murad Quliyev” adlı səhifəsində, eləcə də 2023-cü il dekabrın 24-də “YouTube” platformasında “RaffNaff” adlı kanalda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar yayıb.

E. MƏMMƏDƏLİYEV
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR