İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan elmində azərbaycançılıq ideologiyası

213 23.12.2025 11:28 Ölkə A A

Deputat: “Ulu öndər elmi millətin strateji intellektual kapitalı kimi qiymətləndirirdi”

Ümummilli lider Heydər Əliyevin Azərbaycan elminin inkişafında rolu və elmdə azərbaycançılıq ideologiyası bir-biri ilə sıx bağlı, strateji və uzunmüddətli dövlət siyasətinin tərkib hissəsi olub. Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən Ümumilli lider ölkədə elm-təhsil sahəsində islahatların aparılmasının da zəruriliyini vurğulayaraq  hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. 

Heydər Əliyev elmi və təhsili ölkə üçün strateji sahə hesab edirdi. Onun hələ 1969-cu ildə sovet Azərbaycanına rəhbərliyə başladığı dövrdən həyata keçirilən islahatlar proqramına əsasən, fəaliyyətin prioritet istiqamətlərinə diqqət yetirdikdə Heydər Əliyevin elm-təhsil strategiyasının nə qədər fundamental bir konsepsiya olduğu aydınlaşır.

Ulu öndər qeyd edirdi ki, milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq isə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün də xüsusilə strateji əhəmiyyətə malik olan elm təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdi. Bu mənada Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dönəmində reallaşdırılan elm-təhsil siyasətinin müxtəlif aspektlərini araşdırmaq üçün bu strateji əhəmiyyətli sahənin dünəninə və bu gününə diqqət yetirmək lazımdır. Bir faktı qeyd etmək kifayətdir ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü ilk vaxtlardan etibarən göstərməyə başladı.

Bu barədə fikirlərini “Yeni Müsavat”la bölüşən deputat Aydın Hüseynov bildirdi ki, sovet dövründə 1969-1982-ci illərdə Ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi olduğu dövrdə elm dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdi: “Elmin inkişafına Azərbaycan Elmlər Akademiyasının institusional gücləndirilməsi, yeni elmi institutların yaradılması-kibernetika, neft-kimya, fizika, riyaziyyat, biologiya və sair vacib sahələri əhatə edən elmi institutların qurulması, elmin istehsalatla əlaqələndirilməsi, xüsusilə neft, energetika, maşınqayırma sahələrində gənc azərbaycanlıların SSRİ-nin nüfuzlu ali məktəblərinə və elmi mərkəzlərinə göndərilməsi, elmi kadrların formalaşdırılmasında milli balansın qorunması çox böyük təsir göstərdi. Bu mərhələdə Azərbaycan elmi ittifaq miqyasında tanınmağa başlandı, yerli elmi məktəblər formalaşdı”.

Deputat dedi ki, Heydər Əliyevin müstəqillik dövründə 1993-2003-cü illərdə hakimiyyəti zamanında Azərbaycan elminin yeni inkişaf mərhələsi başlandı: “SSRİ-nin dağıldığı və müstəqilliyin ilk illərində elm ciddi böhran içində idi. 1993-cü ildə müstəqil Azərbaycana prezident seçilən Heydər Əliyev elmin dövlətçilik və milli təhlükəsizlik baxımından əhəmiyyətini önə çəkdi. Azərbaycan Milli Elmlər Akademiyasının saxlanılması və hüquqi statusunun möhkəmləndirilməsi, elmi kadrların ölkədə qalması üçün siyasi və mənəvi dəstək, elmin ideoloji deyil, milli-mənəvi dəyərlər əsasında inkişafı, tarix, dilçilik, ədəbiyyat, arxeologiya sahələrinin prioritet elan edilməsi, Qarabağ mövzusu, deportasiyalar, soyqırımı məsələlərinin elmi əsaslarla tədqiqi, elmdə azərbaycançılıq ideologiyasının elmin müxtəlif sahələrində təbliği və digər addımlar atıldı. Elmdə azərbaycançılığın əsas prinsipləri kimi ana dilində elmin inkişafı, Azərbaycan dilinin elmi dil kimi möhkəmləndirilməsi, terminologiyanın milli əsaslarla formalaşdırılması, elmi nəşrlərin Azərbaycan dilində təşviqi, tarixin milli baxış bucağından tədqiqi, saxtalaşdırılmış tarix konsepsiyalarına elmi cavab, Azərbaycan dövlətçilik tarixinin ardıcıl şəkildə araşdırılması, Qarabağ, İrəvan, Zəngəzur məsələlərinin elmi əsaslandırılması, milli elmi məktəblərin formalaşdırılması, Azərbaycan elmi ənənələrinin qorunması, yerli alimlərin dünya elminə inteqrasiyası prioritet hesab edildi”. 

Deputat qeyd etdi ki, elmin dövlət maraqlarına xidmət etməsi prinsipi də Heydər Əliyevin elmə yanaşmasında mühüm prinsiplərdən idi: “Elmin təhlükəsizlik, iqtisadiyyat və ideologiya ilə əlaqələndirilməsi, milli maraqlara zidd olan yanaşmaların elmi müstəvidə ifşası, diaspor və türk dünyası ilə elmi əlaqələr, türk xalqları ilə ortaq tarix və mədəniyyət araşdırmaları,  xaricdə yaşayan azərbaycanlı alimlərin elmi potensialından istifadə Ulu öndərin siyasətində xüsusi yerlərdən birini tuturdu. O, elmi yalnız akademik fəaliyyət deyil, millətin strateji intellektual kapitalı kimi qiymətləndirirdi. Elə buna görə də milli ideologiya ilə elmin vəhdəti formalaşdı, elmdə azərbaycançılıq dövlətçilik ideologiyasının mühüm dayağına çevrildi”.

Hazırladı: Etibar Seyidağa

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR