İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan məhkəməsindən multfilm ssenarisi kimi qərar - 20 milyon oğurlayan azadlıqda gəzir, 500 min oğurlayanı həbsdə saxladılar!

3689 16.12.2025 12:16 Kriminal A A

Bu gün Azərbaycan Ali Məhkəməsində paradoksal bir qərar verilib.

Musavat.com xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisist Əjdər Cəbiyevin kassasiya şikayətinə nəhayət ki, baxılıb.

Hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən iclasda kassasiya şikayəti təmin olunmayıb.

Bu, Əjdər Cəbiyevin son iki ildə Ali Məhkəməyə göndərdiyi sayca üçüncü eyni məzmunlu kassasiya şikayəti idi. Digər iki şikayətini o, son anda geri çəkmişdi. Belə görünürdü ki, Əjdər Cəbiyev şikayətləri təqdim etdikdən sonra məhkəmədən ədalət gözləntiləri qalmır və buna görə də kassasiya şikayətini geri çəkir. Bu dəfə isə mövqeyini dəyişib, bəlkə də məhkəmənin ədalətli qərar verəcəyinə ümid edib.

Əjdər Cəbiyev uzun illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbəri vəzifəsini tutub. Həmin dövrdə nazir Səlim Müslümov idi. 2022-ci ildə nazirlikdə əməliyyat keçirildi, Səlim Müslümov qara maskalı Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının müşayiəti altında istintaqa aparıldı.

Məlum oldu ki, Səlim Müslümov rüşvət alma yolu ilə 13 milyon 296 min 355 manat, mənimsəmə yolu ilə 7 milyon 237 min 188 manat, israf etmə yolu ilə isə dövlətə 7 milyon 87 min 671 manat ziyan vurub.

Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Səbail Rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən, sabiq nazirə məxsus mənzil, qeyri-yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

İstintaqa cəlb olunanlar sırasında Əjdər Cəbiyev də vardı. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci, 311.3.2-ci və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

İş materialları 2022-ci ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Az sonra, avqustun 8-də hakim Faiq Qəniyevin sədrliyi ilə iş üzrə ilkin hazırlıq iclası keçirilib və məhkəmə baxışına başlanılıb.

Məhkəmə başlanmazdan əvvəl Səlim Müslümov dövlətə vurduğu 20 milyon manatlıq ziyanın bir hissəsini ödədiyinə görə həbsdən azad edilib və ev dustaqlığına buraxılıb. İş məhkəmədə araşdırılarkən Səlim Müslümovun nazirliyi dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri olmuş Əjdər Cəbiyev də dövlətə vurduğu ziyanı tam şəkildə ödəyib.

İstintaq materiallarına görə, o, aparat rəhbəri vəzifəsində olarkən əlinə keçən 500 min manat büdcə vəsaitini mənimsəyib. Maraqlıdır ki, həm də Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisist Əjdər Cəbiyevi bundan sonra ev dustaqlığına buraxmayıblar. O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb. Hazırda Əjdər Cəbiyev həbsdədir.

Səlim Müslümova isə məhkəmə 11 il azadlıqdan məhrumetmə cəzası təyin etsə də, cəza 5 il sınaq müddəti seçilməklə şərti hesab edilib. Hazırda Səlim müslümov azadlıqdadır.

Bu gün Səlim Müslümovun cinayət işi üzrə paradoksal vəziyyət yaranıb: 20 milyon manatı mənimsəmiş nazir azadlıqda, ondan 19 milyon 500 min manat az mənimsəmiş aparat rəhbəri isə həbsdədir. Ədalət, məhkəmə-hüquq islahatları budur? 20 milyon çəki baxımından da 500 min manatdan ağır deyilmi?

Femidanın bir əlinə 20 milyonu, digər əlinə isə 500 min manatı versək, heç şübhəsiz ki, tərəzi əyilər və ədalət ilahəsinin əli 20 milyon tərəfdə yerə dəyər. Ağırdır axı.

Mənimsəmə cinayətinin ağırlığı da elə bu məbləğə bərabərdir. Əjdər Ol da, Səlim Müslümov da əlini xalqın cibinə salaraq oğurluq ediblər. Səlim Müslümov razılaşmasaydı, “dabro” verməsəydi, Əjdər Ol uzağı 5 min, lap elə 50 min manatı çırpışdıra bilərdi.

Belə bir halda Səlim Müslümov azadlıqdadırsa, Əjdər Cəbiyev də azadlıqda olmalıdır. Ali Məhkəmənin Əjdər Cəbiyevlə bağlı qərarı hüquqdan daha çox ədalət hissini sınağa çəkir. Eyni cinayət mexanizminin içində daha çox oğurlayan azadlıqda, daha az məbləğin mənimsənilməsində ittiham olunan isə həbsdə saxlanılır.

Sual da budur: Azərbaycan məhkəməsi üçün meyar nədir - məbləğ, yoxsa status?

Ədalət rəqəmlərlə ölçülürsə, tərəzi açıq-aşkar əyilib. Ölçülmürsə, onda verilən qərar cəmiyyətə izah olunmalıdır. Əks halda bu iş məhkəmə qərarı kimi yox, paradoks kimi yadda qalacaq. 20 milyon çırpışdıran nazir azadlığa buraxıldığı halda, 500 min manat oğurlayan Aparat rəhbəri niyə həbsdə saxlanılır?

E.MƏMMƏDƏLİYEV
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR