UEFA Millətlər Liqasının yeni mövsümü çərçivəsində Azərbaycan və qardaş Türkiyə milli futbol komandalarının rəqibləri artıq bəllidir.
D liqasının 1-ci səbətində yer alan yığmamız 2-ci qrupda yer alacaq. Komandamız Litva və Lixtenşteynlə qarşılaşacaq.
Türkiyə isə, sözün həqiqi mənasında "ölüm qrupu"nda mübarizə aparacaq. A Liqasının 1-ci qrupunda yer alan Türkiyə millisi Fransa, İtaliya və Belçika seçmələrinə rəqib olub.
Püşkatmanın nəticələri hər iki ölkədə futbol ictimaiyyətinin diqqət mərkəzinə çevrilib. Qrup mərhələsində formalaşan rəqiblər təkcə turnir cədvəli baxımından deyil, həm də milli komandaların real gücünü, taktiki hazırlığını və gələcək perspektivlərini ortaya qoyacaq ciddi sınaq kimi dəyərləndirilir. Millətlər Liqası həm Azərbaycan, həm də Türkiyə üçün yalnız turnir deyil, eyni zamanda Avropa futbolundakı mövqelərini möhkəmləndirmək və yeni mərhələyə iddialı start vermək imkanıdır.
Futbol mütəxəssisi Kənan Məstəliyev Musavat.com-da qardaş ölkələrin şanslarını dəyərləndirdi: "Millimizin rəqiblərinin kimliyi heç bir əhəmiyyət daşımır. Çünki D Liqasından aşağı yer yoxdur. Avropanın ən zəif yığmaları buradadırlar. Litva və Lixtenşteynlə düşmüşük. Məqsəd ikisini də üstələyib C Liqasında çıxmaqdır. Başqa kiminlə də düşsəydik də, eyni hədəfimiz olmalı idi. Buradakı məğlubiyyətin bağışlanacaq tərəfi yoxdur. Bütün matçlarda qələbə qazanmalı, statusumuzu yüksəltməliyik.
Türkiyənin isə püşkdə bəxti gətirmədi. Ay-ulduzlular ən çətin rəqiblərlə düşdülər. Ağır qrupdur, amma ruhdan düşməyə əsas yoxdur. Türklərin heyətində dünya səviyyəli futbolçular var. Qoy onlar rəqiblərdən yox, rəqiblər onlardan çəkinsin. Çalhanoğlu, Yıldız, Gülər və digərləri olan komanda istənilən yığmanı məğlub edəcək gücdədir".
Cavanşir Abbaslı
Müsavat.com






