İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda sabitliyə əsas təhlükə açıqlandı

1337 22.01.2026 11:52 Siyasət A A

Prezident İlham Əliyev deyib ki, ölkəmiz üçün bütün potensial risklər kənardan qaynaqlana bilər

Azərbaycanı bugünkü sabitliyə gətirən yollar heç də hamar olmayıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızda cərəyan edən proseslər orta və yaşlı nəslin yaxşı xatirindədir. İndi Azərbaycanın ən böyük uğurlarından biri sabitlikdir. Təsadüfi deyil ki, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biri olaraq tanınmaqdadır. Bakının beynəlxalq tədbirlər mərkəzinə çevrilməsinin də əsas səbəblərindən biri məhz ölkəmizdəki möhkəm sabitlikdir.

Prezident İlham Əliyev çıxışlarında bir neçə dəfə vurğulayıb ki, Azərbaycan dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır: “Biz görürük ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”, - deyə dövlət başçısı çıxışlarında vurğulayıb.

Son illərədək Azərbaycandakı sabitliyə təhdid yaradan əsas problemlər torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması və Qarabağdakı erməni separatizmi idi. Vətən müharibəsində və antiterror tədbirlərində qazanılan zəfərlərdən sonra bütün bu təhdidlər tam aradan qaldırıldı. Ərazi bütövlüyümüzün bərpası ilə Azərbaycan torpaqlarının hər bir nöqtəsində sabitlik bərqərar olundu.

Bu gün Azərbaycana yaxın coğrafiyalarda, qonşu dövlətlərdə təhlükəsizliklə, sabitliklə bağlı problemlər mövcuddur. Ən pisi odur ki, bu problemlərin sonu görünmür və pessimist proqnozlar doğurur. Belə bir regional konyunktura şəraitində Azərbaycan dövləti özünün sabitliyini və inkişafını uğurla təmin edir.

“Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq”. Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibəsində belə deyib.

Dövlət başçısı deyib ki, Azərbaycan üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir: “Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur. Enerji bazarına gəldikdə, gördüyünüz kimi, neftin qiyməti sabitdir - ən azı Azərbaycan üçün məqbul səviyyədədir. Bu, İranda, Venesuelada və ya dünyanın digər bölgələrində olan vəziyyətin neftin qiymətinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Bu, yaxşı göstəricidir, çünki həm hasilatçıların, həm də istehlakçıların gələcəklərini planlaşdırmaq üçün vəziyyətin proqnozlaşdırıla bilinməsinə ehtiyacı var. Ümid edirəm ki, Cənubi Qafqazda və region ətrafında vəziyyət pisləşməyəcək. Bizim istəyimiz, həqiqətən, bunu görməkdir. Ümid edirəm ki, hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəkdir”. Prezident birmənalı olaraq əsas təhlükənin xaricdən olduğunu deyir.
Kənar risklər deyilərkən, daha çox söhbət hansı risklərdən və hansı xarici cinahlardan gələn təhlükələrdən gedə bilər?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirib ki, “kənardan risklər” deyilərkən qonşu İranda və Rusiyada cərəyan edən proseslərin nəzərdə tutulduğu aydındır: “İranda indi nisbi sakitlik yaransa da yenə də hər şeyin normallaşdığını söyləmək mümkün deyil. İran yenə də xaosa sürüklənə bilər. Çünki iqtisadi problemlər qalır, qətliam baş verib və narazılıqlar qalır. Ona görə də Azərbaycan olaraq İranla bağlı müxtəlif senarilərə hazır olmalıyıq. Baş verənlərin Azərbaycana mənfi təsirləri ola bilər. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi də Azərbaycan üçün müəyyən risklər daşıyır. Çünki Rusiya Ukraynada istədiyini əldə edərsə, digər qonşu ölkələrə qarşı da aqressiv siyasət yürüdə bilər. Hətta indidən Rusiyada müxtəlif siyasətçilərin, Kremlə yaxın siyasi analitiklərin dilindən Azərbaycan da daxil, keçmiş sovet respublikalarının müstəqilliyinə qarşı bəyanatlar, hədələr səslənir. Rusiyanın Ukrayna müharibəsində məğlub olması isə Rusiyada mərkəzdənqaçma meyllərini gücləndirə bilər ki, bu vəziyyətin də Azərbaycana, bölgəyə təsirləri ola bilər. Məncə, dövlət başçısı İlham Əliyev xarici risklər deyərkən əsasən bu riskləri nəzərdə tutub”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR