"Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində həlak olan azərbaycanlıların sayı artır. İş o yerə çatıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşan qazimiz Rusiyaya gedərək müqavilə əsasında işğalçı dövlətin ordusuna qoşulub və döyüşdə ölüb".
Musavat.com xəbər verir ki, politoloq Elxan Şahinoğlu get-gedə geniş miqyas almaqda olan bu problemlə bağlı hərəkətə keçmənin vaxtının çatdığını bildirib.

Politoloq fikrini belə əsaslandırıb:
"Bu müharibədə Rusiyanın Ermənistandan fərqi yoxdur. Ermənistan da işğalçı idi, Rusiya da işğalçıdır. Belə çıxır ki, işğalçıya qarşı savaşan döyüşçümüz bir başqa müharibədə işğalçıya qoşulub. Bunun vaxtilə Suriyada terrorçulara qoşularaq Azərbaycan qanunlarının pozulmasıyla heç bir fərqi yoxdur. Suriyadan geri qayıdan həmin şəxslər cinayət məsuliyyətinə cəlb olundular.
Bəs Azərbaycan pasportu ilə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində iştirak edənlər cinayət məsuliyyətinə cəlb olunurlarmı? Belələri cəzalandırılmırsa, Rusiya ordusuna qoşulan azərbaycanlıların sayı azalmayacaq. Kreml şirnikləndirici müqavilə təklifləriylə qeyri-rusları, o cümlədən azərbaycanlıları ölümə göndərməkdə davam edəcək".
Elxan Şahinoğlu qeyd edib ki, Rusiya vətəndaşı olan azərbaycanlının müqavilə əsasında Ukraynaya qarşı müharibədə iştirak etməsi onun öz işidir, halbuki bu da doğru deyil:
"Bir də var ki, Rusiyada miqrant həyatı sürən azərbaycanlının işğalçı müharibədə iştirak etməsi. Ukrayna ordusunun əsir götürdüyü azərbaycanlılar barədə də məlumatlar artıb. Azərbaycanın müvafiq dövlət strukturları bu halların qarşısını almaq barədə düşünməlidir".
Musavat.com






