Azərbaycana qarşı hərbi cinayətlər törədən dəstənin bəzi üzvlərinin son sözünə sözardı
Azərbaycana qarşı hərbi cinayətlər törətmiş ermənilərin Bakı Hərbi Məhkəməsindəki mühakiməsi son mərhələyə yaxınlaşır. Yanvarın 17-dən başlamış proses belə görünür ki, ya ilin sonunda, ya da gələn ilin əvvəlində yekunlaşacaq.
Hərdən erməniləri məhkəməyə aparıb-gətirən maşın karvanı ilə “Azneft dairəsi”ndə rastlaşıram, çoxumuz bəlkə də onların içərisində kimlərin olduğundan xəbərsizik və ya fərqinə varmırıq. Penitensiar Xidmətin xüsusi maşınlarındakıların kimliyini təxmin edənlər üçün isə bu başqa duyğudur. Yatsaq, yuxumuza da girməzdi ki, qəvi düşmənlərimiz günlərin birində Bakının əsas prospektlərindən keçib məhkəməyə, oradan isə təcridxanaya aparılacaqlar...

Dekabrın 11-də təqsirləndirilənlərin bəzilərinə son söz də verilib. Bunlara o fürsəti verməmək də olardı, amma qanun belə tələb edir. Qanunun verdiyi hüququ isə onlar boşa xərcləyiblər. Məsələn, Levon Balayan deyib ki, “üstündə silah olub, amma adamlara yox, havaya atəş açıb”. Melikset Paşayan Ağdamın kəndlərində olduğunu danmayıb, amma o da üç ay postda olsa da, döyüş əməliyyatlarında iştirak etmədiyi deyib. Davit Allahverdiyan ümumiyyətlə, heç bir cinayət törətmədiyini iddia edib. Erik Qazaryan 2021-2023-cü illərdə Ermənistan silahlı qüvvələrinin əsgəri olduğunu, özünü təqsirli bilmədiyini deyib. Qurgen Stepanyan, Vasili Beqlaryan və David Manukyan da son sözlərində özlərini təqsirli hesab etməyiblər.

Araik Harutyunyan son sözünü dekabrın 19-dakı prosesdə deyəcək, amma o da 44 günlük müharibə zamanı Gəncənin raketlərlə vurulması ilə bağlı “əmri mən verməmişəm, amma bu bəyanata görə təəssüflənirəm, üzrxahlıq edirəm” demişdi. Ruben Vardanyanın da mühakiməsində son mərhələ yaxınlaşır. İfadə verməkdən imtina edən Vardanyana prokuror hələ cəza istəməyib, amma onun ittiham olunduğu maddələrin sanksiyası ömürlük həbs cəzasından qaça bilməyəcəyini göstərir...

İtkin düşmüş 4 min azərbaycanlıdan indiyədək cəmi 500 nəfərə aid cəsədin qalıqları tapılıb. Bu adamlar “göyə çıxmayıblar”, onlar ən müxtəlif işgəncələrlə öldürülüblər və hələ də ermənilərin gizli saxladıqları yerlərdə basdırılıblar. Mühakimə olunan ermənilərin dediyinə tutaq ki, inandıq, guya şəxsən kimisə öldürməyiblər. Amma onların ya şahidliyi, ya əmrləri ilə çoxsaylı cinayətlər törədilməsi faktdır. Ona görə ağır cinayətləri başqa ermənilərin üzərinə qoymağa çalışsalar da, uzun müddətli həbsdən canlarını qurtara bilməyəcəklər. Ermənilərin özlərini israrla günahsız kimi təqdim etmək cəhdləri Avropa İttifaqının onları müdafiə etməsindən, “hərbi əsir” adlandırmaqdan qaynaqlanır. Fakt isə budur ki, hüquqi nöqteyi-nəzərdən hazırda Azərbaycanda erməni hərbi əsiri yoxdur.
1945-ci il noyabrın 20-də faşistlərin əsas ideoloji bazası olan Nürünberq şəhərində başlayan məhkəmədə Hitler rejiminin yüksək rütbəli 24 üzvü müttəhimlər kürsüsündə oturmuşdu. Məhkəmə prosesi 218 iş günü davam etdi, bu müddət ərzində 230-dan çox şahid dindirildi, 30 min zərərçəkən ifadəsi oxundu, 16 min səhifəlik stenoqram tərtib edildi. Yeri gəlmişkən, dövlətə bir daha təklif edirəm ki, mütləq bu prosesin daha geniş auditoriyaya yayılması üçün üç dildə (və ya daha çox) xüsusi panel(sayt) yaratsın, cinayət işinin materiallarını, şahid ifadələrini orada yerləşdirsin. Çünki bu, gələcək nəsillər üçün də qiymətli tarixi qaynaqdır.

Cinayətkarın “hadisəni mən törətmişəm” dediyi çox olub, amma o da bir gerçəkdir ki, cani törətdiyi əməlləri danmağa meyllidir. O səbəbdən şübhə yoxdur ki, bu ermənilər Qarabağ müharibələrində xirtəyədək cinayətin içində olublar, məhkəmədəki çoxsaylı şahidlərin dedikləri və sübutlar onların əməllərinin yalnız bir qismidir.
Müstəqil dövlətin ərazisində silahlı qruplaşma yaratmaq və uzun illər də terror fəaliyyəti ilə məşğul olmaq əlbəttə ki, ağır cinayətdir. Prokuror Araik də daxil bir neçə “lider”ə ömürlük, iki nəfərə 20 il həbs cəzası istəyib. Daha az cəza istənilənlər də var. Ötənlərdə də yazmışdım ki, bu qansızlar ordusundan zərərçəkən biri kimi prokurorun tələb etdiyi cəzaları yüngül hesab edirəm, amma o da var ki, onlar həbs edən də, mühakimə edən də dövlətdir, talelərini də dövlət adından verilən cəza müəyyən edəcək...
Nazim SABİROĞLU,
Musavat.com






