İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı–Brüssel xəttində ziddiyyətlər: Avropa Parlamentinin qərəzi və Azərbaycanın MÖVQEYİ

595 20.01.2026 20:53 Siyasət A A

“Euronews” telekanalına verdiyi müsahibədə Prezident İlham Əliyev Avropa Parlamentinə münasibətdə prinsipial mövqeyini açıqlayıb. Dövlət başçısı bildirib ki, Azərbaycan artıq bu qurumun tənqidlərinə cavab vermir və Avropa ilə əməkdaşlıqda fərqli format seçib: "Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər", deyə dövlət başçısı bildirib.

Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a mövzunu şərh edərkən deyib ki, Azərbaycan bu gün Avropa dövlətlərinin əhəmiyyətli bir hissəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir: “Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, regional sabitlik və iqtisadi əməkdaşlıq kimi sahələrdə Bakı Avropa üçün real və etibarlı tərəfdaş kimi çıxış edir. Belə bir fon üzərində, Avropa Parlamentində və bəzi digər Avropa qurumlarında Azərbaycanla bağlı vaxtaşırı “təcavüzkar”, yaxud “təcavüz edən tərəf” kimi ifadələrin işlədilməsi həm siyasi reallıqlarla, həm də beynəlxalq hüququn əsas prinsipləri ilə açıq ziddiyyət təşkil edir. Xüsusilə nəzərə alsaq ki, Ermənistanın özü belə Azərbaycanla münasibətlərin normallaşmasını və sülh prosesini yüksək qiymətləndirir, bu cür ittihamlar Avropa institutlarının mövqeyini daha da anlaşılmaz və ziddiyyətli göstərir.

Bu mənzərə bir daha onu təsdiqləyir ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, müəyyən maraq dairələri, lobbi qrupları və ideoloji mərkəzlər Avropa ictimai rəyinə və siyasi qərarvermə mexanizmlərinə ciddi təsir göstərmək imkanlarına malikdir”.

Siyasi şərhçi qeyd edib ki, sözügedən dairələr Cənubi Qafqazdakı prosesləri obyektiv reallıqlar üzərindən deyil, öz maraqları prizmasından təqdim etməyə çalışır, nəticədə Avropa siyasi diskursunda selektiv yanaşma və ikili standartlar formalaşır: “Bu təsir və təzyiq mexanizmləri fonunda obyektivlik, balanslı yanaşma və beynəlxalq hüquqa istinad ikinci plana keçir, siyasi qərarlar isə çox zaman qərəzli və birtərəfli xarakter alır.

Məhz bu səbəbdən Azərbaycan mövcud reallıqları nəzərə alaraq, öz mövqeyini daha ardıcıl və sistemli şəkildə beynəlxalq müstəvidə izah etməlidir. Rəsmi Bakı yalnız diplomatik kanallarla kifayətlənməməli, eyni zamanda informasiya siyasəti, ictimai diplomatiya, ekspert və akademik platformalar üzərindən də fəaliyyətini gücləndirməlidir. Avropa ictimaiyyətinə Azərbaycanın mövqeyinin mahiyyəti, regional sülh və sabitliyə verdiyi töhfə, habelə post-münaqişə dövründə atdığı konstruktiv addımlar daha dolğun və davamlı şəkildə çatdırılmalıdır. Yalnız bu halda qərəzli təsirlərin qarşısını qismən də olsa almaq və Avropa siyasi mühitində daha obyektiv yanaşmanın formalaşmasına töhfə vermək mümkün ola bilər”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR