Bakıda kənd təsərrüfatı və qida sənayesinin ən böyük platformalarından hesab olunan “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri artıq dörd gündür ki, paytaxtın əsas tədbir məkanlarından olan Bakı Ekspo Mərkəzində davam edir. Sərgi salonlarına daxil olan kimi müxtəlif dillərdə danışan iştirakçılar, innovativ texnologiyalarla dolu stendlər və kənd təsərrüfatının gələcəyini əks etdirən təqdimatlar diqqət çəkir.
Musavat.com xəbər verir ki, sayca 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” bu il miqyasına görə əvvəlki illərdən daha geniş təşkil olunub.
Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq ərazisini əhatə edən sərgilərdə dünyanın 45 ölkəsindən 447 şirkət iştirak edir.

Sərgi salonlarında Almaniya, İtaliya, Koreya, Niderland, Belarus, Braziliya, Gürcüstan və İndoneziya kimi ölkələrin milli stendləri xüsusi maraq doğurur. Hər bir pavilyonda kənd təsərrüfatı texnikasından tutmuş ekoloji qida məhsullarına, ağıllı idarəetmə sistemlərindən yeni nəsil texnologiyalara qədər müxtəlif məhsul və həllər nümayiş etdirilir.
Bu il ilk dəfə olaraq Afrika-Azərbaycan Əməkdaşlıq Təşkilatının (AFAZ) ayrıca stendlə təmsil olunması da diqqət çəkən məqamlardan biridir.
Sərginin ən çox ziyarət edilən bölmələrindən biri isə Kənd Təsərrüfatı Nazirliyinin geniş konsepsiya əsasında qurulan stendi olub. Burada aqrar sahədə dövlət dəstəyi mexanizmləri, innovativ layihələr və rəqəmsal həllər nümayiş etdirilir. Müasir soyutma sistemləri, yeni nəsil kənd təsərrüfatı avadanlıqları, çiləyici və multispektral dronlar ziyarətçilərin xüsusi marağına səbəb olur.

Azad edilmiş ərazilərdə fəaliyyətə başlayan təsərrüfatların məhsulları da sərgidə ayrıca yer alıb. Qarabağ və Şərqi Zəngəzurda istehsal olunan kənd təsərrüfatı məhsulları, arıçılıq nümunələri və müxtəlif aqrar brendlər ziyarətçilərə təqdim edilir.
“Smart Agro” zonasında isə gələcəyin kənd təsərrüfatı nümayiş olunur. Süni intellekt əsaslı idarəetmə sistemləri, ağıllı kənd konsepsiyaları, robot texnologiyaları, pilotsuz uçuş aparatları və “green agro” layihələri xüsusilə gənclərin diqqətini çəkir. Burada təqdim olunan bəzi texnologiyalar fermerlərin məhsuldarlığını artırmaqla yanaşı, su və enerji sərfiyyatını minimuma endirməyə hesablanıb.
Dörd gündür davam edən sərgidə minlərlə ziyarətçi iştirak edib. Sonuncu gün olmasına baxmayaraq, pavilyonlarda sıxlıq və maraq azalmayıb. Müxtəlif ölkələrin stendləri qarşısında çəkilən fotolar, məhsul təqdimatları Bakı Ekspo Mərkəzində əsl beynəlxalq kənd təsərrüfatı atmosferi yaradıb.
Musavat.com sərginin son günündən fotoları təqdim edir.















Şahanə Rəhimli
Fotolar müəllifindir
Musavat.com






