İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan ermənilərin QAYIDIŞI ilə bağlı qəti MÖVQE

8511 16.02.2026 14:57 Ölkə A A

“Bizim bu məsələ ilə bağlı mövqeyimiz çox aydın olub. Bizim Qarabağda yaşayan bütün ermənilərə vətəndaşlıq və ya iş icazəsi üçün müraciət etməyi təklif etdiyimiz dəfələrlə səsləndirilib, o cümlədən veb-saytda dərc olunub. Qarabağ ermənilərinin nümayəndələri ilə bir neçə dəfə görüşlərimiz oldu, lakin onlar Ermənistana getmək seçimini üstün tutdular”.

Bunu Prezident İlham Əliyev fevralın 14-də Münxendə "France 24" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu məsələyə qarşılıqlı nöqteyi-nəzərindən yanaşılmalıdır:

“Ermənistan ərazisindən deportasiya edilmiş və etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlımız var, lakin Ermənistan hökuməti onların geri qayıtması üçün heç vaxt heç bir təklif irəli sürməyib. Qayıdış hüququ universal bir hüquqdur və əlbəttə ki, bizə belə bir müraciət olarsa, Azərbaycan bu hüquqa mütləq əməl edəcək. Lakin eyni zamanda, 30 il Ermənistanla müharibə şəraitində olduğumuzu və 30 il ərzində onların ərazimizi işğal altında saxladığını nəzərə alsaq, Qərbi azərbaycanlılar adlandırdığımız yüz minlərlə azərbaycanlıya qarşı da eyni münasibəti gözləyirik ki, bugünkü Ermənistana qayıda bilsinlər”.

Hazırda sülh prosesi dinamik və pozitiv şəkildə inkişaf edir. Tərəflər arasında etimad mühiti formalaşır. Artıq təmaslar, qarşılıqlı səfərlər var. Bu temp davam edərsə, inam formalaşarsa, gələcəkdə ermənilərin Qarabağa, azərbaycanlıların Qərbi Zəngəzura qayıdışı mümkündürmü? Yəni üçüncü tərəf, hansısa sülhməramlı missiya olmadan birgəyaşayış realdırmı?

Qərbi Azərbaycan İcmasının qurucularından biri, qurumun Qəyyumlar Şurasının sədri Mürvət Həsənlinin Musavat.com-a dediyinə görə, Prezidentin bu müsahibəsi bir daha göstərdi ki, bu gün Azərbaycan təkcə regionda deyil, beynəlxalq müstəvidə də güclü siyasi iradəsi və prinsipial dövlət mövqeyi ilə seçilir:

“Dövlət başçısı yüksək diplomatik mədəniyyət, hüquqi dəqiqlik və tarixi məsuliyyət hissi ilə Qarabağda yaşamış ermənilərlə bağlı məsələyə son dərəcə ədalətli və humanist yanaşma ortaya qoydu. Prezident açıq şəkildə bəyan etdi ki, Azərbaycan dövləti etnik mənsubiyyətə görə heç kəsi ayırmır, əksinə, suverenliyinə hörmət edən hər kəs üçün bərabər hüquqlar təmin etməyə hazırdır. Qarabağ ermənilərinə vətəndaşlıq və ya iş icazəsi təklif olunması bunun bariz nümunəsidir. Bu, dünyada nadir hallarda rast gəlinən yüksək siyasi mədəniyyət və özünə inamın göstəricisidir”.

Mürvət Həsənli ictimai birliyə sədr seçildi

M.Həsənli qeyd edib ki, Prezident beynəlxalq auditoriya qarşısında faktlara söykənən, emosiyadan uzaq, lakin son dərəcə tutarlı arqumentlər irəli sürüb:

“Qarabağ ermənilərinin könüllü şəkildə Ermənistana köçməsini xatırladan dövlət başçısı, bunun heç bir zorakılıq və ya təzyiq nəticəsi olmadığını qətiyyətlə vurğuladı. Bu yanaşma Azərbaycan Prezidentinin həqiqəti müdafiə etməkdə nə qədər ardıcıl və prinsipial olduğunu bir daha sübut etdi. Eyni zamanda, Prezident İlham Əliyev tarixi ədalətin bərpası məsələsində də misilsiz siyasi cəsarət nümayiş etdirdi. O, Ermənistan ərazisindən deportasiya edilmiş yüz minlərlə azərbaycanlının taleyini gündəmə gətirməklə beynəlxalq ictimaiyyətə çox mühüm mesaj verdi. Əgər qayıdış hüququ universal hüquqdursa, Qərbi Azərbaycandan zorla qovulmuş azərbaycanlılara da şamil edilməlidir. Bu gün sülh prosesinin dinamik və müsbət məcrada inkişaf etməsi də məhz Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir”.

Mürvət Həsənli onu da xüsusi olaraq vurğulayıb ki, regionda etimad mühitinin formalaşması, birbaşa təmasların və qarşılıqlı səfərlərin mümkün olması Azərbaycan tərəfin sülhə sadiq qalmasının bariz göstəricisidir:

“Prezident açıq şəkildə nümayiş etdirir ki, Azərbaycan qalib ölkə kimi diktə dili ilə deyil, ədalət və hüquq dili ilə danışır. Ermənilərin Qarabağa, azərbaycanlıların isə Qərbi Zəngəzura qayıdışı məsələsinə gəlincə, Prezident İlham Əliyev bu mövzuda da müdrik mövqe sərgiləyir. Onun yanaşması emosiyalara deyil, real siyasi şərtlərə əsaslanır. Dövlət başçısının mesajı aydındır, birgəyaşayış mümkündür, lakin bu, yalnız qarşılıqlı hörmət, etimad və tarixi həqiqətlərin tanınması fonunda baş verə bilər.

Nəticə etibarilə, Prezident İlham Əliyevin bu müsahibəsi bir daha sübut etdi ki, Azərbaycan bu gün regionun taleyini müəyyən edən, sözünün çəkisi olan, öz mövqeyini qətiyyətlə və ləyaqətlə müdafiə edən dövlətdir. Bu siyasətin mərkəzində isə milli maraqları ən yüksək səviyyədə qoruyan, eyni zamanda beynəlxalq hüquqa söykənən güclü lider dayanır”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR