İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının yaratdığı tarixi fürsət - yeni sülh modeli

962 09.12.2025 08:11 Siyasət A A

Hikmət Hacıyev və Armen Qriqoryan Dohada mühüm mesajlar verdi; 2026 yekun sənədin imzalanma ili olacaqmı? - gözlənti

Dohada ötən həftəsonu keçirilən panel müzakirəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bir sıra diqqətçəkən açıqlamalar verib. Bu açıqlamalar regionda əməkdaşlıq mühitinin bərqərar olmasında ölkəmizin həlledici rolunu bir daha təsdiqləyir. Eyni zamanda böyük sülhün əsas şərtlərini məhz rəsmi Bakının diktə etdiyini sübut edir.

“Biz Cənubi Qafqazda yeni reallıqlar və yeni status-kvo yaradırıq. Əvvəllər daha çox müharibədən danışırdıqsa, indi ən çox sülh mövzusu diqqətdədir”, - deyən Hacızadə bu xüsusda qeyd edib ki, tarixi Vaşinqton anlaşması bölgəni tamamilə dəyişəcək. Cənubi Qafqazda son 30 il ərzində münaqişə və müharibənin hökm sürdüyünü xatırladan Hikmət Hacıyev, nəhayət, buna son qoyulduğunu qeyd edib: “Mən bunu tez-tez Cənubi Qafqaz üçün "Kemp-Devid sülh modeli" adlandırıram. Əlbəttə, hər bir münaqişə fərqlidir. Hər bir geosiyasi kontekst də fərqlidir. Amma əminəm ki, bu sazişin təsiri də oxşar olacaq".

Öz növbəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da forumda çıxışı zamanı regionda yaranmış yeni reallıqlara toxunub. Qriqoryan bildirib ki, əgər bir-iki il öncəyə qədər Bakı və İrəvan arasında ziddiyyətli narrativlər əsas xətti təşkil edirdisə, hazırda tərəflər arasında kəsişən mövqelər və oxşar yanaşmaların sayı artır. Onun sözlərinə görə, müəyyən məsələlər üzrə fərqlər qalmaqda davam etsə də, reallıq göstərir ki, əməkdaşlıq üçün imkan genişdir. Erməni rəsmisi habelə sülh üçün siyasi iradənin həlledici rol oynadığını vurğulayıb: “Əməkdaşlıq iradəsi olduqda gələcək daha stabil ola bilər. Beynəlxalq ictimaiyyət prosesə dəstək verərsə, bölgədə davamlı sülhün qurulması mümkündür”.

Bu yanaşma əslində Ermənistan tərəfindən ilk dəfə deyil səslənir. Şübhə yox ki, prosesin real nəticəyə çevrilməsi ilk növbədə İrəvanın praktiki addımlarından, xüsusən kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və sülh sazişinin imzalanmasından asılı olacaq.

İrəvan Bakıya sülh siqnalları göndərməkdə nə dərəcədə səmimidir? Qriqoryan “beynəlxalq ictimaiyyət prosesə dəstək verməlidir” deyərkən nəyə işarə edir? Böyük sülhə nə qədər yaxınlaşmışıq?  

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Qətərdə keçirilən Doha forumunda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sülhə xidmət edən daha maraqlı açıqlamalar verib: “Ermənistanla sülh quruculuğu barədə mühüm açıqlamalar verdi. Birincisi, Prezidentin köməkçisi bildirdi ki, Azərbaycan üçün müharibə bitib. Onun sözlərinə görə, sülh rifah yaratmalı, bölgədə inkişafı təmin etməli, Cənubi Qafqazın bütün geosiyasi mənzərəsini dəyişdirməlidir. İkincisi, Hikmət Hacıyev çıxışında xalqlar arasında etimadın da önəmli olduğunu vurğuladı. Bunun üçün çox çalışmaq lazım gəldiyini bildirən Hikmət Hacıyev sülhü pozmaq istəyən qüvvələrin olduğunu xatırlatdı. Prezidentin köməkçisinin sözlərinə görə, elə regional təhlükəsizlik arxitekturası qurulmalıdır ki, sülhə qarşı bütün mənfi meyllərə tab gətirsin. O, bunun üçün ilkin mərhələdə hökumətlər arasında etimadın qurulması vacibliyini, ikinci mərhələdə isə xalqlar arasında etimadın əhəmiyyətini səsləndirdi. Hikmət Hacıyev haqlıdır. Azərbaycan sülh sazişini yalnız Ermənistan hökuməti ilə imzalamaq istəmir. Sülh sazişi məcazi mənada həm də Ermənistan xalqı ilə imzalanmalıdır ki, qonşu ölkənin sonrakı hökumətləri sülhün əleyhinə addım atmasınlar”.

Politoloq qeyd etdi ki, şübhəsiz, xalqlar arasında etimad qurmaq asan olmayacaq: “Çünki 30 illik münaqişə nəticəsində böyük itkilər olub, azərbaycanlılara qarşı müxtəlif soyqırımlar həyata keçirilib. Buna baxmayaraq, Cənubi Qafqazda xalqlar arasında sülhün alternativi yoxdur. Bu baxımdan 8 avqustda Vaşinqtonda imzalanan razılaşmaların əhəmiyyəti böyükdür. Həmin tarixdən başlayaraq Azərbaycan və Ermənistan rəsmiləri arasında danışıqlarda fikir ayrılıqlarını dərinləşdirən mövzuları deyil, sülhə və əməkdaşlığa xidmət edən mövzular müzakirə olunur. Bunu Ermənistan rəsmiləri də təsdiqləyirlər. Təsadüfi deyil ki, Doha forumunda çıxış edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bildirib ki, əgər bir-iki il öncəyə qədər Bakı və İrəvan arasında ziddiyyətli narrativlər əsas xətti təşkil edirdisə, hazırda tərəflər arasında kəsişən mövqelər və oxşar yanaşmaların sayı artıb. Danışıqların bu səpgidə davam etdirilməsi iştirakçı ölkələr və ümumilikdə bölgənin gələcəyi üçün faydalıdır. Ermənistanda qeyri-adi hadisə baş verməsə, 2026-cı il Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması və Ermənistan ərazisində "Tramp yolu"nun tikintisinə başlanacağı il olacaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR