Ötən 2025-ci ildə Gürcüstanın turizm gəlirləri illik 6 faiz artaraq rekord həddə – 4 milyard 690,2 milyon dollara çatıb. Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb. Bildirilir ki, 2025-ci il turizm sənayesi üçün gəlir baxımından rekord il olub. Belə ki, ötən ilin dördüncü rübündə səyahət gəlirləri 9,2 faiz artaraq 1 milyard 52,4 milyon dollar olub.
Bəs Azərbaycan Gürcüstandan qat-qat artıq potensialı olduğu halda turizmdən belə rekord gəlirlər niyə əldə edə bilmir?
Mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurov Musavat.com-a qeyd edib ki, Azərbaycan hələ də pandemiyadan sonrakı dövrdə 2019-cu illə müqayisədə turizm bazarını tam bərpa edə bilməyib: “Xatırlayıram ki, 2024-cü ilin göstəricilərinə görə Gürcüstan kifayət qədər yaxşı mövqedə idi və turizmdən əldə etdiyi gəlirlər, bildiyim qədər, 4,4 milyard dollar təşkil edirdi. Artım dinamikası ilə 2025-ci ili də müsbət göstəricilərlə yekunlaşdırdılar. Qeyd olunduğu kimi, təxminən 4,7 milyard dollara yaxın gəlir əldə olundu və Gürcüstan turizm sahəsində 6 faiz artım göstərdi.

Ümumilikdə isə Azərbaycanda 2025-ci il üzrə göstəricilərdə əvvəlki illə müqayisədə təxminən 2 faiz geriləmə müşahidə olundu. Azərbaycan hələ də pandemiyadan sonrakı dövrdə 2019-cu illə müqayisədə turizm bazarını tam bərpa edə bilməyib. Əlbəttə ki, 2020-ci ildə Azərbaycanda müharibənin baş verməsi, müharibə şəraiti, regionun gərgin bir bölgə kimi tanınması, qonşu ölkələrdə və yaxud Azərbaycanın əsas hədəf bazarlarında mövcud olan gərginliklər, müharibələr — Rusiya–Ukrayna müharibəsi, Hindistan–Pakistan arasında baş verən qısa müddətli münaqişələr, İran–İsrail qarşıdurmaları — bütün bunlar 2025-ci ildə ciddi şəkildə Azərbaycanın turizm bazarına öz mənfi təsirini göstərdi. Hətta otellərdə doluluq səviyyəsinin təxminən 25–30 faiz azaldığı da müşahidə olundu. Xüsusən də paytaxtda yerləşən otellərin doluluğuna bu amillər ciddi şəkildə təsir göstərdi”.
Ceyhun Aşurov qeyd edib ki, ölkədə daxili turizm hələ də aktiv olaraq qalır: “Ölkə daxilində turizm dinamikası əsasən yerli turistlərin hesabına aktivdir. Lakin xaricdən gələn turistlərin sayında azalma ümumi otellərdəki, xüsusən də Bakı şəhərində yerləşən otellərin doluluq səviyyəsinə öz təsirini göstərmişdi. Nəticə etibarilə, təbii ki, xaricdən turist az gəldikdə ölkəyə daxil olan valyuta axını da azalır. Gürcüstanda turizm əsas gəlir resurslarından biridir və bu sahədə çox liberal addımlar atılır. Ən əsası isə bir çox ölkələr üçün viza rejimi demək olar ki, tamamilə aradan qaldırılıb, xüsusən də Avropa ölkələri üçün. Eyni zamanda, Gürcüstanda loukoster aviaşirkətlərin fəaliyyət göstərməsi ora gələn turistlər üçün ölkəni daha əlçatan və daha əlverişli edir. Ümumiyyətlə, insanlar bir yerə səyahət edərkən ən az baryerin olduğu, daha rahat gedə biləcəkləri məkanları seçirlər. Getdikləri yerin əlçatan və sərfəli olması onların qərarlarına birbaşa təsir göstərir. Məsələn, səfər edəcəyimiz ölkəyə viza tələbi yoxdursa, uçuş qiymətləri münasibdirsə, əlbəttə ki, bu, birbaşa insanların həmin ölkəyə səyahət etməsi qərarına təsir edir”.

Ceyhun Aşurov vurğulayıb ki, Azərbaycanda otellərin və ya restoranlarda qidalanma qiymətləri, yaxud ölkənin maddi və mənəvi resursları Gürcüstandan geri qalmır, lakin turistlərin qərarlarına birbaşa təsir edən əsas amillərdən biri olan təyyarə biletlərinin qiymətlərinin yüksək olması hazırda ölkəyə daha çox turistin gəlməsində müəyyən tərəddüdlər yaradır: “Qeyd etdiyim kimi, Gürcüstanın bir çox ölkələr üçün viza rejimini aradan qaldırmasıdır. Bizdə də “ASAN viza” sistemi mövcuddur, lakin vizadan tamamilə azad olunma məsələsində Gürcüstan bizdən öndədir. Düşünürəm ki, bizdə mövcud olan beynəlxalq hava limanları daha da liberallaşdırılmalı, daha ucuz hava daşıyıcıları cəlb olunmaqla ölkəyə daha çox turistin gəlməsi üçün şərait yaradılmalıdır. Bununla bağlı hətta cənab Prezidentin də çıxışı olmuşdu ki, ölkəyə 5–6 milyon turistin gəlməsi realdır. Bu məqsədlə Dövlət Turizm Agentliyi tərəfindən turizmin inkişafı ilə bağlı proqram hazırlanıb və həmin proqramda bu kimi bir çox məsələlərə toxunulub”.
Xalidə Gəray
Musavat.com






