Vladivostok yaxınlığındakı Tavriçanka akvatoriyasında qış balıqçılığı az qala ağır faciə ilə nəticələnirdi.
Musavat.com xəbər verir ki, buz üzərinə çıxan balıqçıların mindiyi üç avtomobil — Toyota Succeed, Suzuki Jimny və daha bir minik maşını demək olar ki, eyni vaxtda buzun altına batıb.
Hadisə yanvarın 5-dən etibarən buzda iri çatın müşahidə edildiyi ərazidə baş verib. Buna baxmayaraq, balıqçılar avtomobillərlə təhlükəli zonaya daxil olublar. Nəticədə buz kütləsi maşınların ağırlığına tab gətirməyib və avtomobillər suya qərq olub.
Xoşbəxtlikdən, bütün insanlar xilas edilib. Ən dramatik anlardan birində isə təsadüfi bir keçən şəxs əsl qəhrəmanlıq göstərib — o, buzqıran alətlə batmaqda olan avtomobilin arxa şüşəsini sındıraraq balıqçını son anda sudan çıxarıb.
Hadisə bir daha qış balıqçılığının və buz üzərində avtomobillə hərəkətin nə qədər təhlükəli olduğunu xatırladıb.
Bəzən isə ən təhlükəsiz seçim sadədir — isti otaqda, yorğan altında qalmaq.
Musavat.com






