İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydendən ilginc ismarış - Azərbaycana xeyri və ziyanı

850 23.12.2025 10:25 Siyasət A A

Ekspertə görə, üç fövqəldövlət ölkəmiz uğrunda gərgin rəqabətə başlayacaq

ABŞ-nin keçmiş prezidenti Co Bayden bildirib ki, əgər ABŞ qlobal lider statusunu itirərsə, onun yerini Rusiya və ya Çin tutacaq. Bu barədə “The Hill” qəzeti yazıb.

“Əgər biz aparıcı güc olmağı dayandırsaq, yerimizi kim tutacaq - Rusiya, yoxsa Çin?”, - deyə keçmiş prezident sual edib. 

Onun sözlərinə görə, ABŞ “bütün dünya qarşısında məsuliyyət daşıyır” və buna görə də qlobal liderliyini qoruyub saxlamalıdır.

Sabiq prezident nə dərəcədə haqlıdır? ABŞ-nin dünya liderliyinə təhlükə varmı? Amerikanın yerini Çin və ya Rusiyanın tutmasının Azərbaycana hansı təsirləri mümkündür?

 Heydər Oğuz 

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Trampla Bayden barışmaz rəqibdir və onların bir-biri haqda tənqidi fikirlər söyləməsi başadüşüləndir: “Amma bu tənqidi fikirlər həmişə doğru deyil. Baydenin xiffətini çəkdiyi supergüc olmaq qabiliyyətini ABŞ elə onun prezidentliyi dövründə itirməyə başlamışdı. Bayden hakimiyyətə gələndən qısa müddət sonra, 2021-ci ilin avqustda ABŞ qoşunlarını biabırçı şəkildə Əfqanıstandan çıxartdı. Təbii ki, bunu özbaşına etmədi. 20 il idi ki, Əfqanıstanı işğal altında tutan ABŞ bu müddət ərzində hərbi əməliyyatlara borclanaraq 2 trilyon dollar xərcləmişdi. Digər tərəfdən, Trampın "öz qınına çəkilmək" strategiyası heç də vaxtilə əlində cəmləşdirdiyi bölgələri Rusiyaya və Çinə peşkəş çəkmək niyyətindən qaynaqlanmır. Əksinə, Trampın planına görə, ABŞ əsgərlərini öz “arxa bağçası”ndan çəkdikdən sonra həmin əraziləri ən böyük rəqiblərinə buraxmaq niyyətində deyil". 

Ekspertin sözlərinə görə, strateji doktrinada bu bölgələr belə ifadə olunur: “Çinin dünya hegemoniyasını ələ keçirməsinin qarşısını almaq üçün onun Cənubi Çin dənizinə çıxışı əngəllənəcək. Bunun üçün də "Birinci Adalar Silsiləsi" adlanan region dövlətləri ilə hərbi əməkdaşlıqlar gücləndiriləcək. “Birinci Adalar Silsiləsinin istənilən yerində təcavüzü inkar etməyə qadir bir ordu quracağıq. Lakin Amerika hərbçiləri bunu təkbaşına edə bilməz və etməməlidir də. Müttəfiqlərimiz də addım atmalı və kollektiv müdafiə üçün daha çox xərcləməlidirlər. Amerikanın diplomatik səyləri Birinci Adalar Silsiləsindəki müttəfiqlərimizə və tərəfdaşlarımıza ABŞ ordusuna öz limanlarına və digər obyektlərinə daha çox çıxış imkanı vermək, öz müdafiəsinə daha çox pul xərcləmək və ən əsası təcavüzün qarşısını almaq üçün imkanlara sərmayə qoymaq üçün təzyiq göstərməlidir. Bu, ABŞ və müttəfiqlərinin Tayvanı ələ keçirmək cəhdlərini inkar etmək və ya adanın müdafiəsini qeyri-mümkün edəcək qədər əlverişli qüvvələr balansına nail olmaq üçün Birinci Adalar Silsiləsi boyunca dəniz təhlükəsizliyi məsələlərini birləşdirəcəyik”, - sənəddə belə deyilir".

Onun fikrincə, Sovet İttifaqı-ABŞ rəqabətinin ön planda olduğu 20 əsr siyasətçisi olan Co Bayden hələ də köhnə tezislərin təsirindən qurtula bilmədiyi üçün Trampın yeni geopolitik strategiyalarını anlamaqda çətinlik çəkir: “Anlamaq istəmir ki, ABŞ-nin indiki əsas hədəfi Rusiya yox, Çindir. ABŞ-nin Çini çevrələmə siyasəti yalnız Adalar Silsiləsi ilə bitmir. "Milli Təhlükəsizlik Strategiyası - 2025" doktrinasında vurğulanır ki, ABŞ dünya neft və qaz ehtiyatının 30%-dən çoxunun yerləşdiyi Hörmüz və dünya neft nəqliyyatının keçdiyi Bab əl-Məntəb boğazlarına nəzarəti də rəqiblərinə (əsasən Çinə) qapdırmaq niyyətində deyil. Əsas məqsədi isə Çinin sürətli inkişafının qarşısını almaqdır".

Çinin dəniz ticarət yollarında qarşılaşdığı bu qədər ciddi əngəli aşmaq üçün məcburən quru ticarət yollarına önəm verdiyini söyləyən Heydər Oğuzun fikrincə, Azərbaycanın geosiyasi əhəmiyyəti də əsasən bu sahədə özünü göstərir: “Çünki ABŞ-nin, əslində həm də Çinin digər balaca rəqibi sayılan Rusiyadan və İrandan yan keçən quru ticarət yolunda ən kritik bölgələrdən biri Azərbaycandır. Çünki "Bir kəmər, bir yol" marşrutu Azərbaycandan keçir. Odur ki, regionumuz ABŞ-Çin-Rusiya rəqabətinin ən önəmli sahələrindən birinə çevriləcək. Hər 3 dövlət Azərbaycan uğrunda ağır rəqabətə başlayacaq. Bunun bizim üçün həm mənfi, həm də müsbət təsirləri olacaq. Azərbaycan strateji ağlını işə sala bilsə, bu amansız rəqabətdən inkişaf edərək çıxacaq. Siyasi səbatsızlıq üzündən bütün şanslarımızı qaçırmaq və Əfqanıstana çevrilmək ehtimalımız da var. Azərbaycan hakimiyyətinin bu zamanadək yürütdüyü həssas siyasətlər kritik vəziyyəti hələ ki lehimizə çevirməyi bacardığını göstərir. Amma bu siyasətin uğuru təkcə bizdən asılı deyil. Bizimlə yanaşı, Ermənistan və Gürcüstan, hətta Mərkəzi Asiya ölkələri də kordinasiyalı siyasət yürütməyə çalışmalıdır. Bunu bacaracağıqmı? Bu sualın cavabını zaman verəcək. Amma unutmamalıyıq ki, dünya üzərində gedən varoluş savaşı Azərbaycanı olduqca kritik ölkəyə çevirib. Və bu şüurla təmkinli, uzağa hesablanmış siyasətimizi davam etdirməliyik”.

E.MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR