İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir də ayılıb nə görəcəyik?..

3078 30.01.2026 11:30 Yazarlar A A

Bugünlərdə “azər” və ya “azəri” sözü ilə bağlı kiçik mübahisə oldu. Qarışmaq fikrim yoxdur, çünki nə qədim tarix, nə də filologiya üzrə mütəxəssis deyiləm, mifologiyadan-filandan da biliyim uzağı, orta savadlı adamın bildiyi qədərdir, artığına iddialı deyil.

Tamam başqa tərəfə diqqət çəkmək istəyirəm, özü də sadəcə, vətəndaş kimi. Gəlin “azəri “və ya “azər” sözünü, ümumiyyətlə, siyasi dövriyyədən çıxaraq, hər şeyə yapışdırmayaq onu, çünki bəzən elə eybəcər şeylər alınır ki, adam, yumşaq desək, özünü birtəhər hiss edir.

Əvvəl moda idi. Sonradan deyəsən, nəsə duydular və bir az korrektə etdilər, çünki yazını yazan zaman azca maraqlandım, amma daha belə şey qalmayıb deyəsən.
İnanın, su, qaz, meşə, torpaq və. s. kimi təsərrüfat təsisatlarına-subyektlərinə, nə bilim, quşçuluq, qoyunçuluq-keçiçilik-filanla məşğul olan respublika statuslu strukturlara bunları yapışdırmağa qəti ehtiyac yoxdur.

Başa düşürük, BP, BBC və s. abreviaturalar kimi nümunələr var təcrübədə. Elə “Amerika” sözü də az hallanmır ən müxtəlif adlarda. Amma müqayisəmi üzürlü sayın, sadəcə, vətəndaş kimi deyirəm: sabah kimsə, üzr istəyirəm, eşşəkçilik təsərrüfatı yaradanda durub adını “azəreşşək” qoymalıdır? Yeri gəlmiş, deyilənə görə, eşşək südü bütün dünyada dərman kimi istifadə olunur, çox da bahadı. “Baha” sözünü ona görə vurğulayıram ki, bəzi məmur biznesmenlərimiz bunu eşidəndə lap gözləri alçı-toxan vurur.

Sözüm heç bunda da deyil. Ənənə daha çox Sovetdən qalmadır. Nisbətən yaşlı adamlar təsdiq edər. Sovet vaxtı o qədər eybəcər abreviaturalar olurdu! Onda dissident filosof A.Zinovyevin bir romanı az qala, buna həsr olunmuşdu.

İnanın, elə özüm də lap bu yaxın illərədək Xətai tərəfdə kiçik bir idarənin adını oxumuşdum, hətta yazıb götürmüşdüm də: abreviaturada bəlkə də 32 hərf vardı, çox eybəcər bir şey idi!..

Başqa ölkələrdə hər nəyinsə bütün ölkəni əhatə etdiyini diqqətə çatdıranda, bütün ölkədə şəbəkəsi olduğunu qeyd edəndə uzağı, bir “milli” (tərcüməsini deyirəm) sözü işlədərlər, amma buna da ehtiyac yoxdur, çünki yenə də gülməli və gülünc şeylər alına bilər. Odur, gəlin praktikaya, ümumiyyətlə, son qoyaq. İnanın, çətin iş deyil, beynimizi qurdalasaq, bəlkə daha uğurlu adlar taparıq.

Özümüzə yaxın sahələri də qeyd edərdim. Hətta partiyalarımızın çoxunun adında mütləq bir “Azərbaycan” sözü olardı (çoxunun artıq addan savayı şeyi qalmayıb!). Başqa ölkələri demirəm, görün, qardaş Türkiyədə belə şey varmı? Heç kimsə özünə “Türkiyənin filan partiyası” deyrimi?..

Məsələ başqa aspektdən də maraqlıdır. Hamı Prezidentin dillə bağlı dediklərini müzakirə edir. Amma bunlar da dil məsələsidir axı və dilimizin ən mühüm problemi həm də onun rəsmi aspektdə, dövlət idarələrində necə işlənməsi, sənədləşdirmədə necə nəzərə alınmasıdır.

Amma dilin adı çəkilən kimi hamının yadına yalnız zavallı jurnalistlərimiz və jurnalistika düşür, ölkənin ən sonuncu, az qala, huşunu itirmiş təqaüdüçüsü də jurnalistləri öyrətməyi özünə vəzifə bilir. Yoxdur, arxayın, farağat və rahat olun, daha yazılı jurnalistika deyilən şey qalmayıb! Bunu tək məmurlar da etmədi! Yadıma gəlir, özünü hətta müsətəqil adlandıran bəzi telekanallar necə canfəşanlıq edirdilər! Yazılı mediaya dəstək olmaqdansa, əksinə daim “vurur”dular! Çoxu elə başa düşürdü ki, televiziyalar yazılı medianın da auditoriyasını ələ keçirməyə çalışırdı! Amma məsələ başqa idi: yazılı mediadakı azadlıq və yaxud müstəqillik qorxudurdu onları! Dərdləri bu idi! Belədəsə, bəndəniz bir xeyli beynəlxalq radioların birində çalışmışdı. Orada hər şey tamamilə başqa idi, nəinki yazılı mediaya qarşı heç bir qısqanclıq yox idi, əksinə hər gün qəzetlərin icmalı verilirdi, qəzetlərdəki maraqlı yazılar xüsusi şəkildə səsləndirilirdilər. Başqa necə olmalı idi? Biz jurnalistlər biri-birimizin düşməni deyildik ki! Radiolar da bizim idi, televiziyalar da, qəzetlər də!..

Dilə gəldikdə, onu da deyim ki, on illərlə ölkədə böyük postlar tutan məmurlar oldu, özlərinə lazım olan bütün “dil”ləri bilirdilər, Azərbaycan dilindən başqa! Guya indi belələri yoxdurmu?..

Belədəsə, kim inkar edir ki, jurnalistlər də daim məsələyə həssas olmalıdırlar. Yenə də bir məsələni də yaşlı insanlar təsdiq edər: sovet vaxtı bir sözün necə yazılmasını öyrənmək istəyəndə hamı orfoqrafik lüğətdən də əvvəl qəzetlərə baxardı.

Dilin elmi-akademik problemləri dilçilərin-alimlərin işidir, siyasətçilər ora müdaxilə edə bilməz, qeyri -mütəxəssislər dil haqqında yalnız sosial-siyasi institut kimi danışa bilər.

Bir aspektini yuxarıda qeyd etdik. Digəri budur ki, artıq mövcud olmayan yazılı jurnalistikadan hansısa dil meyarları tələb etməkdənsə, heç olmasa, nəşriyyatlarla işləyin. Onlar kitab buraxırlar, hərçənd, deyəsən, bir-iki ildən sonra başqa məşğuliyyət axtarmalı olacaqlar.

Kitab alanların sayı eksponensial xətlə azalmaqdadır; alan yoxdur, uzağı, dərslik alırlar, o, da bir-iki nəşriyyatın inhisarındadır, qalanlarsa onun–bunun “nəsil şəcərəsi”, yaxud da “kriminal avtorirtet”lər haqqında “kitablar” buraxırlar...

Suverenlik də, müstəqillik də o vaxt mövcud olurlar ki, insanların şüurunda qalırlar. Baxın, tariximizdə 70 il “pauza” oldu, amma həm də şüurlarda qaldıqları üçün axırda onlar yenə də qayıtdı, bərpa olundular.

Di gəl ki, yenidən bütün bunlar başqa səmtdən aşınmaya məruz qoyulurlar, millətin özünə şübhəsi yaranır, sanki adamlar özlərindən qaçmaq istəyirlər. Artıq unutmuşam, politologiyada millət olmağın bir neçə qatı göstərilir: siyasət-dövlət milləti, mədəniyyət-şüur milləti və s. Bunlardan ən dərin qatda olanı, ən önəmlisisə şüur - mədəniyyət milləti hesab olunur. Çalışaq, onu itirməyək.

Əksər hallarda əvvəl xalq-millət olur, daha sonra onun dövləti yaranır. Çox az hallarda, əvvəl dövlət yaranır və yalnız bundan sonra onun milləti! Hərdən mənə elə gəlir, deyəsən, bizim bəxtimizə ikinci senari yazıldı: pis–yaxşı, dövlət var, amma milləti hələ tamam formalaşmayıb...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR