Qarabağda mövcud olmuş keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın barəsində çıxarılan hökmlə bağlı ailəsi bəyanat yayıb.
Musavat.com xəbər verir ki, 20 illik həbs cəzasına məhkum olunan Vardanyanla bağlı qərarı ailəsi “dəhşətli və gözlənilən” adlandırıb.
Vardanyan ailəsi aparılan istintaq və məhkəmə prosesi, həmçinin müdafiənin təşkili ilə bağlı əsassız ittihamlar səsləndirib. Bəyanatda vurğulanır ki, “Azərbaycan təkcə Rubeni və digər erməni caniləri mühakimə etməyib, bu hökm bütün erməni xalqına verilib”. Sonda isə hərbi canilərin azad olunması üçün beynəlxalq aləmin dəstək verməsinə çağırış olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı (hökm) elan olunub. Bakı Hərbi Məhkəməsində Ruben Vardanyana 20 il azadlıqdan məhrumetmə cəzası verilib.
Vardanyan 2022-ci ildə Rusiya pasportundan imtina edib Qarabağa qanunsuz şəkildə daxil olub. O, 2023-cü il, sentyabrın sonlarında Laçın dəhlizində - Ermənistana yeganə yolda saxlanılıb.
Vardanyan Rusiyada “Troyka Dialoq” investisiya şirkətinin təsisçisi kimi məşhurlaşıb. Qərb jurnalistlərinin araşdırmasına görə, bu şirkət vasitəsilə Rusiyadan xaricə təxminən 4,6 milyard dollar çıxarılıb. O, “Skolkovo” məktəbinin ilk prezidenti və “Rosqosstrax”ın idarə heyətinin üzvü kimi tanınıb.
Məlumata görə, milyarder Qarabağa getdikdən sonra Rusiyadakı bütün biznesini “Q Capital” şirkətinin idarəçiliyinə verib. Onun nizamnamə kapitalı 4,5 milyard rubl, keçən ilki gəliri 800 milyon rubl təşkil edib. “Q Capital”ın sahibləri isə “TD Advisors” offşor şırkəti və Vardanyanın həyat yoldaşı Veronika Zonabenddir
Ümumilikdə, Ruben Vardanyan “Q Capital”ın nəzarəti altında olan bir neçə şirkətinin səhmlərini dövr edib. Söhbətin hansı şirkətlərin səhmlərindən getdiyinə baxaq. "Avtoinvest"in 20 faizi. 2021-ci ilin dekabrına olan məlumata görə, “Avtoinvest” “KamAZ” səhmlərinin 23,54%-nin sahibi olub. Maliyyə hesabatlarına görə, 2022-ci ildə “Avtoinvest” in xərcləri 3,5 milyard rubl təşkil edib, xalis aktivləri isə 16 milyarddan 13 milyard rubla qədər azalıb.
“Feelgood” Konstaltinq Bürosunda 60 faiz paya sahib olan Vardanyanın bu bürosu audit və risklərin qarşısının alınması da daxil olmaqla, Rusiyadakı xeyriyyəçi QHT-lərə hüquqi, maliyyə, piar və qrant dəstəyi xidmətləri göstərir. Ümumi “çirkli gəliri” ildə təxminən 150 milyon rubl təşkil edir, lakin rəsmi xalis gəliri cüzidir.
“Atlanta” və “Atlanta Şimal-Qərbi” adlanan qapalı biznes klubunda da biznesmenin 85 faiz payı var. Mövcud olduğu beş il ərzində gəlirlər yüz milyondan üç yüz milyona qədər artıb, keçən il də xalis mənfəət əldə edib.
"Vosxod"adlı qiymətli kağızlar dillerində 25 faiz payı olsa da, məlumatlara görə, ötən il təxminən 200 milyon rubl dəyərində aktivlərini itirib. Həmçinin, Vardanyanın həyat yoldaşının nəzarət etdiyi "Q Capital"ın idarəetməsində faydalı qazıntıların çıxarılması üçün lisenziyası olan Belqorod sənaye parkında "Kombinat" şirkəti və Moskva yaxınlığında plastik istehsal edən zavod var.
Daşınmaz əmlaklarına gəlincə, Kremlin bir neçə addımlığındakı Arbat ərazisində yerləşən “Romanov Dvor” biznes mərkəzi Vardanyan ailəsinin mülkiyyəti olaraq qalır. Bu, Moskvadakı ən bahalı kommersiya məqsədli daşınmaz əmlaklarından biridir.
Emil Salamoğlu
Musavat.com






