Son günlər dünyanın əsas gündəmində İranda baş verən etiraz aksiyalarıdır. Günü-gündən xalqın dirənişi artmaqdadır və bu səbəbdən cənub qonşumuz gündəm müzakirələrinin başında dayanır. Hətta əminliklə söyləmək olar ki, mövcud durum Rusiya-Ukrayna savaşını “kölgəyə atıb”…
Rusiya-Ukrayna savaşının 1420-ci günündə onu əminliklə söyləmək olar ki, kollektiv Qərb üçün artıq Ukrayna məsələsi cazibədarlığını itirib. Onsuz da son zamanlar müharibə uzandıqca Qərbin Kiyevə verdiyi dəstəyin davamlılığı sual altına düşmüşdü.
Doğrudur, Avropanın qabaqcıl ölkələrinin paytaxtlarında Kiyevin taleyi müzakirə olunurdu. Amma bu da ABŞ başda olmaqla hər bir gücün daha çox dividend qazanmaq istəyindən o tərəfə keçmirdi.
Bir sözlə, hazırda 2022-ci ilin fevralının sonlarında, yəni savaşın ilk günlərində “Ukraynanın yanında sonadək” şüarı ilə çıxış edən ABŞ və Avropa ölkələri indi getdikcə daha ehtiyatlı, daha ölçülü ritorika sərgiləyir. Rəsmi açıqlamalarda birlik nümayiş etdirilsə də, pərdəarxası müzakirələrdə “müharibə nə qədər davam edəcək?” sualı açıq şəkildə səslənir. Bu da Qərbin Ukraynadan yorulub-yorulmadığı məsələsini aktuallaşdırır.

“Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Musavat.com-a açıqlamasında Rusiya-Ukrayna müharibəsinin təkcə qarşı-qarşıya duran tərəfləri deyil, eyni zamanda Ukraynaya və Rusiyaya dəstək verən ölkələri də ciddi şəkildə yorduğunu bildirib:
“Müharibə artıq ilk həftə və aylardakı kimi yüksək motivasiya, emosional gərginlik və sürətlə davam etmir. Faktiki olaraq cəbhə xəttində müəyyən durğunluq müşahidə olunur. Münaqişə gözləniləndən, hətta ilkin planlaşdırılandan da daha uzun müddətə uzanıb və görünən odur ki, bu proses hələ bir müddət də davam edəcək.
Hazırkı mərhələdə tərəflərin heç biri güzəştə getmək niyyətində deyil. Xüsusilə Rusiya tərəfi geri çəkilmək mövqeyindən qəti şəkildə uzaqdır. Bu vəziyyət Avropa ölkələri üçün də getdikcə ciddi yükə çevrilməkdədir. Müharibənin ilk mərhələlərində yüksək fəallıq nümayiş etdirən bəzi Avropa dövlətləri artıq prosesdən kənarlaşmağa çalışır, digərləri isə passiv və seyrçi mövqe tutmağa üstünlük verirlər. Çünki Ukrayna müharibəsində aktiv iştirak milyardlarla maliyyə vəsaiti tələb edir və bu vəsaitlər ölkədaxili sosial, iqtisadi və digər prioritet sahələr hesabına yönləndirilməli olur. Bu isə Avropa dövlətləri üçün olduqca ağır bir yükdür.
Xüsusilə ABŞ-nin Ukrayna məsələsinə yanaşmasında müşahidə olunan siyasət dəyişikliyi prosesi daha da mürəkkəbləşdirib. Əgər əvvəl Ukrayna müharibəsi ABŞ üçün əsas prioritetlərdən biri idisə, hazırda Tramp administrasiyası tərəfləri israrla barışığa çağırır və münaqişənin siyasi yollarla həllinə nail olmağa çalışır. Bu amil də prosesin ümumi dinamikasına ciddi təsir göstərir.
Nəzərə almaq lazımdır ki, Ukraynanın əsas maliyyə və hərbi donoru məhz ABŞ idi və ölkəni prosesdə ayaqda saxlayan əsas güc də Vaşinqtonun dəstəyi idi. Belə bir vəziyyətin formalaşması Rusiya üçün əlverişli hesab olunur. Görünür, Moskva bu məsələni dərindən təhlil edib və vaxt faktorunun öz xeyrinə işlədiyinin fərqindədir. Məhz buna görə də Rusiya müharibəni uzatmağa, vaxtdan maksimum yararlanmağa çalışır. Vaxt uzandıqca Avropanın səbrinin tükənməsi və bəzi ölkələrin prosesdən çəkilməyə meyl göstərməsi Rusiyanın strategiyasını daha da möhkəmləndirir. Nəticə etibarilə müharibə resursların tükənməsinə yönəlmiş, uzunmüddətli və ağır bir qarşıdurma xarakteri alıb”.
Siyasi şərhçi hazırda münaqişənin artıq səbr, resurs və siyasi iradə savaşına çevrildiyini deyib:
“Qərb hələlik tam geri çəkilməsə də, əvvəlki qədər emosional və qətiyyətli mövqe sərgiləmir. Rusiya isə bu reallığı öz xeyrinə çevirməyə cəhd göstərir. Prosesin yekun nəticəsi əsasən Vaşinqtonda, Brüsseldə və digər Avropa paytaxtlarında qəbul ediləcək qərarlardan asılı olacaq”.
Cavanşir ABBASLI
Musavat.com






