Müharibə Rusiyanın şərtləri ilə yekunlaşarsa, Qərb pərt, Ukrayna cəzalanmış güləşçiyə tətbiq edilən “parter” vəziyyətinə düşəcək, Amerika isə...
Paşinyan hökumətinin Qarabağla bağlı illər öncəki danışıqlara dair açıqladığı sənədlərə Azərbaycanın ictimai rəyində xüsusi reaksiya olmamasının səbəbi bəllidir: 35 il sürən Qarabağ problemi Azərbaycan üçün daha bitmiş mövzudur.
İllər öncə erməni liderləri nə deyib, kimə nə məktub yazıblar, bu daha tarixi yazan səlnaməçilər üçün maraqlı materialdır, götürüb istifadə etsinlər. Hətta mütləqdir ki, bu faktları Qarabağ münaqişəsinin tarixi haqda orta və ali məktəb dərsliklərinə salsınlar. Çünki Azərbaycan qanla yazılmış tarixi, erməni liderlərinin düşmənçiliyni heç vaxt unutmamalıdır.
Dünya indi bir neçə ölkə liderinin və Avropa İttifaqı funksionerlərinin danışıqlarının sensasion stenoqramını müzakirə etməkdədir.
“Spigel”in məlumatına görə, bu danışıqlar ötən həftəsonu Floridada Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşündən sonra olub. Zelenski ilə telefon danışığında Makron, Merts, Finlandiya prezidenti, Polşanın, Danimarkanın, Norveçin, İtaliyanın baş nazirləri, eləcə də Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kosta iştirakçı olub.
![]()
Nəşrin yazdığına görə, Makron “təhlükəsizlik təminatlarına aydınlıq gəlmədən ABŞ-ın ərazi məsələlərinə görə Ukraynaya xəyanət etməsi ehtimalını” xatırladıb və Zelenski üçün “böyük təhlükə” olduğunu qeyd edib. Merts isə Zelenskiyə "yaxın günlərdə çox diqqətli olması “xəbərdarlığını edib. Kansler "onlar həm sizinlə, həm də bizimlə bir oyun oynayırlar" deyib.
Bu stenoqramın Ukrayna danışıqlarının çox həssas dönəmində mediaya sızdırılması diqqət çəkir. Avropa liderlərinin mövqeyi bu stenoqram olmadan da aydın idi, amma burada əsas diqqətçəkən ABŞ-a yönəlik “satmaq, xəyanət” kimi ittihamlardır. Ehtimal ki, bu sızmada da hədəflərdən biri ABŞ-a yönəlik ittihamların bir az kobud ifadələrlə tirajlanmasıdır. Görək, Tramp bu ittihamlara nə deyəcək? Unutmayaq ki, ABŞ prezidenti lazım gələndə, opponentlərinin cavabını artıqlaması ilə verə biləcək acı dilə sahibdir...
Ukraynada savaşın bitməməsi bir dərd, bitməsi bir ayrı dərddir. Çünki müharibə Rusiyanın şərtləri ilə yekunlaşarsa, Avropa pərt, Ukrayna isə cəzalanmış güləşçiyə tətbiq edilən “parter” vəziyyətinə düşəcək.
![]()
“Rusiya Ukraynada qalib gəlsə, dünya böyük fəlakətlərlə üzləşəcək” tezisi Qərbin bu savaş başlayandan tirajladığı əsas arqumentlərdən biridir.
Dünyada nüvə silahını ilk və hələ son dəfə istifadə edən ABŞ, loru dildə desək, “gönüqalın” ölkədir, özünün birbaşa qoşulduğu və ya dəstək verdiyi müharibələrdə də adətən, uduşlu, ya da “quru” çıxmağı bacarır. Vyetnam və ya Əfqanıstan kimi bataqlıqdan qaçdığı da olub. Yəni Ukraynadakı məğlubiyyətdə Amerikanın da “payı”ı olacaq, bunu Bayden hakimiyyətinin üzərinə yıxmaqla iş bitmir. Çünki bu məğlubiyyət ABŞ-ı gücünün sərhədlərinə şübhələri artıracaq, Amerikanın siyasi isteblişmentində(elitasının) qlobal proseslərə aqressiv müdaxilə tərəfdarlarının mövqeyini gücləndirəcək. Trampa deyəcəklər ki, sən deyirdin, Amerika dünyada çox işlərə burnunu soxmamalıdır. İndi bu siyasət iflas oldu...
![]()
Rusiyanın qalib elan olunmasından sonra dünyaya təkbaşına meydan oxuyacağı haqda deyilənlər məncə, bir az şişirdilir, amma “adamın adı çıxınca, canı çıxsın”. Özgə torpaqlara yeni hərbi təcavüz gözləntiləri qərəz deyil, əslində Rusiyanın dövlət kimi mahiyyətindən irəli gəlir.
Avropa liderlərinin narahatlığını başa düşmək asandır, onlar 4 ilə yaxındır Rusiyanı strateji məğlubiyyəti üçün gecə-gündüz çalışır. Ona görə Ukrayna müharibəsi Rusiyanın şərtləri ilə bitərsə, “qoca qitə”nin-Avropa Birliyinin, NATO-nun “əli boşda” qalacaq. Çünki strateji məğlubiyyət o deməkdir ki, həmin dövlət nəticədə mühüm hədəflərini itirir. Rusiya prezidenti Qərbin strateji məğlubiyyət termininə daha kəskin tərif verib. Putin dəfələrlə deyib ki, “strateji məğlubiyyət” Rusiyanı birədəfəlik məhv etmək planıdır. Dünyadakı nüvə başlıqlarının yarıdan çoxuna (6 mindən çox)sahib olan dövləti “strareji məğlubiyyətə” uğratmağı hədəf kimi qarşıya qoymaq yanlış idi. Ukrayna həm də bu hirsin, mənasız hədəfin güdazına gedib. Ukraynada Qərbin məğlubiyyəti həm də NATO-nun şərqə doğru sonsuz genişlənməsini çıxış yolu bilənlərin, Rusiyanın müharibəyədək olan tələblərini “kollektiv təhlükəsizlik sistemindən kənarlaşdırılmaqla” cavab verən siyasətin də məğlubiyyəti demək olacaq.
Amma strateji məğlubiyyət alınmadırsa, qəm etməmək olar, çünki Rusiya bu müharibədə strateji hədəflərini itirməsə də, dünyada bu dövlətə inamı və güvəni təməlli sarsıtdı. Ermənistanın Moskvadan üz çevirməsinə çox rəng vermək olar, amma bu daha çox güvən(sizlik) məsələsidir. Rusiyanın 2022-ci ilin fevral qərarı ilə özünə etdiyi pislik faşist Almaniyasının İkinci Dünya müharibəsi ilə müqayisə oluna bilər. O tarixdən 80 il keçib, ikiyə bölünən Almaniya birləşib, siyasi siması dəyişib, vurduğu maddi ziyanlara görə bəzi dövlətlərə külli-miqdarda kompensasiya belə ödəyib, amma hələ də Hitlerin işğalçı siyasətinin vurduğu yaralar unudulmayıb, sağalmayıb, Hitlerə isə lənət davam edir.
Rusiya savaşın sonunda yəqin ki, ərazisinin artıracaq, amma qardaş dedikləri xalqla qırğına tutarlı izahat tapa bilməyəcək, işğalın vurduğu ləkəni üzərindən silə bilməyəcək. Rusiya tarixi boyu çox belə ləkələri üzərinə götürüb, sonra isə bunları düzəltməyə çalışıb. Amma “bu həna o hənaya bənzəməz..”
Nazim SABİROĞLU,
Musavat.com






