Bu ilin 5 ayında büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə azalıb
Məlum olduğu kimi, Azərbaycanın dövlət büdcəsinin yanvar-may ayları üzrə gəlir-xərcləri açıqlanıb. Maliyyə Nazirliyinin yaydığı məlumata görə, 2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin icrası və xəzinə əməliyyatlarının idarə edilməsi sahəsində yüksək nəticələr əldə olunub. Bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 501 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.
Cari ilin yanvar-may ayları ərzində dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat təşkil edib ki, bu da proqnozu 265,0 milyon manat və ya 1,6 faiz üstələyib. 2026-cı ilin yanvar-may ayları ərzində icmal büdcənin gəlirləri 19 milyard 865,3 milyon manat, xərcləri isə 15 milyard 611,5 milyon manat məbləğində icra edilib.
Bildirilir ki, dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 7 milyard 825,3 milyon manat təşkil edərək proqnozdan 130,3 milyon manat və ya 1,7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 534,0 milyon manat təşkil edərək proqnozdan 10,0 milyon manat və ya 0.4 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 22,2 milyon manat təşkil edərək proqnozdan 2,6 milyon manat və ya 13.3 faiz, sair daxilolmalar 352,4 milyon manat təşkil edərək proqnozdan 227,4 milyon manat və ya 181.8 faiz çox, Dövlət Neft Fondundan transfert isə 5 milyard 350,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 281,8 milyon manat təşkil edərək proqnoza qarşı 72.8 faiz icra olunub.
Yanvar-may ayları ərzində dövlət büdcəsinin xərcləri 13 milyard 852,7 milyon manat proqnoza qarşı 13 milyard 375,2 milyon manat məbləğində icra edilib ki, bu da 96,6 faiz təşkil edir. Bu, büdcədə 3 milyard manatlıq profisitin yaranması deməkdir.
Qeyd edək ki, məbləğ ifadəsində götürdükdə, bu ilin 5 ayında büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Belə ki, ötən ilin yanvar-may ayları üzrə dövlət büdcəsinin gəlirləri 17 milyard 138,0 milyon manat təşkil etmişdi ki, bu da cari ildəkindən 768,3 milyon manat çoxdur.
Ötən ilin 5 ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti büdcəyə bu ilkindən 18 milyon manat çox - 7 milyard 843,3 milyon manat, Dövlət Gömrük Komitəsi 55,5 milyon manat çox - 2 milyard 589,5 milyon manat təmin etmişdi. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin büdcə ödənişi isə 4,2 milyon manat artıb.
Bu azalma 2026-cı ilin büdcə layihəsinin neft hasilatı və qiymətində eniş perspektivinə uyğun hazırlanması ilə bağlıdır. Belə ki, Azərbaycanın neft hasilatı sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 4 ayında ölkdə ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz az - 8,8 milyon ton neft hasil edilib. Dövlət Gömrük Komitəsi tərəfindən açıqlanan xarici statistikadan aydın olur ki, eyni dövrdə xaricə neft satışı 8 milyon tona yaxın olub ki, bu da illik ifadədə 3,42 faiz azalma deməkdir. Bu ixracdan əldə olunan gəlirlər isə 4,33 faiz azalmaqla 4 milyard 365 milyon dollar təşkil edib. Nəzərə alsaq ki, münaqişədən əvvəlki yanvar-fevral aylarında 3,6 milyon ton neft (1 milyard 704 milyon dollar dəyərində) ixrac olunmuşdu, onda mart-aprel aylarında bu göstəricinin 4,4 milyon tona bərabər olduğunu söyləyə bilərik. Bu, o deməkdir ki, ilk iki ayda 1 ton nefti 473,3 dollara (təxminən 1 bareli 64,8 dollara), mart-apreldə isə orta hesabla 604,8 dollara (təxminən 82,84 dollar) ixrac etmişik. Mayda Azərbaycan neftinin orta qiyməti 105 dollardan yuxarı olub.
ABŞ-İran münaqişəsinin tam həlli prosesinin uzanması şəraitində neft qiymətlərinin ən azı 2026-cı ilin 3-cü rübünün sonunadək 90 dollar ətrafında qalacağı gözlənilir. Bütün bunlar Azərbaycanın dövlət büdcəsinə daha çox əlavə gəlirlərin daxil olmasına imkan yaradacaq. Bu proses artıq birinci rübdən hiss olunmaqdadır. Belə ki, ixracın azalmasına baxmayaraq, qiymət artımı sayəsində ilk 3 ayda "Azəri-Çıraq-Günəşli" yatağında çalışan şirkətlərin büdcəyə ödədikləri mənfəət vergisinin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 milyon manat artaraq 118 milyon manat təşkil edib.
Qəbul olunmuş büdcə zərfinə əsasən hökumət bu il büdcə kəsirinin 3 milyard 125,6 milyon manat olmasını proqnozlaşdırıb. Bu məbləğin 125,0 milyon manat dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar, 2 milyard 569,6 milyon manatı daxili və xarici borclanma hesabına cəlb olunan vəsaitlər, 400,0 milyon manatı isə vahid xəzinə hesabının sərbəst qalığının vəsaitləri ilə örtülməlidir.
Hesablama Palatasının büdcə sənədinə verdiyi rəydə qeyd olunur ki, 2026-cı ilin büdcə layihəsində də ötən ilin dövlət büdcəsində müşahidə olunan tendensiya davam etdirilib, büdcə kəsirinin maliyyələşdirilməsində borclanma həcminin yüksək səviyyədə olması dövlət borcuna xidmət xərclərinin artımını şərtləndirib: “2026-cı ilin proqnozlaşdırılan dövlət büdcəsi üzrə kəsirin həcmi 3 milyard 125,6 milyon manat, dövlət borcuna xidmət xərcləri isə 2 milyard 457,6 milyon manat məbləğində müəyyən edilib. Əvvəlki illərin proqnoz göstəriciləri ilə müqayisədə 2025 və 2026-cı illərdə bu iki göstəricinin bir-birinə kəskin şəkildə yaxınlaşması diqqəti cəlb edən məqamlardandır. Bu tendensiya büdcə kəsirinin demək olar ki, böyük hissəsinin borca xidmət xərclərinin maliyyələşdirilməsinə yönələn "məcburi yük" səviyyəsinə yaxınlaşmasına səbəb olur ki, bu əlavə risklər formalaşdırır".
Xatırladaq ki, ötən ilin birinci yarısından sonra dövlət büdcəsi kəsiri 1 milyard 556 milyon manat azaldılaraq 1 milyard 495,6 milyon manat məbləğinə endirilmişdi.

Eldəniz Əmirov
İqtisadçı Eldəniz Əmirovun “Yeni Müsavat”a dediyinə görə, büdcə gəlirlərinin proqnozdan çox icra olunması gəlir planına artıqlaması ilə əməl olunduğunu göstərir: “Büdcə idarəçiliyində bir sıra proqnozlar tam icra olunmaya bilər. Burada ən təhlükəli məqam gəlirlərin proqnozdan aşağı olmasıdır. Birinci rübdə Azərbaycanda göstərici proqnozdan 1,6 faiz çox olub. Mənbələr üzrə gəlirlərin əksəriyyətinin proqnozdan yüksək olması büdcədə təxminən 3 milyard manatlıq profisitin formalaşmasına səbəb olub. Lakin gəlirlərin 1,6 faizlik artımı fonunda 3 milyard manatqlı profisitin olmasını heç də tam müsbət məqam kimi dəyərləndirmək mümkün deyil. Çünki adətən hökumət dövlət investisiya qoyuluşu və sair maliyyə tutumlu xərc maddələri üzrə vəsait ayrılmasına ilin ikinci yarısında başlayır. Bu baxımdan, profisitli büdcə ilin sonunadək davam edəcək deyə bir şey yoxdur”.
Əmirov qeyd edir ki, dövlət qurumlarının ödənişli xitmətlərindən daxilolmaların azalması o xidmətlərdən bəhrələnənlərin sayının azalmasından xəbər verir: “Digər tərəfdən, büdcə gəlirlərinin böyük bir hissəsi Dövlət Neft Fondundan transfertin payına düşür ki, bu da büdcənin neftdən asılılığının yüksək olduğunu göstərir. Bütün bunlara baxmayaraq, açıqlanan büdcə göstəricilərini bütövlükdə qaneedici qiymətləndirmək mümkündür”.
Ötən il büdcə gəlirlərinin daha yüksək olmasına gəlincə, iqtisadçıya görə, bu, ötən il daha yüksək bazanın olması ilə bağlıdır: “Bu il üçün müsbət məqam neft qiymətlərinin yüksək olmasıdır. Bu, riskləri böyük ölçüdə zərərsizləşdirən başlıca faktordir. Digər tərəfdən, hesab edirəm ki, büdcə gəlirləri ilə yanaşı, onların xərclənməsindəki səmərəlilik məsələsi də həlledici rol oynayır. Bu baxımdan, cari ilin büdcəsi həm xərclərin səmərəliliyi, həm də effektiv idarəetmə amillərinə görə özündən əvvəlki bütün büdcələrdən müsbət mənada kəskin fərqlənir”.
Dünya SAKİT,
“Yeni Müsavat”






