XXV Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən fiqurlu konkisürən cütlük Nikita Raxmanin – Karina Akopovanın proqramında separatçı məzmunla assosiasiya olunan “arsax” musiqisindən istifadə etməsi Azərbaycan Milli Olimpiya Komitəsinin kəskin etirazına səbəb olub. MOK məsələ ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət edib. Musiqinin müəllifi Ara Gevorgyan isə idmançılara bu treki istifadə etməyə şəxsən icazə verdiyini açıqlayıb.
Bu cür addımlar regionda həssas olan sülh prosesinə necə təsir edə bilər?
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Musavat.com-a bildirib ki, ermənilərin bu cılız təxribatları heç nəyi dəyişən deyil:
"Bu, sadəcə suda boğulanların saman çöpündən yapışmasından başqa bir şey deyil. Sadəcə könül bulandırır. Həqiqətən də bu cür davranışlar sülhə kiçik də olsa kölgə salmağa cəhddir. Yəni bunlardan ermənilər çəkinsələr, daha yaxşı olar.
Çünki biz ermənilərə həqiqətən də düşmənçilik arzu etmirik. Ümumiyyətlə, onlarla düşmən olmaq fikrində deyilik. Düşünürük ki, Azərbaycan bundan sonrakı mərhələdə öz böyüklüyünü göstərməli və ermənilərlə Qafqazda dinc, sülh şəraitində yaşamalıdır. Yəni biz böyük tərəf, qalib tərəf olaraq bu jesti edirik və ermənilər də bunun qarşılığını verməlidirlər.
Amma görünür ki, hələ də cılız hisslərindən əl çəkməyiblər. Hələ də xırda hisslərlə hərəkət edirlər. Yəni hansısa təxribatçı mahnını haradasa səsləndirməklə guya bizə nə edə bilərlər? Yaxud bizi təxribata cəlb etmək, bizi yenidən müharibə meydanına sürükləmək istəyirlərsə, bu da nəticəsizdir. Çünki Azərbaycan bir dəfə onlara göstərdi: ermənilər təxribat etdilər və bizim son dayanacağımız Xankəndi oldu. Bununla da məsələyə nöqtə qoyuldu".
Azər Həsrət vurğulayıb ki, ermənilər bundan sonra da bu cür təxribatları davam etdirmək əzmində olarsa, məsuliyyət onların üzərində olacaq:
"Ona görə də düşünürəm ki, bizdən öncə Ermənistan tərəfi özü bu məsələlərə diqqət yetirməli idi və bundan sonra mütləq yetirməlidir.
Belə olmadıqda isə, əlbəttə ki, baş verənlərə görə məsuliyyət bizdən getmiş olacaq və bütün nəticələr Ermənistanın üzərində qalacaq".
Xalidə Gəray
Musavat.com






