Si Cinpinin müavini Çinin nüvə proqramı barədə məlumatlarını ABŞ-yə ötürməkdə ittiham olunur.
Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Qəzetin yazdığına görə, Çin Xalq Respublikasının lideri Si Cinpinin Mərkəzi Hərbi Şuradakı birinci müavini Çjan Yuşya ölkənin nüvə proqramına dair məxfi məlumatları ABŞ-yə ötürməkdə ittiham olunub.
Məlumata əsasən, yanvarın 24-də Çin silahlı qüvvələrinin yüksək rütbəli zabitləri üçün keçirilən qapalı brifinqdə bildirilib ki, Çjan ABŞ tərəfinə Çinin nüvə silahları ilə bağlı əsas texniki məlumatları təqdim edib.
Bundan əlavə, hakimiyyət orqanları onun hərbi texnika üzrə tədqiqat, istehsal və satınalmaya cavabdeh quruma nəzarəti ilə bağlı fəaliyyətini də araşdırır.
Mənbələrin bildirdiyinə görə, Çjanın hərbi satınalma sistemində vəzifədə irəliləyiş qarşılığında rüşvət aldığı, həmçinin bir zabitin müdafiə naziri vəzifəsinə təyin olunmasına kömək etdiyi ehtimal olunur.
Çinin Vaşinqtondakı səfirliyinin nümayəndəsi Lyu Penqyunun “The Wall Street Journal”a verdiyi açıqlamada qeyd olunub ki, partiyanın Çjanla bağlı araşdırma aparması rəhbərliyin korrupsiyaya qarşı “tam dözümsüzlük və hərtərəfli mübarizə” siyasətinə sadiq olduğunu göstərir.
Musavat.com






