Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə məhkəmədə “Azadlıq” qəzetinin Fransada yaşayan baş redaktoru Qənimət Zahidə qalib gəlib. Bu barədə hüquq müdafiəçisi Çingiz Qənizadə Qənimət Zahidə qarşı Fransa məhkəməsinə etdiyi şikayət əsasında çıxarılan qərarla bağlı keçirdiyi mətbuat konfransında danışıb.
Musavat.com xəbər verir ki, Çingiz Qənizadə deyib ki, Paris Cinayət Məhkəməsi iddia üzrə qərar qəbul edib və onun şikayəti təmin olunub. Onun sözlərinə görə, 6 noyabr 2019-cu il tarixli şikayəti əsasında bu məhkəmənin istintaq hakimlərindən biri tərəfindən 4 iyun 2024-cü il tarixində verilmiş qərarla
Qənimət Zahid məhkəmə qarşısına çıxarılıb:
“Mənim məqsədim xarici blogerlərin çıxışlarının tamamilə cəfəngiyyat olduğunu sübut etmək və öz adımı təmizə çıxarmaq olub. Artıq 6 ilə yaxındır ki, bu qərarı gözləyirdim. 2019-cu ilin avqust ayında müxtəlif tarixlərdə Qənimət Zahidov özünün Youtube kanalında mənim haqqımda böhtan xarakterli məlumat yayıb.
O iddia edib ki, həmin vaxtlarda Rusiyada bir nəfər azərbaycanlının qətlə yetirilməsinin təşkilatçısı və ya iştirakçısı olmuşam və cəzalandırılmıram. Ona görə də bu böhtanlarla bağlı Fransa məhkəməsinə müraciət etdim. Çünki bu yalan iddiadan əleyhimə istifadə olunub. Eyni zamanda xalqın da düşüncəsinə təsir edib".
Qənimət Zahid dəfələrlə məhkəməyə gəlməkdən imtina etmiş və onun haqqında məcburi gətirilmə qərarı çıxarılıb. O, prosesi siyasiləşdirmək məqəsdi ilə məhkəməyə Sərhədsiz Reportyorlar təşkilatının nümayəndəsini gətirsə də heç bir nəticə əldə edə bilməyib.
Beləliklə, məhkəmə Cinayət Məcəlləsinin 132-29-cu maddələrindən 132-34-cü maddələrinə əsasən Qənimət Zahidovu 500 avro məbləğində cərimə cəzasına məhkum edib. O, Paris Cinayət Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli qərarı ilə cinayət törətmiş şəxs hesab edilib. Belə az miqdarın seçilməsi onun iş yerinin olmaması və Fransa dövlətinin himayəsində olması olub. O, qərarın elan edildiyi tarixdən bir ay ərzində cərimə məbləğini ödəməlidir.
Ç. Qənizadənin sözlərinə görə, bu, Azərbaycan dövlətinin tarixində ilk haldır:
“Mən başqa dövlətə sığınaraq şər-böhtan atan şəxsin həmin dövlətdə məhkəmədə uduzmasına səbəb oldum".
Şahanə Rəhimli
Musavat.com






