NATO-da ciddi müttəfiqlik münasibətləri olan ABŞ və Türkiyənin arasındakı intriqanın, birincinin ikinciyə total basqısının tarixi dünənin, srağagünün məsələsi deyil. Bu basqının mənfi rolu baş nazir Adnan Menderesin devrilib edam olunması, digər baş nazirlərin devrilib həbs edilməsi və ya ultimatumla istefaya göndərilməsi hadisələrində olub. ABŞ Türkiyənin xarici siyasətindən xoşlanmadığı zaman NATO-çu türk generallarının “muhtira”sı ilə vaxtaşırı mülki hakimiyyət koalisiyasını dağıdır, yeni seçkilər elan etdirirdi.
Bu ənənə uzun müddət davam edib - ta 2002-ci ilə qədər. Əsrimizin əvvəllərində isə Türkiyənin siyasi və hərbi rəhbərliyi ABŞ-nin qarşısında bu qədər sözəbaxan olmağın zərər verdiyi düşündülər və yüngülvarı müqavimətlər göstərməyə başladılar.
Bu, xüsusilə ABŞ-nin İraqa nəzərdə tutulan hərbi müdaxiləsi, İraqın parçalanmasıyla, türkmən eli Kərkükdə müstəqil kürd dövlətinin qurulması planı məlum olanda baş verib. Türkiyə silahlı qüvvələrinin baş qərargah rəisi, özü də türkmən mənşəli olan Hüseyn Kıvrıkoğlu Pentaqona əməllicə qarşı çıxıb.
Bu barədə türkiyəli jurnalist Ergün Dilerin qələmə aldığı geniş məqalə var.
Məqalənin qısa məzmunu belədir:
16 iyul 2002-ci ildə Türkiyəyə səfəri üç dəfə təxirə salınan ABŞ müdafiə nazirinin müavini Pol Volfovits rəsmi danışıqlar üçün gecə saatlarında Ankaraya gəlir. Həmin vaxt o, prezident Əhməd Necdet Sezerlə, baş nazir Bülənd Ecevitlə, baş qərargah rəisi Hüseyn Kıvrıkoğlu ilə görüşmək istəyir. İlk ikisindən randevu alan Volfovits Kıvrıkoğlundan görüş ala bilmir və əsəbiləşir. Quru qoşunlarının komandanı olarkən Kiprdə çadırda sui-qəsd cəhdindən sağ çıxan Kıvrıkoğlu onunla görüşməkdən imtina edir - görünür, bu işdə amerikalıların əli olmasından şübhələnirmiş. ABŞ səfirliyi və digər səlahiyyətlilər müdaxilə etsələr də, general inadından dönmür. Axırda Vaşinqton müdaxilə edərək baş nazir Ecevitdən vasitəçilik etməsini istəyir. O da Kıvrıkoğlunu ikinci cəhdində “heç olmasa iki-üç dəqiqəliyə” Volfovitslə danışmağa razı salır.
Bu məqamda Pol Volfovits haqqında qısa bir tanıtma. Bu şəxs 1943-cü ildə Amerikada, Polşadan köçmüş yəhudi ailəsində doğulub. Pol “soyuq müharibə” illərində ABŞ xarici siyasəti üçün effektiv strateqə çevrilib. O, Riçard Nikson, Ceyms Karter, Ronald Reyqan, Corc Buş (ata), Corc Buş (oğul) kimi prezidentlərin iqtidar komandasında çalışıb, Pentaqonda müdafiə nazirinin müşaviri, müavini, İndoneziyada səfir kimi postlar tutub.
2002-ci ildə Türkiyəyə gəldiyi, Kıvrıkoğlu ilə görüşdüyü vaxt o, ABŞ-nin müdafiə nazirinin 1-ci müavini olub. Həmin görüşdə strateq general İraq işğalını gündəmə gətirib, Hüseyn paşa ilə yekə-yekə danışmağa başlayıb. Türkmən oğlu Kıvrıkoğlu Volfovitsin özünü general-qubernator kimi aparmasına sərt reaksiya verib: "Əgər Kərkük də daxil olmaqla, kürd dövlətinin yaradılması məsələsi masadadırsa, bilin ki, biz birbaşa və açıq şəkildə həmin bölgəyə daxil olub müdaxilə edəcəyik". Volfovits gözləmədiyi cavabdan çaşıb və deyib: "Mən ABŞ müdafiə nazirinin müaviniyəm, mənimlə belə danışa bilməzsən".
Kıvrıkoğlu ona belə cavab verib: "Mən də Türkiyə ordusunun rəhbəriyəm və üstəlik, mən türkmən əsilliyəm".
Amerikalı general onun yanından qəzəbli halda çıxıb.
Qısa müddət sonra Kıvrıkoğlu vəzifəsini xələfi Hilmi Özkökə təhvil verib. Amerikalılar düşünüblər ki, Özköklə dil tapa biləcəklər, amma nəticə fərqli olub. Qətnamə Türkiyə parlamentdə bloklanıb. Volfovits Türkiyə ordusunun türk siyasətçilərə həmişə lazımi təzyiq göstərə bildiyini xatırladaraq deyib ki, bu dəfə elə olmayıb. “Qtnamənin qəbul edilməməsində Kıvrıkoğlunun əli var", - deyən general Pentaqonda tez-tez və heç kəsdən çəkinmədən deyirmiş ki, türklər ABŞ-yə meydan oxumağın nə demək olduğunu başa düşməlidirlər".
Düz bir il sonra o, öz kininə uyaraq Türkiyəyə pislik etmək fürsəti yaxalaya bilib. 4 iyul 2003-cü ildə Şimali İraqdakı türk bölməsinə basqın edilib, ABŞ əsgərləri və çoxsaylı peşmərgə döyüşçüləri postu mühasirəyə alıblar. Müttəfiqlərinə qarşı silah istifadə etməyən 11 türk əsgərinin başına çuval keçirilib. Əməliyyat əmrini Volfovitsin verdiyi məlum olub. Türkiyənin siyasi rəhbərliyi, generaliteti, eləcə də ictimaiyyəti bu hadisədən son dərəcə hiddətlənib. (Sonradan İstanbulda iki ABŞ əsgərinin başına çuval keçirilib - aşağıdakı şəkildə).

İki həftədən sonra ABŞ-dəki bir səfirlikdə keçirilən şənlikdə iştirak edən tanınmış şəxslərin arasında Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Riçard Mayers də olarkən, mülki geyimli, lakin səlahiyyətli türk rəsmi Mayersə yaxınlaşıb, ona Şimali İraqda baş verən hadisənin arxasında Volfovitsin dayandığını bildiklərini deyib. Mayers heyrətlənib, “belə şey ola bilməz deyib”. Ancaq rəsmi şəxs ona sənədlər verərək deyib ki, biz başqa şeyləri də bilirik.
Daha sonra Volfovits Kıvrıkoğludan şəxsən intiqam almaq, onun fiziki cəhətdən məhv etmək üçün onun öldürülməsini əmrini verib.
Volfovitsin sifarişi Türkiyəyə çatıb, hazırlıqlar başlanıb. Məkrli plan gizli şəkildə həyata keçirilərkən, kinli amerikalının o vaxtkı məşuqəsi yaxın rəfiqəsi ilə birlikdə italyan restoranına gedib, orada onları italyan dilində salamlayan türk ofisiant qarşılayıb. Volfovitsin ağzını boş qoyaraq sirr verdiyi zəvzək qadın ofisiantı italyan hesab edərək, üstüörtülü şəkildə rəfiqəsinə Kıvrıkoğlunun taleyinin necə olacağından danışıb. Ali təhsilli və ayıq gənc olan türk ofisiant yarım saat sonra eşitdikləri barədə Ankaraya mesaj göndərib: "Düşünürəm ki, Hüseyn Kıvrıkoğlu ilə bağlı pis şeylər olacaq. Onu qoruma altına alsanız, yaxşı olar!"
Volfovitsin komandası Ankaradakı dostlarına "planı icra etmək" əmri verəndə artıq gec olub, heç kim Kıvrıkoğluna yaxınlaşa bilməyib. Onun ətrafında insanlardan ibarət divar olub. Bir müddət sonra təhlükəsizlik kordonu təhlükəni anlayıb, iki şübhəli əcnəbi Türkiyədən deportasiya edilib. Onların yerli əlaltıları saxlanılıb.
Uzun sözün kəsəsi, türk əsgərlərinin başına keçirilən çuval məsələsi iki ölkənin qarasında qırılma nöqtəsi olub. O vaxtdan bəri Türkiyə-Amerika münasibətləri heç cür rəvan şəkil almır, hələ də arada problemlər, çəkişmə-dartışma, söz-sözə gəlmə hadisələri var. Bunun əsas səbəbi Türkiyənin son 24 ildə ABŞ üçün “hər yerə buyrulan kiçik qardaş” olmaq istəməməsinə görədir.
Türkiyə generaliteti bu təhqiramiz davranışı qəbul etmir, çuval həqarətini unutmur və unudası da deyil. 2016-cı ildə ABŞ-nin sifarişi, Fətullah Gülən komandasının icraçılığı başlanmış 15 iyul hərbi qiyamı sırf bu üzdən baş tutmayıb. Çünki artıq ABŞ generallarının Türkiyə generalitetinə təsiri zəifləmişdi.
Sonradan Volfovits Dünya Bankının prezidenti olub və bir dəfə, 2007-ci ildə Türkiyəyə gəlib. Ədirnə məscidində o, ayaqqabısını çıxarmalı olub və corablarının hər iksinin burnu deşik olduğundan Türkiyə və dünya mediasında rişxənd hədəfi olub. Hətta onun üçün yardım kampaniyası təşkil olunduğu da elan edilib.
Volfovitsin Dünya Bankının direktoru postundan istefaya göndərilməsi isə yenə də məşuqəsi Şahrezanın üzündən olub. Aşkara çıxıb ki, o, sevimli xanımı başqalarının başı üzərindən keçirərək, yüksək posta təyin edib, ona xüsusi status verib. Üstü açılanda Volfovitsə qapını göstəriblər.
Araz Altaylı, Musavat.com






