Sumqayıtda bir zəhmətkeş meyvə dükanının qabağına yeşik düzüb orada da alver edirdi, icra hakimiyyəti meyvələri müsadirə etmişdi. Bu cümlənin müşaiyəti ilə: “Vətəndaşa məxsus səkidə meyvə sata bilməzsən!”.
Vallah, mən o cümləni eşidəndə kövrəlib ağlamsındım. Demək, ölkəmizdə səkilər bizə məxsusdur!
Lakin romantikanın yeri deyildi, xalq məmura üsyan püskürdü, meyvələri gətirib qaytardılar. Hətta meyvəçidən intervü almışdılar, deyirdi ki, bir qələtdir eləyib, səhvini başa düşdü, qaytardı.
Gör nə qədər demokratik mühit yaranmışdır! Əlbəttə, tacirlərlə, ya da türkiyəli arkadaşlarımız demişkən, əsnaf tayfası ilə ehtiyatlı olmaq lazımdır. Onlar əsəbləşəndə pis nəticələr verir. Misal üçün, İran. Orda da son üsyanı mobil telefonun qiyməti qalxanda bazarda işləyən satıcılar başlatmışdı. Yaxud, elə özümüzdən götürək, keçən il Nəsimi rayonuna icra başçısı qoyulan cavan oğlan cəmi 47 gün işləyə bildi, çünki gül dükanının sahibindən rüşvət almağa cəhd göstərmişdi.
Eyni zamanda, Sumqayıtda tacirlərimizin Alma müharibəsini qazanması belə nəticələr doğurur ki, artıq küçədə nə istəsən satmaq olar. Yəni, səki hamımızındır. İstər sadə vətəndaş olsun, istər armudsatan. İstər köşə yazarı olsun, istər icra hakimiyyəti müavininin əri. Məncə də bu uğurlu haldır və küçə-səki ticarəti ilə mənasız mübarizəyə son qoyulmalıdır. Məsələn, bizim məktəbin qabağında düz səkidə dana kəsirlər, uşaqlar buna baxıb dərslərini yaxşı oxuyurlar. Hətta keçən il qəbulda cüzi pis nəticələrimiz oldu, DİM və TN birgə araşdırma apardı, ortaya çıxdı ki, sən demə, imtahanlara 2 ay qalan müddətdə hörmətli qəssabımız danaları kəsməyə davam etsə də, onların kəlləsini səki üzərindən asmırmış!
Yaxud, məktəbin qapısı ağzında göy-göyərti, qatıq, pərpətöyün turşusu, ilbiz soyutması, qarışqa təpitməsi satan bir müdrik nənəmiz var, qış imtahan sessiyası vaxtı rayondan gələ bilmədi, direktor məcbur oldu məktəbliləri avtobusa yığıb onun yaşadığı rayona ekskursiyaya aparsın.
Bir də deyir, gərək hər şey qanuna uyğun olsun, əgər səkidə armud satılırsa, icra hakimiyyəti məhkəməyə müraciət etməlidir, hakim gəlib armudlara qarşı vəsatət qaldırmalıdır, prokuror qətnaməyə etiraz etməlidir, canım sənə desin, vəkillər asqırmalı, müttəhim öskürməli, prosesi işıqlandıran media... Nəsə, çox dərinə getməyək, özünüz mövzunu bilirsiniz.
Həqiqətən. Bizdə hər şey hüquqa söykənir, səkilər də hüquq üzərində salınır. Əgər diqqətlə baxsanız, keşniş dəstəsi qanun yayihəsinə, ananas söz azadlığına, banan insan hüquqlarına, meyvə səbətləri də ümumən qanun məcəlləsinə oxşayır. Ona görə də keçən həftə kollegiya daha 7 vəkili cəzalandırdı, 8 vəkil hakim vəzifəsinə yola salındı, 2 vəkil isə səkidə meyvə satmağa getdi. Çünki vəkil və səki qafiyədir! Dərhal bir yanıltmac quraşdırdım, bunu DİM imtahana salsın: “Səkidə vəkil armud çəkir, gəlir icra deyir, çəkil, Vəkil çəkilsə, icra əkilsə, kim əkəcək çəkil? Belədi şəkil.”
Bəzən xalqımız arxayınlaşır, elə bilirlər, həmişə belə olubdur. Xeyr. Biz bu vəziyyətə uzun mübarizələrdən sonra gəlib çatmışıq. Dünən xəbər lentində gördüm, keçmiş müdafiə naziri Səfər müəllimin qardaşı ölmüşdü. 1998-ci ildə mənim o adamla yolum kəsişmişdi, indi kəsişməsin. Səfər müəllimin həmin qardaşı Bakıda tekstil fabrikinin müdiri idi və “təsadüfə” bax ki, orduya lazım olan bir çox geyim əşyalarını Səfər müəllim məhz həmin fabrikə sifariş verirdi. Ki, iqtisadi ədəbiyyatda buna “korrupsiya” deyilir. Mən bunu öyrənib yazdım, yazı qəzetdə çıxan gün redaksiyanın qabağında ekzotik bir hadisə baş verdi: gördük bir dəstə zənən xeylağı, əllərində qəzetimizin, mənim, nəyəsə görə Elçibəyin əleyhinə şüarlarla peyda olublar. Sən demə, həmin fabrikin toxucularıdır, yazıma etiraz edirlər! Kamali-ədəblə bir taburetka qoydular, Səfər müəllimin qardaşı onun üstünə çıxdı (indi çıxmasın), qəzetə nifrətini bəyan elədi. Qadınlar “İstefa”-filan şüarları qışqırdılar, sonra çıxıb getdilər. Həm əyləndik, həm də guya demokratik mühit var idi, etirazlar sivil yolla edilirdi.






