İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat “Qarabağ”dan, Qurbandan yazdı: “Təkcə Nəriman deyil, Toral da…”

1849 13.12.2025 11:02 Gündəm A A

“Siyasətdə maksimalist davrananların siyasətə nə qədər zərər verdiyini gördük. Dində radikal ucda yer alanların dini necə gözdən saldığını hər dəfə müzakirə edirik. İndi də futbolda özləri üçün böyük hədəflər yaradıb xəyal quranlar futbolu çirkləndirməyə başlayırlar.”

Musavat.com xəbər verir ki, bu sətirlər deputat Fazil Mustafanın “Qarabağ” klubunu hədəf alanlara verdiyi cavab yazısında əks olunub.

Fazil Mustafa oğlunun vəfatından danışdı: 'Çiynimdə aparıb dəfn etdim,  amma…' — VİDEO

Fazil Mustafanın maraqlı, həm də sərt yazısını təqdim edirik:

“Fədakarlıq və möcüzə nəticəsində bir komandamız Çempionlar Liqasına düşüb. Oynadığı oyunla uduzsa belə, yaxşı mənada hamını heyrətləndirə bilir. Dağılmır, tökülmür, məhdud ehtiyat qüvvəsi ilə müqavimət göstərir, bəzən udur, bəzən heç-heçə edir, bəzən də uduzur. Ancaq yaxşı futbol oynayır axı! “Çelsi”ni də 2:1 udurdu, “Ayaks”ı da. Ancaq sona qədər bu tempdə oynaması mümkün deyil ki… “Çelsi” birini vurdu, bərabərə qaldılar, “Ayaks” üçünü vurmağı bacardı, məğlub oldular. Kadi zədəli, ehtiyatda Nərimandan, Toraldan, Kaşukdan başqa kim var ki, ondan istifadə etsin? Bir qolun top itkisi Kaşukdan gəldi, bir neçə epizodda da o, Addai kimi ağıllı davranmadı. Sadəcə, komanda 70-ci dəqiqədən sonra tam yoruldu və artan “Ayaks” dalğasında müqavimət zəiflədi. Əslində son dövrlərdə yalnız Nəriman deyil, Toral da, Kaşuk da arzuladığımız fədakarlığı göstərə bilmirlər. Bəhlul və Cəfərquliyev bütün varlığını ortaya qoya bilirlər. Ancaq oyunu bütün komanda uduzur və Nəriman deyil, Musa da çıxsaydı, onu hədəfə çevirmək ehtimalı da yetərincə çox idi. Ona görə də Çempionlar Liqasında oynayan “Qarabağ”ın oyununa bir az əyləncə kimi yanaşaq, futbolçuları qətiyyən təhqir etməyək, məşqçini ruhdan salmayaq. İnanın ki, “Qarabağ”ın sistemli oyunundan sonra hər dəfə “Qalatasaray”a, “Fənərbağça”ya baxanda gözəçarpacaq dərəcədə xətlər arasında rabitəsizliyi daha aydın sezə bilirsən. Ancaq bütün hallarda stadionda baş verən biabırçılıq qətiyyən “Qarabağ”ın 2:4 hesabı ilə məğlubiyyəti deyildi. Jurnalist xanım Jalə Həsənlinin yazdığı status daha böyük biabırçılıqdan xəbər verirdi. Bu da oyunun təşkilatçılığı ilə bağlı idi. Dünyada azarkeşin stadiona gəlməsi üçün min oyundan çıxırlar, pullar xərcləyirlər, necə deyərlər, onların nazını çəkirlər ki, həm pul verib bilet alsınlar, həm də komandanı səsiylə, alqışıyla dəstəkləsinlər. Bizdə xanım jurnalist bilet alıb, yağmurlu havada tıxac əngəlini birtəhər aşıb stadiona gəlib, haradasa oyuna 20 dəqiqə qalmış yetişib, onu da yüzlərlə gecikmiş azarkeşi fasiləyə qədər gözlədiblər ki, bəs qaydalara görə qapılar bağlanıb və sizi stadiona buraxa bilmərik. Yalnız ikinci hissəyə baxmaq üçün içəri buraxıblar. Deyən yoxdur ki, yağan aramsız yağış özü bütün qaydaları pozub, belə fədakar azarkeşləri küsdürmək hansı ağlın məhsuludur? Bax, əsl biabırçılıq bu işin təşkili ilə bağlıdır. Sən bu cür fədakar azarkeşlərin əllərindən öpüb stadiona gətirməlisən. Yeri gəlmişkən, o acımasız yağmurlu gündə islanaraq xəstələnmək bahasına da olsa, komandamıza dəstək verməyə gələn hər kəs hər cür sayğıya, sevgiyə layiqdir. Elə “Ayaks” azarkeşləri də fədakarlığa görə ehtirama layiqdirlər. Ən böyük ehtiram isə leysanın altında sona qədər savaşan, döyüşən futbolçularımıza, məşqçi heyətimizə düşür.

Fikrimcə, “Qarabağ” çıxa biləcəyi zirvəyə çıxıb, özümüz birbaşa oynamadığımız oyuna bu qədər ciddi köklənməsək, bir az da futbolu əyləncə kimi yaşasaq və komandanın qələbəsini Qurbandan daha çox istəməyimizin mümkünsüzlüyünü anlasaq, özümüzü də, komandamızı da əsəb xəstəliyindən qorumuş olarıq.

P.S. Bu gün futbol matçım var, bəlkə mən də bir-iki epizodu dəyərləndirmədim, ancaq yaxşı ki, seyrçi olmayacaq. Dünyada ən rahat iş seyrçi olmaqdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR