Sovet vaxtı, Qorbaçov hakimiyyətə gələndə cürbəcür orijinal, yeni proqramlar elan eləmişdi. Məsələn, bunlardan biri “Elmi-texniki tərəqqinin sürətləndirilməsi” adlanırdı. Vəzirov məhz partiyanın bu proqramından ruhlanaraq kompüterləşdirməyə başlamaq istəyirdi. Digər proje “Zəhmətsiz gəlirlərlə mübarizə” adlanırdı. Alkoqolizmlə mübarizə, yenidənqurma və sairə kimi sarsaq ideyalar da vardı, bunların hamısı bir yerdə SSRİ-nin dağılmasına səbəb oldu, çünki ortada nəsə yoxdursa, nəyi yenidən qurasıydı? Zəhmətsiz gəlir olurmu? Axı hətta rüşvətxorlar belə əziyyət çəkir, qan-tərə batır.
O cümlədən sovet adamı saxta və yalan quruluşa heç olmazsa araq-spirt içib, uyaraq dözürdü, Qorbaçov isə alkoqolu aradan qaldırmaqla baltanı sistemin lap kökündən vurmuşdu.
Ancaq prosesin ən maraqlı şüarlarından biri “Daha çox aşkarlıq, daha çox demokratiya!” olmuşdu. Qorbaçov senzuranı aradan qaldırmış, partiya və dövlətin mətbuata, teleradioya, ümumiyyətlə, söz və fikir azadlığına qadağalarını ləğv etmişdi. Həmin dövrdə bu temada belə anekdot yaranmışdı: “Bir gün Petka Çapayevə sual verir ki, partiya aşkarlıq elan edib, bu nə deməkdir. Çapayev deyir: "Bax, indən belə mənim barəmdə, Lenin barəsində, partiya-hökumət barəsində ürəyindən keçəni deyə bilərsən, buna görə sənə heç nə olmayacaq". Petka heyrətlənir: “Doğrudan heç nə olmayacaq?!” Çapayev deyir: “Hə. Qılıncın, papaq və kürkün, heç çörəyin də olmayacaq”.
İki gün sonra - 26 dekabrda SSRİ-nin rəhmətə getməyinin ildönümüdür, 1991-ci ildə biz onu rəsmən basdırmışıq. Lakin indi həmin proqramların yadıma düşməyinin səbəbi başqadır. “Aşqarsızlıq şəraitində” köşə yazımdan sonra Günel xanım məktub yazıb, 1980-ci illərdə Saatlıda olmuş məzəli əhvalatı göndərib. Deyir bizim kənddə Ağakişi adında qarovulçu vardı, qoruduğu tayadan ot oğurladığı yerdə, günün günorta çağı bunu yaxalayırlar. Deyirlər ayıb olsun, bu nə işdir görürsən, Ağakişi cavab verir: “Aşkarlıq deyilmi?”
Bəli. Açıq-aşkar, gözgörəsi oğurluğa bizdə tarixən hörmət olmuşdur. Generallar və onların oğul-uşaqları gömrükdə qaçaqmalçılıq edir, siqaretdən qızıla, narkotikdən maşına qədər hər cür şeydən pul qazanırsa, sonra bəziləri qaçıb İrana gedirsə, buna münasibətimiz müsbətdir. Görünən dağa bələdçi lazım deyil. Hamı bilir Şirvan çuxurdadır. At özgənin... Nəsə, burada əl saxlayıram, mövzunun getdikcə zibili çıxır.
Sadəcə, bəzən belə aşkarlıq mühitinə dözümsüzlük göstərilir. Hökumətimizin qeyri-hökumət idarəsi var. (Bu, öksümoron deyil, gerçəklikdir). Həmin idarə hər il qeyri-hökumət təşkilatlarına (QHT) pul ayırır. Təzəlikcə həmin idarənin sözçüsü tragikomik açıqlamalar vermişdi. Məsələn, deyir bizə göndərilən 800 layihədən 200-ü plagiat çıxdı. Sitat: “Şəhid ailələrinin Xankəndinə səfərinin təşkili” layihəsi üzrə eyni mətn 9 fərqli QHT-dən daxil olub".
Buna niyə neqativ yanaşılır? Yəqin bütün QHT-lərimiz çalışır şəhid ailələrini Xankəndinə aparsınlar. Yadımdadır, bu işlər təzə başlayanda bir QHT “Şirvan şəhərində kasıb uşaqların sünnəti” layihəsi təqdim etmişdi. Pis idimi? Yox. Əksinə, həmin sünnətli uşaqlar minnətdarlıq hissi ilə böyüdülər, bəlkə indi Xankəndinə avtobus sürürlər.
Digər sitat: “Hərbi yönümlü bir QHT 49 650 manat dəyərində layihə təklifi ilə müraciət edib. "Dövlət babadır, biz də övladı" adlı bu layihənin mətni 8 fərqli QHT ilə eynidir, orfoqrafik səhvlər də eyni cümlələrdə edilib".
Gör nə qədər poetik yazıblar: Dövlət baba... Adam dərhal əlini cibinə salmaq, nəzir vermək istəyir. Bunlar isə mız qoyur. Nə olar təkrar görünəndə? 8 QHT istəyir, hamısına verin. Dövlət babanın övladları 8 yox, 8 milyondur! Ən azı. (Qalan 2 milyonu AXC-Müsavat-filan kimi ögey nəvələrə çıxdım).
Ümumiyyətlə, dilənçilikdə yenilik, novatorluq çox çətindir. Ümumi şablonlar var: “Sən o yanındakı qızın canı”, “Allah xəstələrinizə şəfa versin”, nə bilim, “Bacım evdə qan qusur” və sairə. Yeganə olaraq bir dəfə Şamaxinkada avtobusa minən unikal dilənçi görmüşdüm, qardaş bir cümlədə əsgərlikdə olanları, abituriyentləri, xəstələri, qəribləri, rayonda qalanları, Rasiyadakı arvad-uşağı, qaçqınları, iş axtaranları - uzun sözün qısası, dünyada nə ehtiyac varsa, hamısını əhatə eləmişdi. Nəticədə növbəti dayanacaqda bir topa pulla düşüb getdi, halal xoşu olsun.
Açığı, neçə vaxtdır onun ünvan və ya telefonunu axtarıram.






