ABŞ Dövlət Departamenti farsdilli “X” hesabında İran xalqını Yeni il münasibətilə təbrik edərək, 2026-cı ilin İran üçün “ümid, rifah, ədalət və hamı üçün insan ləyaqəti ilə dolu bir il” olacağına ümid etdiyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.
Bəyanatda ötən il ərzində İranda yaşanan böhranlara diqqət çəkilib. Xüsusilə rialın dəyərdən düşməsi, ərzaq qiymətlərinin artması, havanın çirklənməsi, su çatışmazlığı, elektrik enerjisi çatışmazlığı, eləcə də internetin məhdudlaşdırılması və senzuranın gücləndirilməsi vurğulanıb.
ABŞ Dövlət Departamenti qeyd edib ki, “İslam Respublikası rejiminin davam edən repressiyaları və zəif idarəçiliyi xalqın çəkdiyi əziyyətləri daha da artırıb” və bu vəziyyətin sona çatmasının vacibliyini vurğulayıb.
Bəyanatda, habelə, İran xalqının daha ədalətli, sabit və ləyaqətli gələcəyə layiq olduğu bildirilib.
Musavat.com






