İran və ABŞ arasında son günlər artan hərbi ritorika öz yerini strateji təhdidlərə verib. İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının katibi Cəlal Dehqani Firuzabadi, ABŞ ilə mümkün bir müharibənin bütün dünyanın enerji xəritəsini alt-üst edəcəyini bəyan edib.
Musavat.com-un "Iran International"a istinadən verdiyi xəbərə görə, rəsmi Tehran birbaşa olaraq Hörmüz boğazının qapadılacağı ilə hədələyib.
Firuzabadi Hörmüz boğazının qapadılmasının yalnız Qərb üçün deyil, həm də İranın ən yaxın müttəfiqləri üçün fəlakət olacağını gizlətməyib:
"Əgər regionda müharibə alovlanarsa, enerji təhlükəsizliyi dərhal yox olacaq və Hörmüz boğazı bağlanacaq. Bu vəziyyətdən ən böyük zərəri və ilk zərbəni isə Çin alacaq. Məhz bu amil Pekini müharibənin qarşısını almaq üçün bütün gücünü ortaya qoymağa məcbur edir".
Enerji bazarında "domino effekti"
Hörmüz boğazı dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən 20%-nin keçdiyi ən kritik nöqtədir. İran rəsmisinin bu açıqlaması, əslində Pekinə ünvanlanmış dolayısı bir mesaj kimi qiymətləndirilir: "Biz boğazı bağlasaq, iqtisadiyyatınız çökəcək, ona görə də ABŞ-ı dayandırın".
Ekspertlər qeyd edirlər ki, Hörmüz boğazının qapadılması neftin barrelinin qiymətini bir neçə gün ərzində 150-200 dollara qədər qaldıra bilər. Lakin bu addım İranın özü üçün də "iqtisadi intihar" sayılır, çünki ölkənin neft ixracatının 90%-dən çoxu məhz Çinə yönəlib. Tehran bu "nüvə kartı" qədər güclü olan hədə ilə Vaşinqtonu geri addım atmağa vadar etmək istəyir.
Musavat.com






