İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əgər dövlət öz xalqına təhlükəyə çevrilirsə...”  

709 14.01.2026 15:38 Siyasət A A

Ötən ilin sonlarından etibarən İranda baş qaldıran xalq üsyanı son iki gündə daha da qızışıb. Artıq dünyanın əsas diqqət mərkəzində olan hadisələr cənub qonşumuzda yaşanır. Xüsusilə, rejimin dinc əhaliyə qarşı silah işlətməsi, yüzlərlə insanı qətlə yetirməsi böyük əks-səda doğurub.

Bu və ya digər məsələlərlə bağlı “Magen David Azərbaycan” İnsan Hüquqları Müdafiə Mərkəzinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi David Seliverstov Musavat.com-a açıqlama verib.

Onun sözlərinə görə, tarix hər zaman göstərib ki, heç bir dövlət öz vətəndaşlarına qarşı zorakılığı idarəetmə vasitəsinə çevirdiyi halda, öz taleyini müstəqil və sağlam şəkildə müəyyən edə bilməyib:

“Bir ölkənin taleyi dinc insanların qanı üzərində qurula bilməz. Dövlətin gələcəyi güllə ilə deyil, mənəvi seçimlə, insan ləyaqətinə hörmətlə formalaşır. Hakimiyyət öz xalqına qarşı zorakılığa əl atdığı anda, artıq suveren iradənin daşıyıcısı olmaqdan çıxır və öz repressiv qərarlarının girovuna çevrilir. Bu mərhələdə ölkənin taleyi yalnız onun öz daxili işi olmur. Məsələ beynəlxalq vicdanın, tarixi məsuliyyətin və ümumbəşəri dəyərlərin müstəvisinə keçir”.

Magen David Azərbaycan” təşkilatının sədri David Seliverstov Tbilisidə  səfərdə olub

Müsahibimiz rəhbəri olduğu təşkilatın mövqeyini də açıqlayıb:

“Biz birmənalı və prinsipial mövqedən çıxış edirik: günahsız insanların öldürülməsi nə siyasi sabitlik, nə ideologiya, nə də “dövlət zərurəti” adı altında əsaslandırıla bilməz. Əksinə, dinc vətəndaşlara qarşı zorakılıq hakimiyyətin legitimliyini sarsıdır və dövlətçiliyin mənəvi əsaslarını dağıdır. Bu baxımdan biz İran İslam Respublikası hakimiyyətinin dinc etirazları zorakılıqla boğmasını, günahsız insanların öldürülməsini və vətəndaşlara qarşı tətbiq edilən istənilən növ fiziki və psixoloji təzyiqi qətiyyətlə və açıq şəkildə pisləyirik. Dinc insan dövlətin düşməni deyil. Vətəndaş hədəf deyil. Etiraz isə cinayət yox, cəmiyyətin öz sözünü demək hüququdur.

Əgər bir dövlət öz xalqının həyatını qoruya bilmirsə və özü təhlükə mənbəyinə çevrilirsə, o zaman taleyini təkbaşına müəyyən etmək üçün mənəvi haqqını itirir. Belə anlarda siyasət deyil, tarixin vicdanı danışmağa başlayır. Xalqların taleyi əmrlərlə həll olunmur. Onlar həyatla zorakılıq arasında edilən seçimlə müəyyən olunur.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR