Türkiyə Yunanıstanı Kerpe adasında “Patriot” zenit sistemləri yerləşdirdikdən sonra adanın silahsızlaşdırılmış statusunu pozmaqda ittiham edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Türkiyə hakimiyyət orqanlarının fikrincə, Kerpe beynəlxalq müqavilələrə əsasən hərbi qüvvələrdən və silahlardan azad qalmalı olan bir adadır. Ankara bu cür məhdudiyyətlərin 1923-cü il Lozanna müqaviləsində və 1947-ci ildə Parisdə sülh sazişində təsbit edildiyini vurğulayıb.
Türkiyənin mövqeyinə görə, “Patriot” batareyası adaya Kiprdəki Britaniya hava bazasına hücumdan sonra yerləşdirilib. Türkiyə Müdafiə Nazirliyi silahsızlaşdırılmış adalara silahların yerləşdirilməsinin onların hüquqi statusunu dəyişdirmədiyini bildirib.
“Adaların silahsızlaşdırılmış statusunun pozulması ciddidir, lakin orada hərbi qüvvələrin yerləşdirilməsi bu statusu hüquqi cəhətdən etibarsız etmir. Yunanıstanın heç bir real məqsədə xidmət etməyən və bölgəmizdəki böhranlardan sui-istifadə etməyə yönəlmiş cəhdlərini qəbul etmirik və bu istiqamətdə bütün lazımi tədbirləri görürük” - Türkiyə tərəfi bəyan edib.
Bu arada, Ankara bu yaxınlarda Şimali Kipr Türk Cümhuriyyətinin ərazisinə qırıcı təyyarələr yerləşdirib.
Musavat.com






