“Türk Hava Yolları” tezliklə İrəvandan Los-Ancelesə və əks istiqamətdə uçuşlar həyata keçirməyi planlaşdırır.
Bu barədə Ermənistan Turizm Komitəsinin sədri Lusine Gevorgyan bildirib.
Onun sözlərinə görə, may ayından etibarən AirBaltic şirkəti İrəvandan Riqaya və əks istiqamətdə əlverişli qiymətlərlə uçuşlar həyata keçirəcək. İyun ayından isə İrəvan-London-İrəvan birbaşa uçuşları həyata keçiriləcək.
Qeyd edək ki, ötən ilin sonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2026-cı ildən başlayaraq, Ermənistanla bağlı bəzi pozitiv addımlar atılacağını bildirmişdi. Bu, həmin vədin tutulması deməkdirmi? “Türk Hava Yolları”na Ermənistandan uçuşlar nə dərəcədə sərfəli və təhlükəsiz olacaq? Ermənistanın öz hava şirkəti niyə bu reysi həyata keçirmir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov məsələ ilə bağlı Musavat.com-a bunları deyib:
“Ermənistanın öz milli mülki aviaşirkəti olan Armenia Airwaysın ümumi qeydiyyatdan keçmiş təyyarə sayı çox azdır. Bu, ümumilikdə bir neçə hava gəmisindən artıq deyil. Ermənistanın özünün təyyarələri ilə uzaq uçuşların edilməsi gücündə olmadığından digər dövlətlərin aviadaşıyıcılarının xidmətlərindən istifadə edilməsi məntiqlidir. Bu baxımdan Türk Hava Yolları İrəvandan Los-Ancelesə birbaşa və ya tranzitli uçuşları həyata keçirə bilər. Əgər belə bir marşrut üzrə uçuşlar həyata keçirilərsə bu, həm siyasi, həm də kommersiya baxımından diqqətçəkən addım olar.
Biz bilirik ki, Los-Ancelesdə kifayət qədər böyük sayda erməni yaşayır. Belə bir təyyarə reysinin açılması ermənilərin Ermənistana gəlib-getməsini rahatlaşdırar və kommersiya baxımından uçuşlar rentabelli olar. Bu, həmçinin, Türk Hava Yollarına əlavə gəlir gətirəcək bir marşrut olacaq. Eynilə Air Baltic şirkətinin İrəvandan Riqaya və əks istiqamətdə uçuşlar həyata keçirməsi mümkündür. Bu, Ermənistanın xarici şirkətlərin xidmətindən istifadə etməklə İrəvandan beynəlxalq uçuşların genişləndirilməsi məqsədi daşıya bilər”.
Ərdoğanın 2026-cı ildən etibarən Ermənistanla münasibətlərdə müəyyən yumşalma siqnalları verdiyinə toxunan deputatın fikrincə, həmin açıqlamaya uyğun olaraq “THY” İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşların 11 mart 2026-da başlayacağı ilə bağlı elan verib:
“Bu, həm də iqtisadi əlaqələrin siyasi dialoqdan önə çıxarılması deməkdir. Türk Hava Yolları üçün İrəvanda nə qədər təhlükəsiz olacağı ilə bağlı məsələdə bir təhlükə görmürəm. Çünki “Peqasus” artıq İrəvana mütəmadi uçuşlar edir və burda təhlükəsiziklə bağlı hər hansı bir sual yaranmayıb.
Bu gün Azərbaycanla Ermənistan arasında da siyasi münasibətlər normallaşmaya doğru irəliləyir. Biz Ermənistana neft məhsullarımızı artıq ixrac etməyə başlamışıq. Yəni, Azərbaycan və Türkiyənin Ermənistanla iqtisadi əməkdaşlığının genişlənməsində bir problem görmürəm. Hətta əməkdaşlığımızın genişlənməsi Ermənistanın bizim ölkələrdən müəyyən qədər asılılığını yaradacaq. Bu da yekun sülh müqaviləsinin imzalanması üçün təminat yaratmış olacaq”.
Cavanşir ABBASLI,
Musavat.com






