İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin Meğri kabusu: dəmir yolu hüququmuz İrəvanı qorxuya salıb

875 22.01.2026 11:54 Siyasət A A

Meğri dəmir yolu ətrafında Ermənistan tərəfinin son açıqlamaları İrəvanın artan narahatlığını bir daha üzə çıxarıb.

Musavat.com xəbər verir ki, Ermənistan mediası və siyasi dairələri Azərbaycanın bu istiqamətdə hüquqi mövqeyinin gündəmə gəlməsini “suverenliyə təhdid” kimi qələmə verməyə çalışır və bununla da cəmiyyətdə qorxu və təşviş fonu formalaşdırır.

Erməni tərəfi iddia edir ki, guya Azərbaycanın Meğri dəmir yolu üzərində hər hansı “mülkiyyət hüququ” yoxdur və bu tezislər “heç bir hüquqi əsasa söykənmir”.

İrəvan bu yanaşmanı Ermənistanın ərazi bütövlüyünə yönəlmiş təhlükə kimi təqdim etsə də, proseslərin gedişi göstərir ki, məsələ hüquqdan daha çox siyasi və informasiya mübarizəsi müstəvisində aparılır.

İrəvan Zəngəzur razılaşmasına istinad edərək bildirir ki, respublika öz ərazisində yerləşən bütün infrastruktur üzərində tam qanunverici, tənzimləyici və məhkəmə suverenliyini saxlayır. Gömrük, sərhəd və təhlükəsizlik məsələlərinin yalnız Ermənistan yurisdiksiyası çərçivəsində həyata keçirilməsi tezisi də məhz bu narahatlığın fonunda qabardılır.

Mövzu ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyan də siyasi mövqe ortaya qoyub. O bildirib ki, zərurət yaranacağı halda Meğri istiqamətində müvafiq infrastrukturun bərpası Ermənistanın dövlət büdcəsi hesabına həyata keçirilə bilər. Bu açıqlama İrəvanın xarici tərəflərin, xüsusilə də Azərbaycanın hüquqi iddialarından açıq şəkildə ehtiyat etdiyini göstərir.

Azərbaycan tərəfinin mövqeyi isə konkret hüquqi əsaslara söykənir. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Meğri dəmir yolu ilə bağlı məsələni açıq və birmənalı şəkildə belə ifadə edib:

“Həm erməni, həm də Rusiya tərəfinə xatırlatmaq istəyirəm ki, Meğri üzərindən keçən həmin dəmir yolu Azərbaycan SSR-in və onun hüquqi varisi olan Azərbaycan Respublikasının mülkiyyətidir. Mülkiyyət hüquqlarımız Alma-Ata Bəyannaməsinə əlavə olunmuş sənədlərlə təsbit edilib”.

Bu açıqlama göstərir ki, söhbət yalnız siyasi ritorikadan deyil, beynəlxalq sənədlərlə təsdiqlənmiş mülkiyyət hüququndan gedir.

Məhz bu fakt Ermənistan mediasında və siyasi dairələrində Meğri mövzusunun “kabusa” çevrilməsinin əsas səbəblərindən biridir.

Mövzuya dair daha bir diqqətçəkən açıqlama Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən səsləndirilib.

O bildirib ki, “Tramp marşrutu”nun imzalanması yalnız ilk addımdır və qarşıda çoxqatlı, detallı danışıqlar prosesi dayanır.

Məmmədyarovun sözlərinə görə, Azərbaycan bu danışıqlarda həm Ermənistan hökuməti, həm də ABŞ tərəfi - operator şirkət və ABŞ hökuməti ilə tamhüquqlu iştirakçı olmalıdır.

Keçmiş nazir sovet dövründən qalma fundamental hüquqi məqama xüsusi diqqət çəkib:

“Dəmir yolunun Meğri hissəsi tarixən milli şəbəkə tərəfindən deyil, Azərbaycan Dəmir Yolları tərəfindən idarə olunub. Bu fakt Azərbaycanın həmin infrastruktur üçün xüsusi status iddiaları irəli sürməsinə əsas yaradır”.

Məmmədyarov xatırladıb ki, 1938-ci ildə Ermənistan dəmir yollarının nəzarətini Rusiyaya ötürüb və bu zaman Azərbaycanın yurisdiksiyasında olmuş Meğri hissəsinin həmin köçürməyə daxil edilib-edilməməsi ayrıca hüquqi aydınlaşdırma tələb edir. Onun fikrincə, Azərbaycan hökuməti və “Azərbaycan Dəmir Yolları” bu aktivin statusunu dəqiqləşdirmək üçün Rusiya tərəfi ilə məsləhətləşmələr aparmalıdır.

Keçmiş XİN rəhbəri həmçinin danışıqlar prosesinə Türkiyənin əsas regional və strateji müttəfiq kimi cəlb edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Naxçıvanla əlaqə ilə yanaşı, xəttin Türkiyənin İğdırı üzərindən mövcud şəbəkəyə - Qars-İğdır-Naxçıvan xəttinə inteqrasiyası da nəzərdə tutulur. Kağızman-İğdır hissəsinin tikintisi əvvəllər də müzakirə edilsə də, Naxçıvanın blokadası şəraitində iqtisadi məqsədəuyğunluq amili bu layihəni məhdudlaşdırıb.

Ən həssas məqamın təhlükəsizlik olduğunu deyən Məmmədyarov bildirib ki, xüsusilə sərnişin daşımaları zamanı risklər yüksəkdir:

“Rəsmi olaraq məsuliyyət Ermənistanın hüquq-mühafizə və sərhəd orqanlarına həvalə edilib. Lakin Azərbaycan ətraflı və real təhlükəsizlik zəmanətlərində israr etməlidir. Marşrut boyunca baş verə biləcək hadisələr ciddi dövlətlərarası böhranlara yol aça bilər”.

O əlavə edib ki, Ermənistan–İran sərhədini qoruyan Rusiya sərhədçilərinin yeni dəhlizdə rolu ayrıca aydınlaşdırılmalı və bu məsələ üçtərəfli məsləhətləşmələr mövzusu ola bilər. Keçmiş nazirin fikrincə, sanksiyalar və Avropaya ənənəvi marşrutların bağlanması fonunda bu dəhliz Rusiya üçün də alternativ və faydalı çıxış yolu yarada bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR