Erməni lobbisi İrəvanda səfərdə olmuş ABŞ-nin vitse-prezidenti Cey Di Vensin əleyhinə kampaniyaya başlayıb. ABŞ-də dərc olunan “Kaliforniya kuryeri” nəşri Vensin əleyhinə geniş məqalə dərc edib. Yazıda bildirilir ki, Vens və həyat yoldaşı qondarma soyqırım abidəsini ziyarət ediblər.
Musavat.com bildirir ki, vitse-prezident muzeyin qonaq kitabında yazıb: “Həlak olanların kədərli xatirəsinə, biz erməni xalqının dözümlülüyünü və sarsılmaz ruhunu ehtiramla yad edirik. Qoy Amerika və Ermənistan sülh və anlaşma gələcəyi üçün birlikdə səy göstərsinlər".
Nəşr Vensin bu paylaşımı silməsi və mesajı daha ümumi sözlərlə əvəz edilməsindən qəzəblənib. Erməni lobbisinin maliyyələşdirdiyi qəzet yazır ki, ABŞ prezident Co Baydenin dövründə qondarma soyqırımı tanındığını xatırladır və Vensin Amerika qanunlarına zidd addımda suçlayır.

“Vens həmçinin Ermənistanın daxili siyasətinə müdaxilə etməklə və iyun ayında keçiriləcək parlament seçkilərində Paşinyanı dəstəkləməklə səhvə yol verib. Özünə hörmət edən heç bir siyasi lider başqa ölkənin seçkilərinə bu qədər həyasızcasına müdaxilə etməz”.
Ermənilər həmçinin Vensdən inciyiblər ki, vitse-prezident Ermənistanı “ən qədim və ilk xristian dövləti” əvəzinə "dünyanın ən qədim xristian ölkələrindən biri" adlandırıb.
Nəşr erməniəsilli amerikalıları 2028-ci il ABŞ prezident seçkilərində Vensə səs verməkdən imtina etməyə də çağırır.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin Musavat.com-a bildirdiyinə görə, Kaliforniya ermənilərin ən çox məskunlaşdığı ştatdır və burada güclü diaspor var. Onun fikrincə, "Kaliforniya kuryeri" nəşrinin dərc etdiyi materialda da Kaliforniya ermənilərinin və lobbinin təsiri istisna deyil: "Vensin səfəri Ermənistanın inkişafı və Rusiya təsirinin azalması kontekstində əhəmiyyət kəsb edir. Bu səfərdə vitse-prezidentin qondarma abidə ilə bağlı paylaşımı silməsi, "ən qədim xristian ölkələrindən biri" adlandırması elementlərindən daha çox Birləşmiş Ştatların Ermənistana verdiyi dəstəyə baxmaq lazımdır. Artıq uydurma genosid nağılları ilə yaşamaq dövrü deyil. Əsas məsələ odur ki, Ermənistanda modul tipli atom elektrik stansiyaları tikmək istəyirlər. Digər vacib detal 11 milyon dollarlıq PUA-nın Ermənistana veriləcəyidir. Yəni Amerika nəşri bu faktlara vurğu etməliydi. Ona görə də digər "irad"lar daşnak düşüncəsinin məhsuludur. Bunu da Kaliforniyadakı erməni lobbisi büruzə verib".
Hüquqşünas həmçinin Vensin bir fikri ilə razılaşmır: "Ermənistan nə vaxtdan ən qədim xristian ölkələrindən biri oldu? Onun müstəqilliyi 1918-ci il, 27 mayda elan olunub. Buna qədər hansı erməni dövlətçiliyi olub? Ümumiyyətlə, onlara respublikanı bizim tarixi torpaqlarımızda Rusiya qurub. Yəni səhv məlumat verib. Hətta ermənilərin ən qədim xristian xalqı olması da nağıldır. Bundan başqa, saxta soyqırımı mifi ilə yaşamaqdansa, erməni diasporu və onların təsiri altında olan media resursları Paşinyanın təklif etdiyi "real Ermənistan" ideyasını dəstəkləməlidir".
Emil Salamoğlu
Musavat.com






