“Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin deyib ki, Moskva Zəngəzur dəhlizi (TRIPP marşrutu) təşəbbüsünün parametrləri və Rusiyanın mümkün iştirakı ilə bağlı İrəvanla məsləhətləşmələrə hazırdır. Rusiya Federasiyası TRIPP marşrutunda iştirak etmək üçün informasiya kampaniyasını və rəsmi təbliğatını Ermənistanla danışıqların önə çıxarılması kontekstində qurur. Kreml əslində bütün maddələr üzrə qüvvəsini itirmiş 10 Noyabr Bəyanatında təsbit edilən öhdəliklərin köhnəldiyini qəbul edir”.
Bu fikirləri Musavat.com-a siyasi analitik Aqşin Kərimov bildirib. Onun sözlərinə görə, Moskva bu öhdəliklərin ləğvi ilə özü üçün yaranmış geosiyasi, regional risklərin idarə olunması arasında balans qurmaq istəyir. Rusiya ABŞ ilə Ukraynadakı müharibənin taleyi ilə bağlı apardığı danışıqları Cənubi Qafqazda strateji tədbirlər həyata keçirmək üçün fürsət kimi dəyərləndirir. Yəni, Rusiya ABŞ ilə sövdələşmə münasibətlərini tənzimləyərkən Cənubi Qafqazdakı TRIPP marşrutundakı iştirakı prioritetləşdirir”.
Analitik əlavə edib ki, bu, Rusiyanın Cənubi Qafqazdakı geosiyasi rolunda öz müdaxilə vasitələrini yenidən formalaşdırdığını aydın şəkildə göstərir: “Ehtimal edilir ki, Rusiya TRIPP marşrutunun özünün geosiyasi zəncirlərindən kənarda fəaliyyət göstərməməsi üçün ABŞ ilə danışıqlara etibar edir. Bu məqamda Kreml Rusiya Birbaşa İnvestisiya Fondunun direktoru Kirill Dmitriyevin Vaşinqtonla biznes və iqtisadi sövdələşmələrdəki inandırmaq qabiliyyətinə arxalanır. Eləcə də, Rusiya Ermənistanla razılaşmalara ümid edərək prosesi İrəvanla aparmağı informasiya axınının önündə tutur. Bu, Azərbaycanla Rusiyanın Zəngəzur dəhlizi layihəsində razılaşdırılmamış məqamların aspektlərinə işarə verir. Rusiyanın fəallığındakı yeni təqdim edilən hekayələr “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənədin imzalanmasından sonraya təsadüf edir. Bu, fərqli bir məqamı dərəcələşdirir. Bu mərhələdə, Rusiya Azərbaycanla yaxınlaşmanı əsas məqsəd və yaranmış fürsət hesab edəcək. Çünki ABŞ ilə Azərbaycan regionda dərin geosiyasi dəyişikliklərə doğru bir-birinin prioritetlərini dəstəkləyir. Bu fonda Moskva üçün indi Azərbaycan-ABŞ-Rusiya danışıqlarının baş tutması vacibdir, Ermənistanla bağlı məsələ isə taktiki xarakterdədir.

Ermənistana gəlincə, Aqşin Kərimov qeyd edib ki, Azərbaycanın iradəsindən və şərtlərindən kənar Rusiya ilə razılaşmalara gedəcəksə, o zaman Bakının Vaşinqtonla əlaqələrindəki yeni nizamın təzyiqi ilə üzləşəcək: “Hazırda Ermənistandan Rusiyanın təklifinə diplomatik dildə verilən mənfi reaksiya prosesin Azərbaycanın nəzarətində olduğunu deməyə əsas yaradır. Ermənistan Avropa İttifaqı ilə münasibətlərdə izlədiyi yeni siyasət ABŞ ilə Avropa arasında Ukraynadakı münaqişə ilə yaranan fikir ayrılıqlarının dərinləşməsi fonunda baş verir. Bu fazada Azərbaycan ABŞ ilə danışıqlarda Rusiyanın da iştirakı üçün istiqamət aça bilər ki, Ermənistana cəzalandırma mexanizmlərini xatırlatsın. Bu, Avropa İttifaqı üçün siqnaldır və ümumilikdə dərin fazada proses Avropa İttifaqının Ermənistandakı missiyasının çıxarılmasına doğru gedə bilər...”
Afaq Mirayiq,
Musavat.com






