Ermənistanda "Gallup International" tərəfindən aparılmış sorğunun nəticələrinə görə, respondentlərin əksəriyyəti Erməni Apostol Kilsəsinin cəmiyyətdə etimad səviyyəsinə malik olduğunu və ictimai həmrəyliyin qorunması və bərpasında mühüm rol oynaya biləcəyini düşünür.
Musavat.com-un xəbərinə görə, sorğunun nəticələrini təqdim edən "Gallup International"ın Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan bildirib ki, iştirakçılara ictimai həmrəyliyin təmin olunması baxımından müxtəlif institutlara olan etimad səviyyəsi ilə bağlı sual ünvanlanıb.
Sorğu nəticələrinə əsasən, respondentlərin 55,8 faizi kilsəyə tam etibar etdiyini, 15,8 faizi isə daha çox etibar etdiyini qeyd edib. Təhsil sisteminə tam etibar edənlərin payı 27,4 faiz, daha çox etibar edənlərin payı isə 28,5 faiz təşkil edib. Dövlət hakimiyyətinə tam etibar edənlər 17,8 faiz, daha çox etibar edənlər isə 20,8 faiz olub. Siyasi mühitə tam etibar edənlərin payı 12,3 faiz, daha çox etibar edənlərin payı 20,8 faiz təşkil edib. Media institutuna gəldikdə isə, respondentlərin 8,2 faizi tam etibar etdiyini, 23,7 faizi isə daha çox etibar etdiyini bildirib.
Sorğunun növbəti mərhələsində iştirakçılardan ictimai həmrəyliyin bərpasında əsas rolun hansı struktur tərəfindən oynanmalı olduğu soruşulub. Cavablara görə, respondentlərin 28,4 faizi bu rolu kilsəyə, 20,7 faizi hökumətə, 23 faizi vətəndaş cəmiyyətinə aid edib. Müstəqil ictimai nüfuz sahiblərini əsas rol sahibi kimi görənlərin payı 5 faiz, beynəlxalq strukturları qeyd edənlərin payı isə 4 faiz olub. Bununla yanaşı, iştirakçıların 35,7 faizi ictimai həmrəyliyin bərpasında bütün bu institutların birlikdə fəaliyyət göstərməsinin zəruri olduğunu düşünür.
Musavat.com






