Ermənistanda dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsaitin həcmi açıqlanıb. Dövlət büdcəsindən ayrılan vəsait hesabına həm parlamentdə təmsil olunan, həm də seçkilərdə müəyyən səs həddini keçən partiyalara vəsait verilib. Hakim “Vətəndaş Müqaviləsi” partiyasına 268,3 milyon dram (təxminən 700 min dollar), müxalif “Ermənistan” blokuna isə 163,2 milyon dram (təxminən 430 min dollar) vəsait ayrılıb. Eyni zamanda parlamentə düşməsələr də, 3 faizlik baryeri keçən “Çiçəklənən Ermənistan” və “Respublika” partiyaları da dövlət maliyyələşməsi ilə təmin olunub.
Ümumilikdə, bu məqsədlə Ermənistanın dövlət büdcəsindən 1 il üçün 520,7 milyon dram (təxminən 1,3 milyon dollar) vəsait xərclənib.
Musavat.com xəbər verir ki, Siyasi partiyalar haqqında Qanuna görə, Azərbaycanda da parlamentdə təmsil olunan partiyalara və ölkə üzrə parlament seçkilərində 3 faizdən yuxarı səs toplayan partiyalara dövlət büdcəsindən müvafiq miqdarda vəsait ayrılır. 2025-ci ilin dövlət büdcəsində bu məqsəd üçün 6 milyon manat (3 milyon 529 min dollar) nəzərdə tutulmuşdu. 2026-cı ilin dövlət büdcəsində də eyni miqdarda vəsait ayrılması nəzərdə tutulub.
Siyasi partiyalar haqqında Qanuna görə, dövlət tərəfindən ayrılan vəsait aşağıdakı kimi bölünür:
- Vəsaitin 40%-i parlamentə düşən partiyalar arasında bərabər bölünür;
- Vəsaitin 50%-i deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir.
- Vəsaitin 5%-i təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisdə təmsil olunan yeni siyasi partiyalara ayrılır;
- Vəsaitin 2,5 faizi isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər, yerdə qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür.
Sonuncu parlament seçkilərində çoxluğu Yeni Azərbaycan Partiyası (68 yer) qazanıb. Parlamentdə təmsil olunan digər siyasi təşkilatlar isə VHP (3 yer), Respublikaçı Alternativ Partiyası (1 yer), Ədalət Hüquq Demokratiya Partiyası (1 yer), Demokratik İslahatlar Partiyası (1 yer), Böyük Quruluş Partiyası (1 yer), Ana Vətən Partiyası (1 yer), VBP (1 yer), Milli Cəbhə Partiyası (1 yer), Demokratik Maarifçilik Partiyasıdır (1 yer).
Sonuncu parlament seçkilərində iştirak edən, lakin parlament təmsilçiliyi qazanan 13 partiyadan yalnız birinə-Müsavata dövlət büdcəsindən ayda 3000 manat verilir. Digərlərinə dövlət tərəfindən ayrılan vəsaitin verilməməsinə həmin partiyaların illik maliyyə hesabatlarının boş təqdim edilməsi səbəb olub.
Etibar Seyidağa,
Musavat.com






