Daşınmaz əmlak bazarında yaxın dövr üçün qiymətlərin sabit qalması ilə yanaşı, müəyyən seqmentlər üzrə ucuzlaşma ehtimalı da müzakirə olunur. Əmlakçılar və sahə üzrə mütəxəssislər hesab edirlər ki, gələn ildən etibarən mənzil bazarında qiymət artımı dayanacaq və bəzi hallarda enmə müşahidə edilə bilər. Bu prosesin xüsusilə yüksək qiymətə təklif olunan mənzillərdə daha aydın hiss olunacağı bildirilir.
Məlumata görə, 2025-ci il ərzində həm köhnə, həm də yeni tikili binalarda mənzil qiymətləri sürətlə artıb. Lakin bazar iştirakçıları növbəti ildə bu tendensiyanın dəyişəcəyini və alıcı fəallığının azalacağını proqnozlaşdırırlar.
Hazırda ən ciddi dəyişikliklər beşmərtəbəli binalarda, eləcə də birotaqlı və sahəsi nisbətən kiçik olan mənzillər seqmentində özünü göstərir.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a deyib ki, 2026-cı ildə əmlak bazarında qiymətlərin azalması mümkündür, xüsusilə də bahalı və çox tələb görməyən mənzillərdə:
“2025-ci ildə həm köhnə, həm də yeni tikililərdə qiymətlər sürətlə artdığı üçün bazar artıq müəyyən qədər doyub. Alıcıların ödəmə həddi ilə satıcıların istəyi arasında fərqin böyüməsi qiymətlərin tənzimlənməsinə səbəb olacaq.
Beşmərtəbəli binalar, birotaqlı və kiçik sahəli mənzillərdə qiymətlərin endirilməsi daha aydın görünə bilər, çünki alıcıların tələbi məhduddur və bazarda rəqabət artıb. Əgər satışda tələsən satıcılar qiymətləri 100 min manata qədər endirirsə, bu tendensiya genişlənə və digər mənzillərə də təsir edə bilər”.
Ekspertə görə, 2026-cı ildə bazar ehtiyatlı artım və ya kiçik azalma ilə xarakterizə olunur:
“Qiymətlər bahalı mənzillərdə nisbətən sürətli enə bilər, orta və kiçik mənzillərdə isə qiymətlərin daha sabit qalması mümkündür. Real vəziyyət alıcıların ödəmə qabiliyyəti, yeni tikililərin sayı, faiz dərəcələri və iqtisadi durumdan asılı olacaq. Əgər iqtisadi sabitlik qorunarsa, bazar tədricən tənzimlənəcək, lakin əgər faizlər yüksələrsə və ya iqtisadi çətinliklər artarsa, qiymətlərin düşməsi daha aydın şəkildə müşahidə oluna bilər”.
Afaq Mirayiq,
Musavat.com






