Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Aİ xarici işlər naziri Kaja Kallas ABŞ-da Qrenlandiya üzrə xüsusi elçi təyin edilməsi fonunda Danimarkanın suverenliyini dəstəklədiklərini bəyan ediblər.
Musavat.com xəbər verir ki, onlar bu barədə X hesablarında paylaşım ediblər.
Fon der Lyayen yazıb: "Ərazi bütövlüyü və suverenliyi beynəlxalq hüququn fundamental prinsipləridir. Biz Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəyik."
"Biz Danimarka və Qrenlandiya ilə həmrəyliyimizi qoruyub saxlayırıq. Qrenlandiya Danimarkanın muxtar ərazisidir. Bu statusun dəyişdirilməsi ilə bağlı hər hansı qərarı yalnız Qrenlandiyalılar və Danimarkalılar verə bilər. Aİ beynəlxalq tərəfdaşlarından onların suverenliyinə və ərazi bütövlüyünə hörmət etmələrini gözləyir" – Bunu isə Kallas paylaşıb.
Dekabrın 21-də ABŞ prezidenti Donald Tramp Luiziana qubernatoru Ceff Lendrini ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçisi təyin edib. Təyinatından sonra o, X-də adanı ABŞ-a birləşdirməyə çalışacağını açıqlayıb. Bu, artıq Danimarkada diplomatik mübahisəyə səbəb olub və ABŞ səfirinin Xarici İşlər Nazirliyinə çağırılması ilə nəticələnib.
Musavat.com






