Fransanı sarsıdan qalmaqal birbaşa Yelisey sarayından üzə çıxıb.
Musavat.com xəbər verir ki, prezidentin rəsmi iqamətgahında çalışan metrdotel iki il ərzində dövlət qəbulları zamanı istifadə olunan təxminən 100 ədəd farfor qabı sistemli şəkildə oğurlayıb.
Məlum olub ki, mənimsənilən əşyaların bir hissəsi mədəni irs obyekti statusu daşıyır. Oğurlanmış farforlar Luvr muzeyində nəzarətçi işləyən kolleksiyaçıya ötürülüb və faktiki olaraq dövlət əmlakı şəxsi kolleksiyaya daşınıb.
Qalmaqal saray inventarında farfor qabların kütləvi şəkildə yoxa çıxması artıq gizlədilə bilmədiyi anda üzə çıxıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi axtarışlar zamanı oğurlanmış bütün əşyalar hər iki şəxsin üzərindən və ünvanlarından aşkar edilib.
Məhkəmənin qərarı ilə bütün oğurlanmış farfor məmulatları dövlətə qaytarılıb və hər iki şəxs məhkəmə nəzarətinə götürülüb.
Kolleksiyaçıya Luvr muzeyində işləmək qadağan edilib, metrdotel isə Yelisey sarayından dərhal işdən çıxarılıb.
Musavat.com






