İnsanlara hürriyət, millətlərə istiqlal!

FSB Solovyovu niyə qoruyur?

1189 13.01.2026 22:20 Siyasət A A

Kreml təbliğatçıları zəvzək teleaparıcının “kasyak”ını düzəltməklə məşğuldurlar

Vladimir Solovyov şübhə yoxdur ki, dövlətin can güvənliyini qoruma altına aldığı jurnalist kateqoriyasına aiddir. Rusiyada belə neçə jurnalist var, dəqiq demək çətindir, amma sayları çox da deyil.

Mənim xatırladığım qədər, Ukrayna müharibəsi başlayandan bəri Federal Təhlükəsizlik Xidməti (FSB) Solovyova ən azı iki sui-qəsd cəhdinin qarşısını aldığını barədə məlumat yayıb. Sui-qəsd iddialarından birini yaxşı xatırlayıram, çünki deyilənlər doğrudursa, Solovyovu öldürmək üçün maraqlı üsul seçilmişdi. Onu əvvəl pizza ilə zəhərləməyi müzakirə ediblər. Sonra onun maşınının sükanına zəhər sürtmək planı olub, amma sonda avtomobilini partlatmaq niyyətinə düşüblər. Yəni yalnız niyyətdən söhbət gedirdi. “Sifarişçi” kimi Ukrayna kəşfiyyatının adı çəkilirdi, sübut kimi də bir neçə səs yazısı vardı. Təqsirləndirilən şəxslərdən biri məhkəmədə səs yazısının saxta olduğunu, digər təqsirləndirilən isə teleaparıcının maşınını izlədiyini etiraf etmiş, lakin qətlini planlaşdırılmadığını demişdi. Məhkəmə həbs edilənlərə 20 ilədək həbs cəzası verdi.

Picture background

Hansı ölkədə yaşamasından və mövqeyindən asılı olmayaraq, jurnalisti öldürmək olmaz. Bu tip sui-qəsd məlumatlarına indilikdə ona görə inanmaq olar ki, Solovyov Ukrayna müharibəsi başlayandan bəri çox yalanlar danışıb, çox zəvzəklik edib. Solovyov bu müharibəyədək də Kremlin pisliklərinin “təmizləyicisi” rolunda idi, o səbəbdən hələ illər öncə özünə yaxşı güzəran düzəldib. Teleaparıcının əmlakları mövzusu dəfələrlə Rusiya və xaricdə jurnalist araşdırmalarının mövzusu olub, “vətənpərvərliyinin” altından bahalı daşınmaz əmlaklar üzə çıxıb. Həm də təkcə Moskva və Moskva ətrafında deyil, xaricdə də. Kreml təbliğatçısı “Maybach” da daxil olmaqla bir neçə bahalı avtomobilə sahib olduğunu da gizlətmirdi.

Picture background

Ukrayna müharibəsi, daha doğrusu, bu savaşın uzanması Solovyovun “əppəyinə yağ sürtdü”. Doğrudur, onun, məsələn, İtaliyadakı villasını yerli hökumət “çirkli pullarla” aldığına görə müsadirə etməyib, amma son məlumatlara görə, baxımsızlıqdan xaraba vəziyyətdədir. Solovyovun Rusiyadan kənara çıxmaq kimi lüksü yoxdur(amma “xalqın uşaqları” cəbhədə qurban gedərkən, onun oğlu deyəsən, Amerikadadır), Avropa və ABŞ tərəfindən ona sanksiyalar tətbiq edilib.

Qərbdə bütün ağıllı hökumətlər media və telekompaniyalarla, tirajlı aparıcılarla münasibətlər qurmaqda maraqlı olurlar. Burada xüsusi maraqların olması da istisna deyil. Amma Solovyov kimilər iqtidara bəzi hallarda heç bir gərək olmadan da “ayı xidməti” göstərirlər, hətta ölkəyə problemlər yaradırlar, dövlətlərarası münasibətləri zədələyirlər.

Solovyov Rusiya FSB-sinin qoruması altında olsa da, onun kəşfiyyatla, xüsusilə də ordu generaliteti ilə yaxınlığı bəllidir. Bu səbəbdən son aylar cəbhə zonasındakı “uğurlar” barədə bir neçə təbliğat xarakterli sənədli film çəkib. Onun gözlənilmədən hökumətin hansısa strukturunu (məsələn, Moskva merini) hədəf aldıqda müəyyən qrupların mənafeyindən çıxış etdiyi də məlumdur. Solovyovun vaxtilə tərifini göylərə qaldırdığı Sergey Şoyqunun müdafiə naziri olduğu son aylarda Rusiya ordusunu sərt tənqid etməsini də xatırlamaq olar. Yəni bütün bunları ona görə yada salmaqda fayda var ki, Solovyov sadəcə telejurnalist deyil, həm də hakimiyyət kulisində dolaşan siyasi dəllaldır.

Onun Ermənistan və konkret ad çəkmədən Mərkəzi Asiya ölkələrinə qarşı “xüsusi hərbi əməliyyat” çağırışı əlbəttə ki, ciddi deyil, heç bir siyasi və hərbi plana da söykənmir. Ən azı indilikdə — yəni Rusiya Ukrayna bataqlığında qaldığı bir vaxtda — Moskvanın belə iddialı hərbi planının olması real görünmür. Solovyovun problemi həm də psixolojidir: o, Rusiyanın hərbi gücünə dair illüziyalarla indiki reallıq arasında tez-tez özünü itirir. Dəfələrlə bu cür gerçəklikdən uzaq çağırışlarla özü haqqında qeyri-ciddi, populist rəy formalaşdırıb. Bir çox tanınmış ekspertlər məhz bu səbəbdən onun proqramında daha görünmək istəmir, Rusiya televiziyasında alternativ formatlara üstünlük verirlər.

Onun Ermənistana hədəsi Rusiya elitasının vecinə deyil, amma hiss olunur ki, Orta Asiya respublikaları haqda çağırışı hakimiyyətdə müəyyən narahatlıqlar yaradıb. Buna əsas səbəb Özbəkistanın Solovyovun dediklərinə reaksiya verməsidir. Kremlin digər təbliğatçıları indi Solovyovun bu “kasyak”ını düzəltməklə məşğuldurlar. Çünki Kreml son aylarda Orta Asiya respublikaları ilə siyasətini fəallaşdırıb və bu, xüsusilə Özbəkistan və Qazaxıstana aiddir. Amma Solovyov bu siyasətin içinə “gül qoyub”.

 

Nazim SABİROĞLU
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR