Azərbaycanda uşaqların bir-birinə qarşı ölümcül zorakılığa əl atması artıq təsadüfi hadisə deyil, təhlükəli bir tendensiyadır. 10-cu sinif şagirdinin müəllimə güllə atması isə son damla oldu. Bir-birinin ardınca baş verən dəhşətli insidentlər cəmiyyəti narahat edir və ciddi suallar doğurur: təhsil sistemi zorakılığın qarşısını almaq üçün yetərli müdaxilə mexanizmlərinə sahibdirmi?
Bu hadisələr təkcə konkret uşaqların problemləri deyil, cəmiyyətimizin və təhsil sistemimizin struktur boşluqlarını da üzə çıxarır.
Dosent İlham Əhmədova görə, müəllimə qarşı atılan güllə təkcə həmin müəllimə deyil, bütün Azərbaycan təhsilinə atılan güllədir:“Müəllimlərimiz uzun illər təhsilə və məktəbə aidiyyəti olmayan təsadüfi menecerlər tərəfindən topa tutulublar, nüfuzdan salınıblar. Belə şəraitdə müəllimlərə qarşı zorakılıq gözlənilən idi. Bu güllə atəşi gecikmiş nəticədir. Allah müəllimləri və təhsilimizi daha betər şagirdlərdən və naşı menecerlərdən qorusun. Bu müəllimə qarşı son hücum və atılan son güllə olsun”.
Ekspert Amira Adilova Musavat.com-a deyib ki, məktəblərdə baş verən zorakılıq təkcə uşaqların problemi deyil:“12 yaşlı uşaq 7 yaşlıya bıçaqla vurur, 10-cu sinif şagirdi müəllimini silahla yaralayır. Burada ailə institutunun zəifləməsi, məktəbin tərbiyəvi rolunun get-gedə arxa plana keçməsi açıq görünür. Məktəb psixoloqları formal olaraq mövcuddur, amma real müdaxilə mexanizmi işləmir. Ailələrdə tərbiyə boşluğu böyüyür, nəzarət zəifləyir. Məsuliyyət təkcə məktəbin üzərində qala bilməz. Dövlət bu məsələləri diqqətdə saxlamalı, uşaqlar qorunmalı və ailə ilə məktəb arasında qırılmış əlaqə bərpa olunmalıdır. Əks halda bu cür hadisələr istisna deyil, adi hala çevriləcək. Dünya təcrübəsi göstərir ki, erkən müdaxilə həyati əhəmiyyət daşıyır. Finlandiya və İsveçdə məktəblərdə uşaqların psixoloji vəziyyəti real nəzarətdə saxlanılır, valideynlərlə davamlı əlaqə qurulur və problem vaxtında həll olunur”.
Tarix müəllimi Orxan Kərimov da bizimlə söhbətdə bildirib ki, baş verən son hadisə illərlə görməzlikdən gələn problemlərin yığılması nəticəsində meydana çıxıb: “Uşaqlara məktəbdə özünü ‘ağa’ kimi aparmaq cəsarətini verən cəmiyyətin yaltaqlıq mədəniyyəti və bəzi məmur valideynlərin düşüncəsidir. Təhsil Nazirliyi müəllimlərin hüquqlarını qorumaqda aciz qalır. Regionlarda təhsil idarələri lazımi rolu oynaya bilmir. Valideynlər isə uşaqlarının tərbiyəsizliyi və cinayətlərinə görə məsuliyyətsiz qalır. Çox az valideyn şikayətə qulaq asır, əksəriyyəti isə ‘böyüyəndə düzələr’ deyib keçirlər. Nəticədə bu uşaqlar 18 yaşına çatana qədər həmyaşıdını, həm də müəllimi zərər verəcək qədər təhlükəli ola bilirlər”.
Orxan Kərimov Musavat.com-a açıqlamasında üç əsas problemi qeyd edib: “Uşaqlara ailə və cəmiyyət tərəfindən verilən yanlış cəsarət və imtiyaz; Təhsil idarələrinin və Nazirliyin müəllim hüquqlarını qorumaqda acizliyi; Valideynlərin uşaqların davranışına görə məsuliyyətsiz qalması”.
Afaq Mirayiq,
Musavat.com






