Türkiyənin Sivas şəhərindən 37 kilometr məsafədə yerləşən Akpınar kəndi artan oğurluq hadisələrinin qarşısını almaq üçün 7 gün 24 saat kameralarla izlənilir.
Musavat.com xəbər verir ki, Akpınara yerləşdirilən 14 təhlükəsizlik kamerası həm icra nümayəndəliyi tərəfindən, həm də kənddən kənarda yaşayan sakinlər tərəfindən izlənilə bilir.
Həmin sakinlərə xüsusi şifrə təqdim edilərək mobil telefonları vasitəsilə kəndi canlı izləmə imkanı yaradılıb.
Kənd icra nümayəndəliyinin binasında yaradılan müşahidə otağında kameraların görüntüləri anlıq olaraq izlənilir. Bu yolla kənddə baş verə biləcək şübhəli vəziyyətlərə dərhal müdaxilə etmək mümkün olur.

Akpınar kəndinin muxtarı Cabir Daşdemir yeni sistem sayəsində kənd sakinlərinin təhlükəsiz şəraitdə yaşadıqlarını deyib:
"Bildiyiniz kimi, son zamanlar oğurluq hadisələri çoxalıb. Akpınar şəhərə bağlı böyük bir kənddir. Kəndimizin 7 gün 24 saat izlənməsi üçün sakinlərimizin dəstəyi ilə 14 kamera sistemi quraşdırmışıq. Bu kameraların hamısını icra nümayəndəliyinin binasından izləyirik.
Kənd əhalisinin çoxu yaşlı olduğu üçün tez-tez çölə çıxa bilmirlər. Özlərini təhlükəsiz hiss etmələri üçün bu sistemi qurmuşuq. Sakinlərimiz həqiqətən də rahat və təhlükəsiz şəkildə yaşayır. Bəzi kəndlərdə oğurluq hadisələri olanda jandarmaya da kömək edirik. Adətən kəndlərdə yalnız tövlələrdə kamera olur, lakin bizim kənddəki kimi geniş müşahidə sistemi heç bir yerdə yoxdur. Bu tətbiqi ilk dəfə biz reallaşdırmışıq".
Musavat.com






