"Almaniya Hindistan üzərindən Avropanın yeni ticarət və təhlükəsizlik xəritəsini qurur".
Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Berlin–Dehli xətti güclənir. İndi Hindistanın Avropa İttifaqı ilə azad ticarət sazişi gündəmdədir:
"Almaniya kansleri Fridrix Merts Asiyaya ilk səfərinə Hindistandan başlayıb. Berlin Hindistanın Avropa İttifaqı ilə çoxdan gözlənilən ticarət müqaviləsinin imzalanmasında maraqlıdır. Merts Hindistanla Avropa İttifaqı arasında sərbəst ticarət müqaviləsinin sürətləndirilməsinə kömək edəcəyinə söz verib. Avropa İttifaqı ilə Hindistan arasında azad ticarət sazişinin yanvarın 27-də keçiriləcək sammitdə imzalanması planlaşdırılır. Yaxın günlərdə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyennin və Avropa Şurasının prezidenti Antonio Kostanın Dehliyə səfəri olacaq.
Kansler Fridrix Mers Hindistanın baş naziri Narendra Modi ilə görüşdə ötən il 51 milyard ABŞ dollarına çatan ikitərəfli ticarətin artırılmasına və müdafiə əməkdaşlığının gücləndirilməsinə yönəlmiş bir sıra müqavilələr imzalayıb. Almaniya Hindistana altı dizel-elektrik sualtı qayığının inşasında dəstək verəcək. Sualtı qayıq tikinti layihəsinin dəyəri 8,3 milyard dollardır".

Elxan Şahinoğlu vurğulayıb ki, iki ölkə arasında müvafiq saziş imzalanarsa, bu Hindistan tarixində ən böyük müdafiə müqavilələrindən biri olacaq:
"Almaniya Hindistanı strateji və kommersiya tərəfdaşı kimi qiymətləndirir. İki ölkə arasında texnologiyalar və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi buna sübutdur. Almaniya Hindistanın Avropa İttifaqı ticarətinin dörddə birini təşkil edir. Vaşinqtonun idxal-ixrac məsələsində Dehliyə irəli süryüdü sərt tələblər Hindistan hökumətini Avropa İttifaqı və bölgə ölkələri ilə ticarəti genişləndirməyi və şaxələndirməyi diktə edir. Bu siyasətin tərkib hissəsi olaraq Hindistan Yeni Zelandiya, Böyük Britaniya və Omanla sərbəst ticarət müqavilələri bağlayıb. Bu arada, Hindistanın neftayırma zavodları Rusiyadann eft alışını azaltmaq məcburiyyətində qalıblar.
Buna baxmayaraq, Hindistanın əsas hərbi təchizatçıları sırasında Fransa və ABŞ-la yanaşı Rusiya da yer alıb".
Xalidə Gəray
Musavat.com






