Məşhur türkiyəli müğənni İbrahim Tatlısəs Kanal D-də yayımlanan və Asiye Acarın təqdim etdiyi “Pazar Gezmesi” proqramında İzmirdəki evini nümayiş etdirib. Tatlısəs İstanbuldan köçməsinin səbəblərindən, İzmir həyatından və ailə daxilindəki fikir ayrılıqlarından danışıb.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, İstanbuldan ayrılma qərarını “Vəfasızlıq gördüm” sözləri ilə izah edən sənətçi, İzmirdə də tam rahat olmadığını qeyd edib.
4 milyon dollar dələduzluğa uğradığını deyən Tatlısəs, yaşadığı bu zərərdən sonra daha ehtiyatlı davrandığını vurğulayıb.
“Mərhəmətliyəm, amma vicdanım bəzi şeylərə imkan vermir” deyən müğənni, “Məndə pul bitməz, yalnız azalır” sözləri ilə qətiyyətli mövqeyini ortaya qoyub.
Tatlısəs ailə üzvlərinə qarşı narazılıqlarını da dilə gətirib:
“Qohumun qohuma etdiyini hətta əqrəb belə etməz”.
O, oğlu Ahmet Tatlının Manisadakı 5 mənzilini satdığını, lakin qardaşlarına pay vermədiyini iddia edib.
Qızı Dilan Çıtak haqqında isə Tatlısəs bunları söyləyib:
“Çətinə düşəndə “İbrahim Tatlısəsin qızıyam” deyir, amma çətinlik çəkməyəndə “Tanımıram” deyir”.
Qeyd edək ki, İzmirin Narlıdere rayonundakı lüks kompleksdə Tatlısəsin mənzilinin yerləşdiyi binada bu yaxınlarda böyük yanğın baş verib və 168 mənzildən 40-na ciddi ziyan dəyib. Yanğın zamanı İstanbulda olan Tatlısəs evinin tamamilə yeniləndiyini bildirərək, yanğında ən çox 15 bidon turşunun yanmasına üzülüdüyünü deyib. Turşulara olan marağından danışan sənətçi, mətbəxindəki turşular və sağlam qidalara da diqqət çəkib.
Musavat.com






