İnsanlara hürriyət, millətlərə istiqlal!

İmpiçment rekordçusunun yeni riski – Tramp Konqresi saymır, cavabı nə olacaq?

961 06.01.2026 16:04 Analitika A A

İndiyə qədər ABŞ tarixində 4 prezident 5 dəfə impiçment təhlükəsi ilə üzləşib. Bunlar Endryu Conson, Riçard Nikson, Bill Klinton və Donald Trampdır. Nikson impiçment edilməsini gözləmədən istefa verib canını qurtarıb.

İmpiçment edilmək üzrə rekord isə Donald Trampa məxsusdur. O, iki dəfə, 2019 və 2021-ci illərdə impiçment edilib, bu da onu bir dəfədən çox impiçment edilmiş yeganə prezident edir.

Hazırda qanunlarla, Konqreslə, media ilə problemi olduğu üçün, ola bilər ki, Tramp yaxın 3 ildə öz rekordunu yeniləyəcək.

Onu da deyək ki, ABŞ prezidentlərinə qarşı aparılan impiçment proseduru heç bir halda uğurla nəticələnməyib – yəni onlar cəza yox, bəraət alıblar. Bəlkə də Riçard Nikson istefa verməsəydi, o da bəraət alacaqdı.

17-ci prezident Endryu Conson (1808-1875) ilk impiçment edilən prezidentdir.

Bugünkü parametrlərlə götürsək, Consonu ABŞ-nin ən yaxşı 10 prezidentindən biri saymaq olar. Ancaq o, 150 ildir ki, “10 ən pis prezident”dən biri hesab edilir.

Kasıb ailədə yetimçiliklə böyümüş, gəncliyində dərzi olmuş, sonradan özünü yetişdirərək briqada generalı, senator, qubernator, vitse-prezident və prezident olmuş Conson demokrat olduğu halda respublikaçı Avraam Linkolnun rəhbərliyi altında vitse-prezident seçilib. Linkoln sui-qəsdə məruz qalandan sonra o, prezident postuna gəlib. Onu da öldürmək istəyiblər, amma qatil ona yaxınlaşmağa cürət etməyib.

Alyaskanı Rusiyadan qəpik-quruşa alan adam Endryu Consondur. İndi bu yarımadanın qiyməti trilyonlarla ölçülür, ancaq o nəhəng, bol sərvətli ərazini aldığına görə müasirləri Consonu kəskin tənqidə məruz qoyublar.

E.Conson populyarlığını o dərəcədə itirib ki, ABŞ Senatı onu impiçment üçün mühakimə edib.

Conson vətəndaş müharibəsində məğlub olmuş cənublularla yumşaq davranıb. Ancaq onun cənub ştatlarının birliyə qəbul şərtlərini, eləcə də azad edilmiş kölələrin vətəndaş hüquqlarına dair qanun layihəsini veto etməsi onunla qanunvericilər arasında münasibətləri kəskinləşdirib.

Prezidentin hərbi nazir Edvin Stentonu vəzifədən azad etməyə gücü çatmayıb, Senat mane olub. Stenton da tabe olmaqdan imtina edib. 1868-ci ildə Nümayəndələr Palatası prezidentin (11 maddə üzrə) təqib edilməsi və impiçment prosedurunun başlanması üçün səsvermə keçirib və bu cəhd səs çatışmazlığı üzündən uğursuz alınıb. Beləliklə Conson impiçment edilən ilk ABŞ prezidenti olub. Ancaq o, yenidən prezidentliyə namizəd olmayıb.

37-ci president Riçard Niksonun impiçment təhlükəsi ilə üzləşməsi “Uotergeyt qalmaqalı”na görə olub. Niksonu siyasi rəqiblərinin ofisini dinlətdirməkdə ittiham ediblər. Nikson bu qalmaqala, hay-küyə, siyasi intriqaların gərginliyinə dözməyərək istefa verib və ABŞ tarixində istefa verən ilk prezident olub.

ABŞ-nin 42-ci prezidenti Uilyam (Bill) Klintonun başına da impiçment hadisəsi gəlib. Onun Ağ Evdə təcrübə keçən Monika Levinski ilə intim münasibəti faş olandan sonra Klinton yayılan söz-söhbətlərlə bağlı Konqresdə ifadə verib. Az sonra onun yalan danışdığı məlum olub və prezident postunu tutuan adamın yalan danışması qəbuledilməz olduğuna görə respublikaçılar 1998-ci ilin dekabrında Klintona qarşı impiçment proseduruna başlayıblar. Ancaq bu proses uğursuz olub, qalmaqal Klintonun reytinqinə, hətta həyat yoldaşı ilə münasibətlərinə əhəmiyyətli dərəcədə təsir göstərməyib, sadəcə, ehtimal edilir ki, bu hadisə onun varisi Al Qorun 2000-ci il prezident seçkilərində məğlubiyyətinə səbəb olub və Demokrat partiyasının nüfuzuna müəyyən xələl gətirib.

Donald Tramp qarşı birinci impiçment proseduru 18 dekabr 2019-cu ildə başlanıb. ABŞ Konqresinin Nümayəndələr Palatası Donald Trampa qarşı impiçmentin iki maddəsini səsə qoyub: "Vəzifə səlahiyyətlərindən sui-istifadə" və "Konqresin işinə mane olmaq". Hər iki maddə təsdiq edilib. Beləliklə, onun impiçmenti barədə qərar qəbul olunub. 2020-ci ilin fevral ayının 5-də Senat məhkəməsinin başa çatmasından sonra Tramp hər iki maddə üzrə bəraət qazanıb.

13 yanvar 2021-ci ildə Nümayəndələr Palatası 2021-ci ilin yanvar ayında Kapitoli təpəsində baş verən hadisələrdən sonra Trampa qarşı ikinci impiçment cəhdi başladıb. Lakin bu cəhd də "təhlükəli presedent" yaradılmaması üçün nəticəsiz qalıb.

Hazırda D.Tramp hesab edir ki, ikinci prezidentliyi dövründə onun qarşısında heç bir baryer yoxdur, nə senatorlar, nə konqresmenlər, nə də ali hakimlər onun qarşısına qoyduğu məqsədlərə çatmasına mane ola bilməyəcəklər. İndi Tramp impiçmentdən qorxmur. Onun Venesuelaya hücum edərək prezident Maduronun qaçırılması əməliyyatını Konqreslə razılaşdırmaması da bunu göstərir.

Ancaq ABŞ-ni 250 ildən bəri ayaqda tutan, daim gücləndirən və dünya hegemonu edən heç də iddialı və ötkəm prezidentlər olmayıb, uzaq mənzilə doğru löhrəm addımla irəliləyən ABŞ demokratiyası, dəqiq saat mexanizmi ilə işləyən qanunvericilik orqanı olub.

Araz Altaylı. Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR